Uşaqlar üçün sığınacaq mərkəzindən REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Uşaqlar üçün sığınacaq mərkəzindən REPORTAJ - FOTOLAR

Leyla 13 yaşında sevdiyi oğlanla qaçıb Bakıya gələndə, bəlkə də, sonunun belə olacağını düşünməmişdi. O, ailənin, sevginin nə olduğunu tam anlamadan 4 uşaq dünyaya gətirir. Uşaqların sayı artdıqca ailədə problemlər də artırdı. Leylanın fikrincə, kişi qadını sevirsə mütləq qısqanmalıdır. Buna görə də ərini qısqandırmaq üçün müxtəlif nağıllar uydururdu. Yoldakı, qonşudakı kişilərin ona pis baxması, söz atması ilə bağlı dedikləri ərini tez-tez dava-dalaşa salırdı. 14 illik ailə həyatında əri də artıq onun xasiyyətini öyrənmişdi, sözlərinə inanmırdı. Bu da Leylanı qəzəbləndirirdi. Leylanın əsəbləri o qədər pozulmuşdu ki, üzərində daim bıçaq gəzdirirdi. Bir gün əri ilə yenidən dalaşarkən özünü ələ ala bilmir və ərini bıçaqlayır.

İndi Leyla həbsdə, əri xəstəxanada, uşaqlar isə Azərbaycan Uşaqlar Birliyinin sığınacağındadır. Uşaqlardan böyüyünün 13 yaşı var, kiçiyi isə 11 aylıqdır. Onların bundan sonrakı taleyi sual altındadır.

Bu sığınacaqdakı hər uşağın taleyi bir-birindən kədərli və qarışıqdır. Kimi valideynlərinə görə, kimi də valideynsizlikdən bu sığınacaqda yaşayır.

Publika.az-ın “Qırmızı xətt” layihəsində bu dəfə uşaqların sığınacağa düşmə səbəbləri, sığınacağın problemləri Azərbaycan Uşaq Birliyinin sığınacağı timsalında araşdıracağıq.

Azərbaycan Uşaq Birliyinin sığınacağında 27 nəfər yerləşdirilib. Onların 3-ü 18-65 yaş arasındadır. Qalanları 11 aydan, 18 yaşa qədər uşaqlardır. Uşaq sığınacağında böyüklərin qalmasına səbəb onların aiddiyyəti mərkəzlərdə yerləşdirilməsindəki maneələrdir.

Son 4 il ərzində sığınacağa qəbul edilən uşaqların sayı mini keçib. Onların bir qismi qısa, bəziləri uzun müddət burada qalıb. Sığınacağa uşaqlar Daxili iİşlər, Səhiyyə, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vasitəçiliyi ilə yerləşdirilib. Sığınacağın 7 nəfərlik autriç komandası küçədəki uşaqlarla işləyir və onları mərkəzə gətirir. Onların ailələri, qohumları araşdırılır.

10 çarpayılıq Mərkəzdə 27 nəfər qalır

Uşaqlara xoşbəxt ailə mühiti yaratmağa çalışsalar da, sığınacağın maddi problemləri istəklərinin həyata keçirilməsini çətinləşdirir.

Sığınacağın əsas problemi yerlə bağlıdır. Belə ki, 10 çarpayılıq yer olsa da, burada 27 nəfər qalır. Bu da rahat yerləşməni çətinləşdirir. Balaca uşaqların ikisini bir çarpayıda yatmaq məcburiyyətində qalıb. Standarta əsasən hər uşağın ayrıca çarpayısı olmalıdır, bunu sığınacaq əməkdaşları da gözəl bilir. Düzdür, heç bir qohumluq əlaqəsi olmayan, yad uşaqla bir çarpayını bölüşmək sığınacaq sakinlərini narahat etmir, əksinə çox xoşbəxt görünürlər. Bəlkə də, heç vaxt ailələrinin yanında bu qədər xoşbəxt olmayıblar.

Sığınacaq heç bir sosial sifariş almır, ofisin kirayəsinin ödənilməsi belə ciddi problemdir. Sığınacağa əsas dəstəyi sosial şəbəkədəki dostlar, könüllülər verir. Çarpayılar, kompüter və soyuducu ABŞ-ın Azərbaycandakı səfirliyinin yardımı ilə alınıb.

Uşaqlar danışmaqdan qorxur

Otaqları gəzir, uşaqlarla münasibət qurmağa çalışırıq. Əvvəlcə, azyaşlıların otağındayıq. Yuxudan oyanmış uşaqların kimi anası, kimi də atası üçün darıxıb ağlayır, kimi ağlamağının səbəbini belə bilmir. Danışa bilməmələri, yaşlarının az olması onların yaşadıqlarından xəbərsiz olmaları demək deyil. Gözləri yaşadıqlarının nə qədər ağır olduğunu bir ayna kimi göstərir. Danışa bilənlər isə yaşadıqlarını dilə gətirməkdən qorxurlar.

Söhbət zamanı da yaşadıqlarının psixologiyalarında dərin izlər qoyduğunu etiraf etdilər. Keçmişə qayıtmaq, yenidən həmin günləri yaşamamaq üçün danışmaq istəmirlər. Başlarına gələnlər onları kiçik yaşda qocaldıb, dünyanın problemlərini, cəmiyyətdəki vəziyyəti, harada necə danışmalı olduqlarını yaxşı bilirlər. Özlərini tənha hiss edirlər, amma problemlərdən uzaq gələcəyə inamları böyükdür. Təcrüməçi, müəllim, polis olmaq istəyirlər. Gələcəkdə heç bir uşağın çətinlik çəkməməsi üçün əllərindən gələni edəcəklərini deyirlər.

Sığınacaqda böyüklər və uşaqlara baxanlar da ayrıdır. Uşaqlara ana kimi qayğı göstərir və hörmət edirlər. Sığınacaq işçilərinin uşaqları doğma övladları qədər sevdiyini görməmək mümkün deyil. Onlar hər bir uşağın hərəkətlərinə nəzarət edir, hər kəslə xasiyyətinə uyğun davranırlar.

Uşaqlar çətinliyə düşəndə bizə zəng edir

Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, autriç işçilərinin küçə uşaqlarının həyatının xilas edilməsində rolu böyükdür.

“Elə bir region yoxdur ki, icra hakimiyyəti və polislərlə əlaqə qurmayaq. 511 34 09 “qaynar xətti”miz var ki, bütün autriç işçilərimiz küçə uşaqlarına bu nömrələri verib. Onlar hər hansı hadisə törədəndə, reydlər zamanı post-patrul xidməti tərəfindən ərazi polis şöbələrinə aparılanda bizimlə əlaqə saxlayırlar, uşaqların ora düşmə səbəblərini araşdırırıq. Həmin uşaqlarla iş aparıb, ailələrinə təhvil veririk. Autriç işçiləri küçədəki uşaqların bir növ xilaskarı kimi qəbul edilsə də, onların sayı çox deyil. Mərkəzin 7 belə əməkdaşı var. Sığınacağın ofisində isə 4 nəfər əməkdaş çalışır”.

Birlik sədri deyir ki, tibb işçisi isə ötən aydan layihədən kənarlaşdırılıb. Baxmayaraq ki, tibbi xidmət bu mərkəzdə son dərəcə vacibdir. Mərkəzə gələn uşaqlar ilk növbədə müayinə edilir, yolxucu xəstəliyi olmayanların müalicəsi isə mərkəzdə davam etdirilir. Lakin tibb işçisinin olmaması bu prosesə mane olacaq.

Bura gələn uşaqlar yenidən küçəyə qayıdırmı?

Sığınacaqda yaşayıb sonra buranı tərk edənlərin sayı az deyil. Onlar əsasən, ailələrinə verilir. K.Ağazadə deyir ki, sığınacaqda bir müddət yaşayıb ailəsinə verilənlər arasında sonradan küçə həyatı yaşayanlar olub, amma onların sayı azdır:

“Evinə gedib, sonra bura qayıdaraq evdə qalmaq istəmirəm deyənlərin sayı daha çoxdur. Çünki onlar buradan qayıdandan sonra ailələr onları yenidən diləndirir, istismar edir, nəticədə uşaqlar yenidən travma almış olur. Psixoloqlarımız hər dəfə yenidən onlarla işləməli olurlar”.

Müsahibimin sözlərinə görə, küçədəki uşaqların sayının artması məhz valideynlərin cəzalandırılmaması ilə əlaqədardır:

“Həmin valideynlərdən biri cəzalandırılsa, əminəm ki, bu digərləri üçün dərs olacaq. Təəssüf ki, qanunlarımız bu məsələlərdə valideynlərə qarşı humanist yanaşır. Biz dəfələrlə bəyan etmişik ki, həmin anaların valideynlik hüququndan məhrum edilməsinə ehtiyac var”.

Uşaqlar döyülmək istəyir?

Ev, ailə mühitində 4-5 uşağa baxmaq, tərbiyə etmək çətinlik törədir. Bəs burada hər biri fərqli ailələrdən gəlmiş uşaqlara baxmaq necə, çətin deyil?

Müsahibimiz deyir ki, uşaqlara ailə münasibəti yaratmağa çalışsalar da uşaqlarla ciddi rejim tətbiq edilir. Əks halda onlara nəzarət etmək mümkün olmaz. Xüsusən də, böyük qızlarla münasibətin müəyyən qədər sərt olmasına diqqət edilir.

Lakin onlara qarşı təzyiqə, təhqirə və döyməyə icazə verilmir. K.Ağazadə uşaqların döyməklə bağlı yanlış düşüncələrinin olduğunu deyir:

“Onlar elə hesab edir ki, valideyn həm döyməli, həm də sevməlidir. Biz onları döymədiyimizə görə sevmədiyimizi düşünürlər. Bu düşüncələri isə onların psixologiyasının normal olmadığın göstərir. Uşaqlar bizim evdə övladlarımızı döymədiyimizə inanmırlar. Onların fikrincə, normal valideyn uşağını döyməlidir. Amma biz onlarla işləyib, normal ailə mühiti yaratmağa çalışırıq”.

Uşaq evi rəhbəri olsaydım...

K.Ağazadə ölkədəki uşaq evlərində tərbiyə məsələsinə də toxunur və yanlışlıqların olduğunu deyir:

“Mən uşaq evinin rəhbəri olsaydım, uşaqları tam başqa ruhda tərbiyə edərdim. Biz burada ailəsi tərəfindən imtina edilən uşaqlara da ailə sevgisi aşılayırıq. Bəzən ailəsi imtina etsə də, onlar valideynləri üçün darıxdıqlarını deyirlər. Bu da həmin uşaqlara mərhəmət hissi aşıladığımızı göstərir. Bir neçə uşaq evindən bura gələnlər olub ki, onlarda ətrafa, xüsusən qadınlara nifrət görmüşəm. Onların fikrincə, ata atsa da, anaları onları saxlamalı idi. Uşaq evləri bu nifrəti onların qəlbindən çıxara bilməyib. Lakin biz həmin uşaqların qəlbinə mərhəmət hissini ona görə aşılayırıq ki, sabah o aqressiyasını cəmiyyətdən çıxmasın, öz uşaqlarını atmasın. Burada bəzi uşaqlar var ki, onları uşaq evlərinə vermək istəmirik. Bunun birinci səbəbi onların sənədlərinin olmamasıdırsa, digər bir səbəb onların əqli qüsurlu olmasıdır. Məktəbə gedənə qədər onları saxlayıb, normal uşaqlarla birlikdə oxumaları üçün çalışırıq. Əqli qüsurlu uşaqlar üçün olan müəssisədə onlara bizim kimi baxacaqlarına əmin deyilik”.

Əvvəldə qeyd etdiyimiz kimi, uşaqlar həyatlarını danışmaq istəmir. Lakin təxminən bir saatlıq söhbətdən sonra onların inamını qazana bildik. Bizi tez-tez gəlib onlarla söhbətə dəvət etdilər. Uşaqlarla söhbətimiz, mərkəzdə qalan 65 yaşlı qadının taleyi ilə bağlı növbəti yazılarımızda oxuya biləcəksiniz.

Gülxar Şərif

Fotolar Elçinindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm