Lukaşenkonun Kremlin üzünə “ağ” olmasının PƏRDƏARXASI
Bizi izləyin

Dünya

Lukaşenkonun Kremlin üzünə “ağ” olmasının PƏRDƏARXASI

Sabah Minskdə Rusiya-Belarus ittifaq dövləti Nazirlər Şurasının iclası keçiriləcək.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Nezavisimaya Qazeta” nəşri yazıb.

Ekspertlər isə qeyd edirlər ki, Müstəqil Dövlətlər Birliyində (MDB) ən köhnə inteqrasiya birləşməsi səviyyəsində növbəti görüş qarşılıqlı ittihamların səsləndirildiyi bir ərəfədə keçiriləcək. Rusiyanın dövlət qurumları Minski Belarusdan ərzaq idxalına qadağaların tətbiq olunacağı barədə hədələyiblər. Belarus prezident Aleksandr Lukaşenko isə ötən həftə keçirdiyi mətbuat konfransında antirus bəyanatları ilə gündəm yaradıb.

Rusiya-Belarus ittifaq dövləti Nazirlər Şurasının iclasında Rusiyanın baş naziri Dmitri Medvedev təmsil edəcək. Müttəfiqlər 2015-ci il İttifaq dövlətinin büdcəsinə baxmağı, həmçinin bütün sahələr üzrə ikitərəfli qarşılıqlı əlaqələri müzakirə etməyi planlaşdırırlar. D.Medvedev belaruslu həmkarı Mixail Myasnikoviçlə təkbətək görüşmək niyyətindədir. Rəsmi informasiya mənbələri ikitərəfli görüşün gündəliyini açıqlamayıb. Amma yerli siyasi müşahidəçilərin fikrincə, Belarus ərzağın çatdırılmasına mümkün qadağalar danışıqların mərkəzi mövzusu olacaq.

Belarusun rəsmi “Vergi manevri” nəşri Rusiyanın mümkün embarqolarının kökündə prezident Lukaşenkonun mətbuat konfransında Rusiyanın ünvanına səsləndirdiyi kəskin bəyanatların dayandığını yazıb. “Ehtiyatlı antirus trendi”, "Lukaşenko Rusiya ilə birlikdə dibə getmək istəmir": yerli analitiklər Belarus dövlət başçısının altı saatlıq rekord mətbuat konfransını məhz belə qiymətləndirdilər.

Xatırladaq ki, Belarus prezidenti Rusiyanın mediasının anti-Ukrayna təbliğatına qarşı çıxış edib. “Ukraynanın qərbində yaşayanlar “faşistdir”, şərqində yaşayanlar isə “bizim adam” təbliğatına inanmayın. Orada normal adamlar yaşayır. Ancaq meşə çaqqalsız olmaz. Bu, Şərqə də, Qərbə də aiddir”, - deyə Lukaşenko bildirib.

Bundan əlavə, A.Lukaşenko deyib ki, Belarus ərazisinin bir hissəsinin Rusiyanın nəzarətinə keçə biləcəyi istisna olunmur. Lukaşenko bunun qarşısını almaq üçün əlindən gələn hər şeyi edəcəyini deyib: “Mən yol vermərəm ki, Belarus Rusiyanın onun ərazisinin bir hissəsini ələ keçirən növbəti dövlət olsun”.

Belarus prezidenti həmçinin söyləyib ki, Rusiyanın dəstəyi olmadan Ukraynanın şərqində separatçı qurumlar da yaranmazdı. O, bununla da Moskvanı separatçılara yardım etməkdə və imperiya ambisiyalarında ittiham edib.

Lukaşenko Rusiyanın bəzi ərazilərinin vaxtilə Belarusa məxsus olduğunu bildirib, prezident güman etdiyini bildirib ki, proseslər Belarus ərazilərinin itirilməsi həddinə çatmayacaq: “Xatırladıram ki, Smolensk, Bryansk, yaxud Pskov torpaqları nə zamansa Belarusa məxsus olub”.

Düzdür, Lukaşenko açıqlamadı ki, Belarusun bu ərazilərin qaytarılması üçün Moskvaya nə vaxt müraciət etmək niyyətindədir. Amma dövlət başçısı birmənalı şəkildə Kremli başa salmağa çalışdı ki, bir çox hadisələrlə bağlı Belarusun “öz baxışları” var. Lukaşenkonun rusiyalı jurnalistin sualına cavab verərkən “Belarus daha hələ Rusiya tərkibində deyil” söyləməsi də göstərir ki, Minsk Kremlin hər çaldığına oynamaq fikrində deyil.

“Aleksandr Lukaşenko öz mövqeyini kəskin şəkildə göstərməyə qərar verdi. Çünki gördü ki, daha geri çəkilməyə yer yoxdur. O, açıq şəkildə etiraf etmir ki, Belarus Ukrayna ssenarisinin təkrarından qorxur. Amma güman edirəm, bu fikir onun başında mismarlanıb. Lukaşenko anlayır ki, Rusiyaya bağlanmaq onunla dənizin dibinə getməkdir. Aydındır ki, Belarus lideri bunu istəmir”, - deyə siyasi müşahidəçi Aleksandr Klaskovski vurğulayıb.

Belaruslu analitik Sergey Çalıy da eyni fikirdədir: “Lukaşenko hiss edir ki, Rusiyaya bütün dünyanın münasibəti dəyişib və Rusiya zəifləyib. Bu isə gələcəkdə beynəlxalq vəziyyəti müəyyən edəcək trenddir. Lukaşenko da özünə bu yeni reallıqda yer tapmaq istəyir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm