“Seçkiyə yarım saat qalmış “Hər şey bitib, başqan Arif Hacılıdır” dedi” - Şok
Bizi izləyin

Nida.az

“Seçkiyə yarım saat qalmış “Hər şey bitib, başqan Arif Hacılıdır” dedi” - Şok

“Qurultaya yarım saat qalmış Arif Hacılının başqan seçiləcəyi məlum idi”.


Bu barədə Publika.az-a açıqlamasında başqanlığa keçmiş namizəd Səxavət Əlisoy deyib.


Arif Hacılının “Qara Tofiq"ə qarşı gözlənilməz addımı


Seçkidə saxtakarlığın baş verdiyini iddia edən keçmiş namizəd bildirib ki, hər şey Arif Hacılının rəhbərliyi altında fəaliyyət göstərən Təşkilat Departamenti tərəfindən təşkil olunub: “Bu departament nümayəndələri seçdi, Arif bəyi dəstəkləməyənləri qurultaydan uzaqlaşdırdı, bu istiqamətdə olan qərarları ləğv etdi. Misal üçün, Tovuz rayonunda başqanın müşaviri Tofiq Hüseynovun (“Qara Tofiq”- red) rəhbərliyi ilə konfrans keçirildi. Qurultaya nümayəndələr seçildi. Lakin Təşkilat Departamenti bu seçkini ləğv etdi, əsas gətirildi ki, başqanın müşaviri departamentin üzvlərindən yüksək statusa malikdir. Orda qurultaya təşkilat komitəsinin üzvləri iştirak etməyib. Bəs Naxçıvan Muxtar respublikasında qurultay nümayəndələrini seçərkən necə olmuşdu? Orda da komitənin üzvləri iştirak etmirdi, bu necə ola bilər? Hansı ki, “Qara Tofiq"i hər kəs tanıyır, onun rəhbərlik etdiyi konfransın nəticələrini necə ləğv edə bilərsiniz?”


“Qurultaya yarım saat qalmış mənə “Bəy, hər şey bitib, başqan Arif Hacılıdır” dedi”


S. Əlisoy qeyd edib ki, seçki günü Arif Hacılının dəstəyinə başçılıq edən Zöhrab Məhərrəmli birbaşa müdaxilə edirdi.

“Qurultayın balanmasına yarım saat qalmışdı. Zöhrab nümayəndələri yanına gələrək, “İsa bəy Arif Hacılını dəstəkləyir” deyə təbliğat aparırdı. Mən müdaxilə edərək irad tutdum ki, nə üçün belə edirsən. İsa Qəmbər mövqeyini açıqlamayıb, niyə onun adından istifadə edirsən. Gülə-gülə dedi ki, “Bəy, hər şey bitib, başqan onsuz da Arif Hacılıdır”. Bizim aramızda olan bu söhbəti o dana bilməz”, - deyə o bildirib.


“Arif Hacılının qrupu nəticələrin ləğv edilməsinə imkan verməyəcək”


Yaxın günlərdə öz qərarını açıqlayacağını deyən S. Əlisoy partiyadan istefa vermək fikrinin olmadığını bildirib: “Mən legitimliyi şübhə altında olan başqanın rəhbərliyi altında fəaliyyət məsələmi ortaya qoyuram. Bununla bağlı yaxın günlərdə qərarımı açıqlayacam”.

S. Əlisoy düşünür ki, seçkinin nəticələrinin ləğv edilməsinə imkan verməyəcəklər.


“Bu seçkiyə iki ildir hazırlaşan Arif Hacılının qrupu böyük ehtimalla imkan verməz ki, nəticələr ləğv edilsin və yeni başqan seçkiləri keçirilsin. Mən onları etirafa çağırmışdım, onu da etməkdən çəkinirlər, çünki bu onlar üçün çox çətin məsələdir. Hazırkı vəziyyətin özü də partiyada durumu daha da gərginləşdirəcək”, - deyə S. Əlisoy vurğulayıb.


“Arif Hacılı saxtakarlığı etiraf et və istefa ver”


Qeyd edək ki, S. Əlisoy iki gün öncə “facebook” vasitəsilə Arif Hacılını saxtakarlığı etiraf etməyə və istefa verməyə çağırmışdı.


“Arif Hacılı, saxtakarlığı etiraf et və Müsavatın parçalanmaması üçün istefa ver! Müsavat son 22 ildə ilk dəfə olaraq çox acınacaqlı duruma düşüb. Bunu görməmək, sadəcə, siyasi korluqdur. Bu qurultaydakı saxtakarlığın miqyası VII qurultayda baş vermiş saxtakarlıqla müqayisəyə gəlməz. 2006-cı ildə saxtakarlığı ört-basdır etmək mümkün oldu. Nədən ki, saxtakarlar başqanın səsləri hesablanan zaman yox, Məclis üzvlərinin səsləri sayılarkən yaxalanmışdı. O vaxt prosesin böyüməməsi üçün bir komissiya yaradıldı, narazılar da komissiyanın ədalətinə inanıb qarşıdurmaya getmədi. Ən acınacaqlısı odur ki, saxtakarlardan biri də Arif Hacılıya dəstək verən Zaqatala rayon müsavatçısı idi və o komissiyanın araşdırmalarının nəticələri bu günə kimi kimsəyə bəlli deyil. VIII qurultayda səslərin sayılmasına qədər baş verən anormallıqlara rəğmən, bu gün onlarla yox, yüzlərlə müsavatçı etiraz səsini qaldırır, sosial şəbəkələrdə, mətbuatda ikitirəlik günü-gündən şiddətlənir. Müsavatın reytinqinə, nüfuzuna çox ciddi zərbə dəyib, ən başlıcası, bu partiyaya inanan insanlar xəyal qırıqlığına uğrayıb. “Dar gündə tutaq əl-ələ qardaşlarımızla” deyən müsavatçılar bu gün biri-birinə həvəslə düşmənçilik etməkdədir və görünən odur ki, bu proses qalxan xətlə davam edəcək... Əslində, bu proses gözlənilən idi. İllərlə Müsavat funksionerləri arasında baş verən intriqaların qarşısını yalnız və yalnız İsa Qəmbər alırdı. Çünki tərəflər onun nüfuzu, reytinqi qarşısında susmaq məcburiyyətində idi. Bu qurultay yeni siyasi situasiya ortaya qoymalı idi və qoydu da. Klassik metodlarla fəaliyyət göstərən partiya mövcud siyasi duruma adekvat olaraq yenilənməyə cəhd etdi və təəssüflər ki, məlum dəstə min oyundan çıxıb buna imkan vermədi. Qurultay populizmdən bezmiş cəmiyyətə yeni bir söz deyə bilmədi. Əvəzində qurultayda baş verən saxtakarlıqlara rəğmən partiyanın nüfuzuna ağır zərbə vuruldu.

Saysız-hesabsız saxtakarlıq faktlarını tirajlayan çox sayda müsavatçı Arif Hacılını başqan kimi tanımadığını bəyan edir. Legitimliyi şübhə altında olan bir kəsin partiya başqanı kimi fəaliyyətinə davam etməsi Müsavatdakı gərginliyi daha da artıracaq.

Bu vəziyyətdən yeganə xilas yolunu Arif Hacılının istefasında görürəm. Onunla heç bir şəxsi qərəzçiliyim, ədavətim yoxdur, sadəcə, siyasi fikirlərimiz üst-üstə düşmür. Ortada Müsavatın taleyi dayanır, partiyanın monolitliyi naminə istefa qaçılmazdır, Arif Hacılı! Əminəm ki, müsavatçılar toparlanıb tam demokratik, şəffaf yolla özlərinə yeni başqan (keçmiş namizədlər istisna olmaqla) seçə bilər. Və bununla da partiya “saxtakarlıq” damğasından xilas olar”, - deyə o, istefa çağırışında qeyd etmişdi.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm