“Zərif silahlılar”: Dünya ordularında qadınlar – FOTOLAR
Bizi izləyin

Dünya

“Zərif silahlılar”: Dünya ordularında qadınlar – FOTOLAR

Norveç Avropa ölkələri və NATO-nun üzvləri arasından qadınlar üçün ümumi hərbi mükəlləfiyyəti tətbiq edən ilk dövlət oldu.

Oktyabrın 14-də Norveç parlamenti qadınlar üçün məcburi hərbi mükəlləfiyyətin tətbiqi haqqında qanunu qəbul etdi. Qanun 1 yanvar 2015-ci il tarixində qüvvəyə minəcək və qadınların məcburi çağırışı 2016-cı ilin yayından başlayacaq.

Ölkədə bundan əvvəl də qızlar 18 il yaşından sonra hərbi xidmət keçə bilərdilər. Könüllü olan hərbi xidmətin müddəti isə 19 ay idi. 2014-cü ilə olan məlumata görə, Norveç ordusunda könüllü əsaslarla 8 min qadın xidmət edir. Bu isə, ordunun 12,5 faizidir.

Hazırda qadınlar üçün məcburi çağırış İsrail və Myanmada mövcuddur.

İsrail 1986-cı ildə hərbi mükəlləfiyyət haqqında qanuna dəyişikliklər edib və sağlamlıq vəziyyətinə görə yararlı olan, nikahda, eləcə də uşağı olmayan18 yaşdan yuxarı qadınlar hərbi xidmətə çağırılır. Çağırışdan həmçinin sonradan vətənə qayıdan yəhudi qadınlar da azad olunur. Ciddi dini qaydalara tərəfdar olan ortodoksal ailələrdə böyüyən qızlar hərbi xidmət və ya alternativ xidmətdən imtina etmək hüququna malikdirlər. Digər hallarda hərbi xidmətdən imtina həbs cəzası ilə cəzalalandırılır. İsrail qadınları üçün hərbi xidmətin müddəti 24 aydır. Hazırda qadınlar İsrail ordusunun şəxsi heyətinin 33 faizini təşkil edirlər. Bu dünya üzrə ən yüksək göstəricidir. Bir qayda olaraq, onlar döyüş vəziyyətində olmayan hərbi hissələrə çağırılırlar.

Myanmada qadınlar üçün hərbi mükəlləfiyyət 2011-ci ildə tətbiq edilib. Hərbi xidmət yaşı isə 18-dən 27-ə qədərdir.

Dünyanın bir çox ölkələrində isə qadınlar könüllü əsaslarla hərbi xidmət keçə bilərlər.

ABŞ-da qadınlar 1942-ci ildən hərbi xidmətə buraxılır. Hazırda qadınlar Amerika silahlı qüvvələrinin şəxsi heyətinin təxminən 20 faizini təşkil edir. Qadın hərbi qulluqçuların hüquqları tamamilə kişilərlə bərabərləşdirilib. Müqavilənin minimal müddəti iki ildir. Amma qadınlara qoşun növünü seçmə hüququ verilir. Hazırda Amerika qadınları xüsusi təyinatlı hissələrdən başqa ordunun bütün növlərinə cəlb edilib. Gələn ildən başlayaraq onlar cəbhə xəttində də ola bilərlər.

Kanada isə 2001-ci ildə qadınların hərbi xidmətini qadağan edən və 1895-ci ildə qəbul edilən qanunu ləğv edib.

Fransada qadınlar orduda 1939-cu ildən xidmət edir. Bu gün fransız ordusu Avropada ən “dişiləşdirilmiş” ordulardan sayılır. Ordunun şəxsi heyətinin 22 faizi qadınlardır. Onlar xarici legion, dəniz piyada qoşunu və sualtı gəmilərin ekipajlarından başqa bütün qoşun növlərində xidmət edirlər. Fransız qadınlara 1995-ci ildən təyyarələrin bütün növlərini idarə etməyə icazə verilib. 2014-cü ildən isə qadınlar döyüş əməliyyatlarında da iştirak edə bilərlər.

Almaniya Federativ Respublikasının bundesveri 1975-ci ildə qadınlara sanitar qoşunlarda xidmət etmək hüququ verib. 2001-ci ildən başlayaraq alman qadınlar döyüş bölmələrində xidmət keçmək hüququ alıb. Hazırda 19 min qadın (ordunun şəxsi heyətinin 10 faizi) müqavilə əsasında hərbi xidmət keçir və qadınlar ordunun bütün növlərinə buraxılır.

Böyük Britaniyada 1917-1919-cu illərdə silahlı qüvvələr tərkibində qadın kral hərbi hava gücləri, hərbi dəniz qüvvələrinin kral köməkçi korpusu və qadın avtomobil nəqliyyatı legionu formalaşdırılıb. 1990-cı ildə çoxillik qadağanın ləğv olunmasından sonra qadınlara Hərbi Dəniz Qüvvələrində xidmət etmək hüququ verilib. 2012-ci ilin may ayında ölkədə ilk dəfə qadın hərbi gəminin komandiri olub. 2013-cü ildən qadınlar sualtı gəmilərdə xidmət etməyə başlayıb. Hazırda orduda qadınların sayı hərbi qulluqçuların 10 faizini tşkil edir.

İsveçdə könüllü əsaslarla qadınların hərbi xidmətinə 1980-ci ildə icazə verilib. Bu gün qadınlar çağırışçıların ümumi sayının 10-15 faizini təşkil edir. Qadınlar 18-25 (23 ilə qədər Hərbi-Hava Qüvvələrində) yaş arasında hərbi xidmətə qəbul edilirlər. Qadın-hərbi qulluqçular ölkənin ərazisində, həmçinin xaricdə keçirilən bütün əməliyyatlara cəlb edilirlər.

İspaniyada qadınlar kişilərlə bərabər səviyyədə orduda xidmət edirlər və 1989-cu ildə tətbiq olunan bütün məhdudiyyətlər aradan qaldırılıb. Daha əvvəllər isə ispan qadınlar döyüş hissələrində xidmət edə bilmirdi. Hazırda ispan ordusunda qadınların payı bütün şəxsi heyətin 14 faizini təşkil edir.

İranda "Az-Zəhra” qadın batalyonları mövcuddur. Bu Daxili İşlər Nazirliyinin tərkibindəki “xüsusi təyinatlı dəstə” sayılır. Qadınlar 1980-ci illərin sonlarında Tehranın yaxınlığında altında ixtisaslaşdırılmış məktəbdə xüsusi hazırlıq keçirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm