Tiflis və Moskva Ermənistanın “nəfəs borusu”nu müzakirə edəcəklər
Bizi izləyin

Dünya

Tiflis və Moskva Ermənistanın “nəfəs borusu”nu müzakirə edəcəklər

Rusiya və Gürcüstan arasında iqtisadi, sosial və humanitar məsələlərin iştirakı ilə danışıqların səkkizinci raundu oktyabrın 16-da Praqada keçiriləcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, nümayəndə heyətlərinə Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin başçılıq edəcək.

Z.Abaşidze qeyd edib ki, danışıqların səkkizinci raundunun gündəliyi artıq müəyyənləşdirilib: “Biz ticarət, iqtisadi, nəqliyyat kommunikasiyaları, humanitar və mədəni məsələləri müzakirə edəcəyik. Xatırladım ki, Rusiya və Gürcüstan arasında daha mürəkkəb məsələlər var. Mən bizim münaqişəli regionlarımız olan Abxaziya və Cənubi Osetiyanı nəzərdə tuturam. Bu məsələ Cenevrə beynəlxalq konsultasiyaları çərçivəsində müzakirə edilir”.

Gürcü rəsmisi vurğulayıb ki, görüşdə Gürcüstanın Avropa Birliyi ilə imzaladığı assosiativ sazişə zidd olan Rusiyanın iqtisadi maraqları müzakirə edilməyəcək.

Z.Abaşidze həmçinin bildirib ki, Q.Karasin ilə görüşdə Abxaziyadan keçən dəmir yolunun bərpası məsələsinə baxılmayacaq. Müntəzəm aviareyslərin bərpasına diqqət yetiriləcəyini deyən gürcü diplomat oktyabrın sonuna qədər bunun mümkün olduğunu qeyd edib.

Onun sözlərinə görə, danıpşıqlarda Yuxarı Lars sərhəd-keçid mənqətəsi ilə bağlı məsələlər də müzakirə olunanacaq: “Yuxarı Lars sərhəd-keçid məntəqəsindən xeyli sayda, xüsusən Ermənistan və Türkiyədən gələn avtomobillər keçir. Yuxarı Lars yalnız Gürcüstan və Rusiya arasındakı dövlət sərhədi deyil, həm də Rusiya və Ermənistan arasında xüsusi iqtisadi sərhəd, Rusiya və Türkiyə arasında quru sərhəddir”.

Qeyd edək ki, Yuxarı Lars Ermənistanı Rusiya ilə bağlayan yeganə sərhəd-keçid məntəqəsidir. Ermənistanı Rusiya ilə bağlayan Abxaziya dəmir yolu isə illərdir ki, bağlıdır. Yerevan dəmir yolunun fəaliyyətinin bərpa edilməsi üçün Tiflis və Moskva ilə danışıqlar aparsa da, Gürcüstan və Rusiya arasındakı gərgin münasibətlər buna mane olur.

Z.Abaşidze bir müddət əvvəl bildirmişdi ki, dəmir yolunun açılışı üçün ciddi şərtlərimiz var. “Əgər Rusiya tərəfdən ciddi təşəbbüs olarsa, onları diqqətlə dinləməyə hazırıq. Amma biz öz şərtlərimizi təklif edəcəyik”, – gürcü diplomat deyib.

Ermənistan və Rusiyanı birləşdirən Abxaziya dəmir yolunun yenidən fəaliyyətə başlaması iyun ayında Gürcüstanda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanın apardığı danışıqların da əsas mövzusu olmuşdu. Erməni prezident Abxaziyadan keçən Gürcüstan-Rusiya dəmir yolunun bərpasını arzuladığını bildirmişdi.

Amma S.Sarkisyan bu mövzuda hələ “ciddi danışıqlar”ın aparılmadığını deyib. “Hələlik bu mövzuda ciddi danışıqlar yoxdur. Amma biz bu yolun fəaliyyətə başlamasını istəyirik. Bu dəmir yolu xətti bizim üçün həyati əhəmiyyət daşıyır”, – S.Sarkisyan “Rustavi-2” telekanalına müsahibəsində qeyd edib.

Ermənistan prezidenti əlavə edib ki, dəmir yolunun açılışı yalnız Ermənistan və Rusiyadan deyil, həm də başqa tərəflərdən asılıdır: “Buna görə də biz bu məsələdə fəal işləyirik".

Daha əvvəl Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili bildirmişdi ki, Abxaziyadan keçən dəmir yolunun açılışı məsələsi hələ konkret müzakirə mərhələsində deyil. Amma o, məsələnin Gürcüstan və Rusiya rəsmiləri arasında gələcəkdə müzakirələrin predmeti ola biləcəyini bildirib. Bundan əvvəl isə “Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Vladimir Yakunin bildirmişdi ki, dəmir yolunun açılışı məsələsinə diqqət yetirməyin vaxtı çatıb.

Xatırladaq ki, Abxaziya və Gürcüstandan keçməklə Ermənistana qədər uzanan dəmir yolu 20 ildir ki, işləmir. Ötən ilin sentyabrında Kremldə Sərkisyan-Putin görüşü çərçivəsində dəmir yolunun açılması ilə bağlı da razılıq əldə edildiyi deyilirdi. Ötən ilin yanvarında isə işğalçı ölkə üçün strateji əhəmiyyətə malik sözügedən dəmiryolunun açılması təşəbbüsü ilə Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili Ermənistana səfəri zamanı çıxış etmişdi. Abxaziya təşəbbüsə soyuq yanaşmış, Rusiya isə gözləmə mövqeyi tutmuşdu.

Ermənistanın təcrid edilməsi siyasətini davam etdirən Azərbaycan isə buna qarşı çıxır. Çox güman ki, Ermənistan prezidenti “dəmir yolunun açılışı yalnız Ermənistan və Rusiyadan deyil, həm də başqa tərəflərdən asılıdır” deyəndə ilk növbədə Azərbaycanı nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm