Qondarma “DQR”-lə dostluq qrupunun yaradılması Avropa Parlamentini nüfuzdan salır
Bizi izləyin

Nida.az

Qondarma “DQR”-lə dostluq qrupunun yaradılması Avropa Parlamentini nüfuzdan salır

Avropa Azərbaycan Cəmiyyəti (AAC), bütün dünyada yaşayan azərbaycanlılar və demokratiyanın təmin edilməsinə və qanunun aliliyinə inamı olan bütün insanlar Avropa Parlamentində tanınmamış “Dağlıq Qarabağ Respublikası”na diqqəti cəlb etmək məqsədi güdən qeyri-rəsmi işçi qrupunun yaradılmasını birmənalı şəkildə qınayır.

Cəmiyyətdən Publika.az-a verilən məlumata görə, iddia edilir ki, həmin qrupun yaradılmasında məqsəd bu qeyri-qanuni rejimlə Avropa İttifaqı arasındakı əlaqələrin təbliğ edilməsidir.

Heç bir ölkə tərəfindən tanınmayan qondarma rejimin bu cür təsdiqlənməsi əsas məqsədi Avropa xalqlarının ortaq dəyərlərinin bir araya gətirilməsi və beynəlxalq hüququn qorunması olan Avropa Parlamentinin prinsiplərini pozur.

Azərbaycan ərazisinin təqribən 20 faizinin Ermənistan tərəfindən qeyri-qanuni işğalına qarşı BMT Təhlükəsizlik Şurasının bu günə qədər 4 qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) və İslam Əməkdaşlığı Təşkilatının (İƏT) bir sıra qətnamələri qəbul edilib. Bu sənədlər Avropa Birliyinin ali nümayəndəsi tərəfindən daha öncə verilən bəyanatlarda dəstəklənib.

Hesablamalara görə, işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı öz evlərindən didərgin düşüb və onlar hələ də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davamlı qurbanları olaraq qalırlar.

Bu qeyri-rəsmi qrupun yaradılması münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaqda Ermənistanın destruktiv rolunu yenə də nümayiş etdirir. Bu, həmçinin Azərbaycanın ATƏT-in himayəsi altında keçirilən və 20 il ərzində davam edən nəticəsiz danışıqlardan geri çəkilməsinə nail olmaq üçün bir təxribat rolunu oynayır.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter Avropa Parlamentinin prezidenti cənab Martin Şultsa və Avropa Parlamentindəki bütün qrupların sədrlərinə müraciət edərək öz dərin məyusluğunu ifadə edib.

L.Zetter müraciətində deyib: “Bu qeyri-rəsmi qrupun yaradılması beynəlxalq hüquqa uyğun deyil və Avropa Birliyinin vacib partnyoru, həmçinin BMT Təhlükəsizlik Şurasının üzvü, hazırda isə Avropa Şurası Nazirlər Komitəsinin sədri olan ölkənin milli suverenliyinə hörmətsizlik əlamətidir”.

AAC Avropa Parlamentinin bütün üzvlərini və onların təmsil etdiyi şəxs və qurumları məsələyə münasibət bildirməyə və bu cür işçi qrupun yaradılmasını mümkün qədər sərt şəkildə qınamağa çağırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm