Həyatı olduğu kimi yaşamaq istəyən əlilin HEKAYƏTİ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Həyatı olduğu kimi yaşamaq istəyən əlilin HEKAYƏTİ - FOTOLAR

Əlil olmaq bir insanın qüsuru deyil. Əlil olmaq, arabada oturmaq dilənçi olmaq anlamına gəlmir. O, neçə illərdi bizə, sağlam ayağı üstə yeriyən insanlara bu həqiqəti anlatmağa çalışır. Onun da bizim kimi yaşamaq, sevmək, təhsil almaq hüququ var... Hüququ var, amma çox zaman həmin hüquqları kobudcasına tapdalayırıq. Əslində, onlar özlərini bizdən ayırmırlar, biz özümüzü onlardan ayırırıq. Bununla da, bəlkə də, biz onlara taleyin vurduğu zərbədən daha ağır zərbə vururuq... Bugünkü qəhrəmanım Fərid Balaşovdur. Onu siz də tanıyın. Bizim kimi normal insandır, sadəcə olaraq araba ilə gəzir. Fərqimiz budur, vəssalam...

8 yaşından ayaqları tutulub

1983-cü ildə Füzuli rayonunda anadan olmuşam. Mən də adi insanlar kimi sağlam doğulmuşam. Həyat elədir ki, heç kim başına nə gələcəyini bilmir. Mən də hamı kimi sevinə-sevinə məktəbə getmişəm. Cəmi 6 il. Sonra ayaqlarım tutulduğundan məktəbi buraxmalı oldum, sonra təhsilimi evdə davam etdirdim. Elə bu şəraitsizlik ucbatından ali məktəbə daxil olmaq fikrindən də daşındım. Bir yandan da xəstəlik imkan vermədi. Olurdu ki, aylarla dərslərə gedə bilmirdim. Mən uşaq vaxtı keçirdiyim xəstəlikdən sonra əzələ tonusunun düşməsi xəstəliyinə tutuldum. 8 yaşımdan ayaqlarım tutuldu. Elə o zamandan da həyat mənim üçün dəyişdi, başqa anlam aldı – həm ruhən, həm də cismən. Həyatın anlamını dərk etməyə başladım. İnsanlardan, ətraf mühitdən, hər şeydən fərqli münasibət görməyə başladım. Bununla belə, çalışdım ki, yıxılmayam, əzilməyəm, bu həyatı olduğu kimi yaşayım. Doğrudur, bir qədər çətin olsa da....

Əslində cəmiyyəti dəyişmək öz əlimizdədir. Birinci növbədə təhsil almalıyıq, distant deyil, məktəbdə təhsil almalıyıq. Ali məktəbdə oxumalıyıq. Biz də elmlənməliyik, maariflənməliyik ki, dövlətimizə hansısa fayda verək.

Əlil olduğu üçün metrodan istifadə edə bilmir

Cəmiyyətdə məni ən çox narahat edən təhsil problemidir. Digər bir problem isə əlil arabaları üçün pantusların olmamasıdır. Biz əlillər metrodan rahat istifadə edə bilmirik. Maneələr çoxdur, bir çox binalar tikilərkən bizi nəzərə almırlar ki, burada əlil insan da yaşaya bilər. Adicə bir insan evinə rahat şəkildə çıxa bilirsə, o insanın şansları da çox olur. Əgər sən evdən çıxmaq üçün möhtacsansa, nə edə bilərsən ki?! Bütün istəklərin həyata keçirilməmiş qalacaq. Bu problemin sadə həlli yollarını tapmaq lazımdır. Bəzən olur ki, məmurlar tərəfindən də təhqir olunuruq. Bir dəfə dostumla metroya minəndə dostum məni eskalatorla düşürmək istəyirdi. Bir polis əməkdaşı yaxınlaşaraq imkan vermədi. Mən yoxmuşam kimi dostumla danışırdı, sanki dostum qadağan olunmuş bir əşya ilə metroya minmək istəyirdi. Bəzən ətrafdakılar səni insan yerinə qoymayanda çox ağır olur. Mən də cəmiyyətin bir hissəsiyəm və ən böyük istəyim cəmiyyətin, bütün insanların bunu anlaması və qəbul etməsidir.

Bəzən insanlar mərhəmət hissi ilə acıma hissini qarışdırırlar. Bir çox hallarda heç dilənən insanlara pul verməyənlər gətirib əlil arabasında oturduğumuz üçün bizə verirlər. Əlil arabasında olan insanlara dilənçi nəzəri ilə baxmaq olmaz. Mən bu düşüncənin aradan qaldırılmasını istəyirəm.

Bəzən elə bilirlər ki, Azərbaycanda əlil yoxdur...

Bəzən xarici ölkələrdən Azərbaycana gələnlərdə elə təəssürat yaranır ki, Azərbaycanda əlil yoxdur. Amma onlar bilmirlər ki, şəraitsizlik ucbatından onlar evdən çölə çıxa bilmirlər. Əslində ölkəmizdə 510000 əlil var. Onun təxminən 20 min nəfəri arabada oturur. Çoxu şəraitsizlikdən, araba ilə gəzməyin çətin olmasından evdən bayıra çıxa bilmir, bəziləri düşünür ki, çölə çıxsam, əsəblərim pozulacaq. Amma yenə də bunu dəyişməyin yolu maariflənmədir. Əgər əlillərin təhsil almaq imkanları olsa, onlar gedib işləyib özləri pul qazana, dolana bilərlər.

Əslində insanların yad münasibəti, biganəliyi, məni normal insan kimi qəbul etməmələri mənə pis təsir edir. Əvvəl belə hallarla rastlaşanda daha çox üzülürdüm. İndi o qədər də sarsılmıram artıq. Hər şeyə öyrəşmişəm. Həmişə Allahdan güc alıram. Mənə ən böyük dəstək Allahdır. Təbii ki, ondan sonra ailəm. 12 yaşından namaz qılıram, Allaha inanıram, ona güvənirəm. Həmişə o ümidlə yaşayıram ki, hər şey yaxşı olacaq. Mənim üçün uğurlu və ya uğursuz insan yoxdur. İnsan öz beynində uğurunu düşünürsə, o elə uğurlu insandır.

P.S Söhbəti bitirib ayrılanda dedi ki, səhəri günü Həcc ziyarətinə gedəcək. Ona hazırlıq görürdü. Gözlərindən sevincini də hiss etdim. İndi artıq Həcc ziyarətindən qayıtmış olar. 23 ildir ayaqları yer tutmasa da, bir müsəlmanın ən müqəddəs səfərini etmiş oldu. Allah qəbul eləsin!

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm