Heç kəs sənin qəşəng ayaqlarına tərif oxumayacaq
Bizi izləyin

Digər

Heç kəs sənin qəşəng ayaqlarına tərif oxumayacaq

Joze üçün

Sən, yəqin ki, tanımadığın qəhrəmana məktub yazmaq həyəcanını və sevincini çoxdan unutmusan. Yeniyetməlik yaşından...Yaxşı ki, unutmusan... Yoxsa, etiraf edim, səni bu qədər sevməyəcəkdim, ulduzların parıltısı çəkir məni, bilirəm, yaxınlaşanda gözü qamaşdırır bu parıltı, toxunanda barmaqları yandırır, uzaqdan qəşəng görünür bütün işıqlar və qaranlıqda...

Qaranlıq... Güclü kişilər bu barədə nə bilə bilərlər axı. Yox, yəqin, yanılıram, onlar daha çox bilirlər, onlar qorxmurlar. Əlbəttə, qaranlığa yumruq vurmaq olmur. Yəni, gücü fiziki qüvvə kimi vurğulamadım. Qüvvə - cazibədir, cazibə - ağıl. Ağıl, məntiq, proqnozlaşdırma və alternativ variantları sakit bir təmkinlə qarşılama. "Bu, son deyil" əminliyi. Təsəllisi yox, məhz əminliyi... Bu əminlik kor-koranə "Allahdan buyruq..." məsəli deyil. Əlbəttə, deyil. Bu, cəhddir. Son nəfəsə qədər. Son qələbəyə qədər. Ya da son məğlubiyyətə qədər...

Kim deyir ki, qadınlar yalnız qalibləri sevir? Və kim deyir ki, uduzmaq məğlubiyyətdir? Və kim deyir ki, bütün qadınlar eyni cürdürlər?.. Mən sənə bir neçə tipdən danışa bilərəm. Konkret nümunələrlə. Ya ümumi şəkildə. Amma sən qulaq asma... Kişilər qadınlar barədə danışmaz. Əldə edərlər. Əlbəttə, bütün kişilər yox. Onların da tipləri var. Amma bu barədə danışmayım. Kişilərə kişilərdən danışmazlar. Onları tanıdığımı söyləməyəcəyəm, ona görə yox ki, tanımıram. Sadəcə, qüruruna toxunmaq istəmirəm. Sən də icazə vermə... Nəyinə lazımdır axı mənasız təfərrüatlar, heç nəyi həll etməyən faktlar. İndi sən varsan. Bir də mən... Bir yerdə olmasaq da... Heç vaxt və heç yerdə...

Bilirsənmi, tanımadığın adama yazmaq yüngüllük gətirir, səmimiyyət problemin minimuma enir, hərçənd, mənim belə problemim nadir hallarda ortaya çıxır. Sən fərqlisən. Sən məşhursan, məşhurlar onlara biçilən rolu oynamağa məcburdurlar, inkar etmə. Amma elə belə yaxşıdır. Nə fərqi, necəsən, əsas bu deyil, əsas odur, necə görünürsən. Qadına baxma, kişi bir az oyunbaz olmalıdır həmişə. Yox, qarışdırma, arvadbaz demirəm. Oyun ayrı şeydi - maraq yaratmaq və onu ağıl hesabına, xarakter, iradə hesabına saxlamaqdır, bunun üçün sizin - kişilərin xarici görünüşlə xoşa gəlmək şanslarınız azdır, təbiət sizi belə yaradıb. Kosmetikasız, aksesuarlarsız (saatı-filanı çıxmaqla), çağırışçı geyimlərsiz... Bu daha gözəldir, inan mənə... Heç kəs sənin gözəl gözlərinə, mütənasib bədəninə, dik sinənə, qəşəng ayaqlarına tərif oxumayacaq. Sən - qazandıqlarınla, Tanrının verdiyi ilə deyil, özünün təkmilləşdirdiyinlə seviləcəksən. Kişiliyinlə...

Bu gün sənin təsəlliyə ehtiyacın var dedilər, mən səni bu qədər alçatmaram. Kişiyə təsəlli verməzlər. Kişi özü dayaqdır, söykənəcəkdir, təsəllidir, qürur obyektidir. Onun zəif olmağa, məğlubiyyətdən, ya qələbədən başını itirməyə haqqı yoxdur. Çünki çiyinləri həmişə, ən azı, bir qadını daşıyacaq qədər möhkəm olmalıdır. Ən pis halda, bir qadının sığına biləcəyi qədər geniş... Kişi sığınacaqdır, qadın uzağı, isinməyə örtük ola bilər onun üçün... Qadın təbəssümü mayakdır. Bu təbəssüm yaxşı görən gözləri heç vaxt aldatmaz.

Sən, yəqin ki, axmaq Freydin qadınların guya nə istədiklərini bilməmələri fikri ilə razı deyilsən. Belə düşünmək məğlubiyyətin, ya məsuliyyətsizliyin açarıdır. Məsuliyyətsizlik isə birbaşa məğlubiyyətə aparır. Ağıllı kişi məğlubiyyət arzulamaz, şans başqa şeydir - şans sənin tərəfində olmaya bilər, amma sən şans tərəfə getməlisən... Bu qaydadır, finişə geciksən belə...

Mən səni izləyirəm. Sənin qələbəni və məğlubiyyətini. Sonuncunu bir az ağrıyla... Amma sən qoymayacaqsan mən daha artıq ağrıyam, bilirəm. Çünki bu sənin xarakterində yoxdur. Sənin işığın buralaradək gəlib çatır. Uzaqda olsan belə... Mənim xeyir-duam səninlə olacaq. Adımı bilməsən də, özümü tanımasan da...

Pərəstiş tanışlığa tabe deyil. Tanışlıqlar pərəstişə aparmaya da bilər. Ulduzları uzaqdan sevmək məsləhətdi, əvvəldə demişdim axı...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm