Nida.az
Prezident Azərbaycanın iqtisadi qüdrətindən danışdı
Azərbaycan iqtisadi sahəyə böyük diqqət göstərir, çünki güclü iqtisadiyyat olmasa, humanitar təşəbbüsləri irəli sürmək də o qədər asan olamayacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib: "Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim sosial siyasətimiz məqsədyönlü şəkildə aparılır".
Azərbaycan Prezidenti bildirib ki, son 10 il ərzində pensiyalar,
maaşlar dəfələrlə artıb, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı
düşüb: "Cəmi 10 il ərzində yoxsulluq 49 faizdən 5,3 faizə
düşmüşdür. Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq
üzrədir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq
Azərbaycanda tamamilə bir faktor kimi aradan götürüləcək.
İşsizliklə mübarizə də ilk növbədə humanitar xarakter daşıyır.
Çünki son illər ərzində 1 milyon 200 mindən çox iş yerləri
yaradılmışdır və işsizlik də kəskin şəkildə aşağı düşmüşdür, indi 5
faizdən azdır. Artıq Azərbaycana başqa ölkələrdən iş tapmaq üçün
miqrantlar gəlir".
Dövlət başçısının sözlərinə görə, bütün bunların təməlində
düşünülmüş siyasət dayanır: "Çünki iqtisadi inkişaf çox sürətli
idi. Son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından
dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bizim bütün iqtisadi
göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox
artmışdır. Xarici dövlət borcu çox aşağı səviyyədə - 8 faiz
səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox
artmışdır".
İlham Əliyevin sözlərinə görə, budcə gəlirlərinin düzgün
bölüşdürülməsi, sosial proqramların icrası, infrastruktur
layihələrinin həyata keçirilməsi ölkəmizin inkişafını təmin edib:
"Əlbəttə ki, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır - bu,
bizim böyük sərvətimizdir. Ancaq biz bilirik ki, bəzi ölkələrdə bu
böyük sərvət heç də uğur gətirmir, əksinə problemlər gətirir,
müharibələrə, cəmiyyətdə təbəqələşməyə yol açır. Azərbaycanda isə
biz bunun tam əksini görürük. Bizim təbii sərvətlərimiz hər bir
insanın həyatında öz müsbət təsirini göstərib - çəkilən yollar,
açılan xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər. Neft
gəlirlərindən düzgün istifadə edilməsində Azərbaycanda unikal
təcrübə toplanmışdır ki, necə biz qara qızılı insan kapitalına
çevirək. Artıq biz buna nail olmuşuq. Gələcəkdə bizim
iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf edəcək. Bu gün biz yeni
texnologiyalara investisiyalara qoyuruq. Bu gün Azərbaycan artıq
kosmik sənayeyə malik olan ölkədir, kosmik ölkələrin klubuna daxil
edilib. Biz innovasiyalara, yeni texnologiyalara, elmin inkişafına
çox böyük önəm veririk. Elmin İnkişafı Fondu yaradılmışdır.
İqtisadi inkişaf, sosial məsələlərin həlli, humanitar sahəyə
diqqət, deyə bilərəm ki, son illərdə Azərbaycanın uğurlu inkişafını
şərtləndirən əsas amillər olmuşdur. İqtisadi sahədə biz öz işimizlə
hesab edirəm ki, bölgədə gedən regional əməkdaşlığa da müsbət təsir
göstərir. Bir çox hallarda nəhəng regional layihələrin - enerji,
nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycan olmuşdur və əsas
iqtisadi riskləri də öz üzərinə götürmüşdür. Deyə bilərəm ki, bizim
bütün təşəbbüslərimiz - iqtisadiyyatla, enerji ilə, nəqliyyatla
bağlı layihələrimiz uğurla nəticələnir, bir dəfə də olsun
uğursuzluq olmamışdır və əminəm ki, olmayacaq".
Prezident qeyd edib ki, Azərbaycan hazırda iqtisadi, siyasi
cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var: "Bu
siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir və bu
sözləri əyani şəkildə təsdiqləmək üçün sadəcə olaraq demək
istəyirəm ki, Azərbaycan bir neçə il bundan əvvəl BMT Təhlükəsizlik
Şurasına üzv seçilmişdir. BMT Təhlükəsizlik Şurası dünyanın ən
mötəbər qurumudur və gənc müstəqil Azərbaycan 155 ölkənin dəstəyi
ilə bu mötəbər təşkilata üzv olmuşdur. Yəni, bu da bizim dünyadakı
rolumuzu, müstəqil xarici siyasətimizi əks etdirir. Çünki dünya
birliyinin böyük əksəriyyəti bizə inanır və öz səsini verməklə bizə
öz dəstəyini göstərmişdir".
Dövlət başçısı hesab edir ki, əgər hər bir ölkə müstəqil xarici
siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq
da azalar: "Hər bir ölkə o biri ölkəyə hörmətlə yanaşmalıdır. Hər
bir ölkə o biri ölkənin seçiminə də hörmətlə yanaşmalıdır.
Beynəlxalq müstəvidə həm dinlərarası dialoq, humanitar sahə - bütün
bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60-dan
ölkədən gələn qonaqlar müxtəlif ölkələri təmsil edirlər. Amma biz
bir yerdə yığışırıq, müzakirə edirik, çalışırıq ki, yol tapaq ki,
dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək.
Çünki bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm
müsəlman aləmində, həm Avropada radikalizm, ayrı-seçkilik, irqçilik
artır. Bu tendensiyaları biz görürük və bunu narahatlıqla
izləyirik".
Dövlət başçısı bildirib ki, bu günlər ərzində Bakıda bu tendenisiyaların qarşısını almaq üçün görüləcək işlərin müəyyənləşdirilməsinə çalışılacaq: "Əsas məsələ bundan ibarətdir. Çünki biz sivilizasiyalararası dialoqdan söhbət açırıq, amma eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamafobiyadır, antisemitizmdir. Biz bu təhlükəli tendensiyalara qarşı öz səsimizi ucaltmalıyıq".
İlham Əliyevin sözlərinə görə, əlbəttə ki, bunu ilk növbədə
dövlətlər etməlidirlər, amma eyni zamanda, dövlətlərin siyasətini
böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası
müəyyən edir, ictimai rəy müəyyən edir: "Heç bir dövlət və hökumət
başçısı ictimai rəyi nəzərə almaya bilməz, ona məhəl qoymaya
bilməz. Ona görə hesab edirəm ki, birgə səylərimizlə biz bu
məsələləri açmalıyıq, danışmalıyıq, narahatedici məsələlər
ətrafında öz fikirlərimizi bildirməliyik, lazım gəldikdə irad
tutmalıyıq. Biz tərəfdaş kimi, dost kimi bu məsələlərə öz fikrimizi
bildirməliyik".
Prezident qeyd edib ki, Azərbaycan çalışır ki, bölgədə regionla
əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da
yaxşılaşsın, dinlərarası dialoq güclənsin: "Bizim buna imkanımız
var. Çünki bizim keçmişimiz imkan verir ki, bu məsələlərə böyük
diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan
özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm bizim keçmişimizdə
müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamışdır, həm bu gün
biz, qeyd etdiyim kimi, Avropa Şurasının, İslam Əməkdaşlıq
Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz
istəyirik ki, daha da çox əməkdaşlıq olsun, daha da çox qarşılıqlı
anlaşma olsun. Öz rolumuzu bundan sonra da bunda görürük. Müsəlman
aləmində gedən xoşagəlməz proseslər bizi çox narahat edir, çünki
biz müsəlman aləminin bir parçasıyıq. Bu gün müharibələr, qanlı
toqquşmalar demək olar ki, ölkələri məhv edir. Bu, çox ciddi
prosesdir. Buna biz təcrid edilmiş proses kimi baxa bilmərik.
Müasir dünyada biz hamımız bir-birimizlə bağlıyıq. Eyni zamanda,
Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi,
“multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların verilməsi və
ayrı-seçkiliyə meyilli olan siyasi qüvvələrin daha da böyük səs
toplaması, əlbəttə ki, bizim hamımızı narahat etməlidir. Yenə də
deyirəm, bu Forumun keçirilməsi də bu məqsədi güdür".
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?