Əfv sərəncamının icrası başa çatdı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Əfv sərəncamının icrası başa çatdı - FOTOLAR

Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrası başa çatıb. Publika.az-ın məlumatına görə, sərəncamın icrasında Ombudsman Aparatının, Əfv Komissiyasının, Ədliyyə Nazirliyinin, ictimaiyyətin nümayəndələri, hüquq müdafiəçiləri və KİV əməkdaşları iştirak edib.

Sərəncam 84 nəfər məhkuma şamil edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 80 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 2 və cərimə cəzasına məhkum edilmiş 1 nəfər isə cəzadan tam azad ediliblər. Əfv olunanlar sırasında “NİDA” Vətəndaş Hərəkatının 3 üzvü və 1 hüquq müdafiəçisi var.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəis müavini Rafiq Ramazanovun iştirakı ilə bu 4 cəzaçəkmə müəssisəsində 13 nəfər azadlığa buraxılıb.

“Müstəqillik günü ərəfəsində belə bir sərəncam imzalandığına görə ölkə prezidentinə təşəkkür edirik. Bu prezidentin humanizminin göstəricisidir. Azad olunan şəxslər də bundan sonra azadlıqlarının qədrini bilsin, bir daha belə müəssisələrə düşməsinlər. Bu sayca 57-ci əfv sərəncamıdır və bu vaxta qədər 5938 nəfər bu sərəncamlar nəticəsində azadlığa qovuşub”.

2 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər - Elməddin İbrahimov, Afiq Kazımov, Natiq Məmmədov, Əbülfəz Rzayev, Ağalar Hümbətov, Hüseyn Şirəliyev, Emil Namazov azadlığa buraxılıb. Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə həbs olunanlardır.

9 saylı cəzaçəkmə müəssisəsindən isə 2 nəfər – Çingiz Müzəffər oğlu Həsənov, Elvin Sabir oğlu Həsənov – azadlığa buraxılıb. Bu müəssisədə məhkum olan şəxslər əsasən əvvəllər hüquq mühafizə orqanlarında çalışanlardır.

17 saylı cəzaçəkmə müəssisəsində də iki nəfər - Adil Əhədov, Səbuhi Quliyev azadlığa buraxılıb.

Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən də 2 nəfər –Cəlal Naibov və Peyman Vəlizadə əfv sərəncamı ilə azadlığına buraxılıb.

Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin rəisi, polkovnik- leytenant Nizami Quliyev azadlığa buraxılanların bundan sonrakı bir-iki aylıq müalicə prosesinin nəzarətdə olacağını bildirib:

“Onların bundan sonrakı müalicəsinin davam etdirilməsi üçün sabah bizim əməkdaşlar həmin şəxslərin evlərində olacaq, qeydiyyat aparılacaq. Onların müalicəsini həyata keçirən həkimlərə əlavə 30-40 manat ödəniləcək, bundan başqa, müalicə prosesi tam başa çatandan sonra həmin həkimlərə 100 manat mükafat veriləcək”.

N.Quliyev onu da vurğulayıb ki, müəssisədə yaradılan xidmət nəticəsində vərəmdən ölən məhkumların sayı azalıb. Belə ki, 1996-cı ildə 466 nəfər ölüm qeydə alınmışdısa, ötən il bu rəqəm 4-ə enib. Bu da yaradılan xidmət və aparılan müalicənin göstəricisidir.

Azadlığa buraxılanlar və onların valideynləri, yaxınları ölkə rəhbərliyinə bu addımına görə təşəkkür ediblər.

Bıçaqlanmaya görə azadlıqdan məhrum edilmiş Afiq Kazımov əfvə düşəcəyini gözləmədiyini bildirib:

“Cəzamın 3 il 10 ayı qalmışdı, iki ilini çəkmişdim. Prezidentimizə təşəkkür edirəm, bizi əfv etdi. Bundan sonra da çalışacağam ki, bir də belə müəssisəyə düşməyim”.

6 il azadlıqdan məhrum edilmiş Elvin Həsənov bir daha belə səhvlər etməyəcəyinə söz verib. Elvin bu sərəncamın ona da aid ediləcəyinə inanırmış. O, cəzasının 3 il 3 ayını çəkib, 2 il 9 ayından azad edilib:

“Bundan sonra arzularım çoxdur, inşallah, onları reallaşdırmaq üçün çalışacağam. Burada başqa məhkumlar da var, Allah onların da yolunu açsın. İnanıram ki, ölkə prezidenti bundan sonra da məhkumları sevindirəcək”.

4 illik cəzasının iki ilindən azad edilən Adil Əhədov buna görə ölkə prezidentinə minnətdar olduğunu bildirib:

“Xuliqanlıq maddəsi ilə həbs edilmişdim, amma xuliqan deyiləm. Bundan sonra etdiyim səhvləri etməyəcəyəm. İnsanlara məsləhət görürəm, azadlığın qədrini bilsinlər, ondan dəyərli heç nə yoxdur”.

Qonşusunu bıçaqladığına görə həbs edilən Cəlal Naibov 3 illik cəzasının 1 il 6 ayını çəkib. Ailəli olan C.Naibov hadisənin qəsdən törətmədiyini bildirib. Bundan sonra isə həm dava-dalaşdan uzaq olacağını və ailəsi üçün çalışacağını deyib. Ona bu imkanı yaratdığına görə prezidentə təşəkkür edib.

Övladlarının, yaxınlarının azadlığa buraxılmasını səbirsizliklə gözləyənlər də, ən azı, əfv olunanlar qədər sevinirdi.

Elməddin İbrahimovun atası Təyyar İbrahimov ölkə rəhbərliyi və 2 saylı cəzaçəkmə müəssisəsinin bütün əməkdaşlarına təşəkkürünü bildirib:

“Oğlum aralarında yaranan münaqişə zamanı səhv addımı atıb, dostunu bıçaqlamışdı. İki il həbs müddətinin bir ili qalmışdı. Amma səhvini başa düşdü. Hörmətli prezidentimizə təşəkkür edirəm. Bu gün onlarla ailəyə xoşbəxtlik bəxş edib. Bu sərəncam bizim üçün gözlənilməz oldu. Bütün gənclərimizə də məsləhət görərdim ki, yanlış addımlar atıb, belə yerlərə düşməsinlər”.

Elvin Həsənovun anası Zöhrə xanım bu gün iki övladının əfv sərəncamı ilə azadlığa buraxıldığını bildirib:

“Bu, mənim üçün gözlənilməz qərar oldu. Bir gündə iki sevinc bəxş etdiyinə görə ölkə prezidentinə minnətdaram. Bu gün iki oğlum azadlığa qovuşur, burada özüm və övladlarım adından söz verirəm ki, bir də belə addım atmayacaqlar. Gənclərə müraciət edirəm ki, analarını ağlatmasınlar”.

Məlahət Hüseynova kürəkəni Cəlal Naibovu əfv etdiyinə görə ailələrində böyük sevinc yaşandığını bildirib:

“Həm bu müəssisədə çalışanlara, həm də prezidentimizə təşəkkür edirəm. Belə bayram günündə ailələri, anaları sevindirdiyinə görə, çox sağ olsun. Prezidentimizin bizə bu sevinci yaşadacağına inanırdıq”.

Qeyd edək ki, əfv sərəncamına əsasən 2 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər, ixtisaslaşmış müalicə müəssisəsi 2 nəfər, 4 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, 5 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 6 saylı cəzaçəkmə müəssisəsindən 9 nəfər, 7 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, 10 saylı cəzaçəkmə müəssisəsindən 10 nəfər, 11 saylı cəzaçəkmə müəssisəsindən 1, 13 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər, 14 saylı cəzaçəkmə müəssisəsindən 5 nəfər, 15 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 16 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 17 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, Qobustan həbsxanasından 1 nəfər, müalicə müəssisəsindən 1 nəfər, Şəki pentensiar xidmət müəssisəsindən 5 nəfər, Bakı istintaq təcridxanasından 5 nəfər, 3 saylı istintaq təcridxanasından 2 nəfər, 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər, 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 5 nəfər, 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 4 nəfər, 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər, 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər, 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər azad edilib.

Gülxar Şərif

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm