“Bir ürək sındırmışam” - Şövkət Ələkbərovanın doğum günüdür – VİDEO
Bizi izləyin

Tabloid.az

“Bir ürək sındırmışam” - Şövkət Ələkbərovanın doğum günüdür – VİDEO

“Dərələr”, “Ayrılıq”, “Bir könül sındırmışam”, “Axşam”, “Gəl, səhərim”… İllər keçsə də, bu gün də bu mahnılar dillər əzbəridir. Həzinliyi, zərifliyi ilə ruhumuza su çiləyir. Hər dəfə bu həzin musiqilərin ilk ifaçısını dinlədikcə dinləmək istəyirsən. Bu mahnıları bizə sevdirən, məxmər səsi ilə yaddaşımızda əbədi yaşayan sevilən sənətkar Şövkət Ələkbərovanın bu gün doğum günüdür.

Biz də onu öz musiqiləri ilə xatırladıq:

“Qəbahətim böyükdür, ay ellər, dünən axşam,

büllur kimi bir ürək, bir könül sındırmışam”...

Ramiz Mirişli və İslam Səfərlinin tandemindən yaranan bu həzin melodiyanı əvəzolunmaz ifası ilə ürəklərə yol tapan Şövkət Ələkbərovanın ifasında dinlədikcə adama elə gəlir ki, bütün küsülülər bu mahnını eşitdikdən sonra barışacaq. Bax səsin ovsunu, ifanın bənzərsizliyi buna deyərəm. Belə bir səs sahibini keçmiş zaman şəkilçisində xatırlamaq olarmı? Əlbəttə yox. Çünki o səs bu gün də yaşayır və bizləri feyziyab edir.

Elə doğum günüykən, gəlin böyük sənətkarın ömür yoluna da qısa nəzər salaq.

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub və Fatma Mehrəliyeva, Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır.

SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm