“Üç bacı”nın “Xəbərçi Xədicə”si: “Teatrda məni qane edəcək rejissor yoxdur” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Üç bacı”nın “Xəbərçi Xədicə”si: “Teatrda məni qane edəcək rejissor yoxdur” - FOTOLAR

Onunla müsahibəni xeyli vaxtdır planlaşdırsam da, uzun müddət tərəddüd edirdim. Çünki cəmi bir uğurlu rolunu gördüyüm aktrisayla müsahibənin maraqlı alınacağı da mənə inandırıcı gəlmirdi. Amma...

Bu yaxınlarda iştirak etdiyi “Qisas” serialındakı oyunu söhbətimizə təkan oldu. Yəni aktrisa bu qədər “başqalaşa” bilərdimi? Bəs onda “Üç bacı” serialındakı Xəbərçi Xədicə kim idi?

Beləliklə, Publika.az-ın suallarını Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova cavablandırır:

-Zemfira xanım, istərdim ki, müsahibəyə sualsız başlayaq və özünüz yaradıcılığınızdakı yeniliklər barədə ətraflı məlumat verəsiniz.

-İncəsənət Gimnaziyasının teatr şöbəsində aktyor sənəti və səhnə danışığından dərs keçirəm, tamaşalar hazırlayıram. Eyni zamanda dublyajla məşğulam. Hazırda bir serial var, onun başlamasını gözləyirəm. Dövlət hesabına çəkilir. Eyni zamanda müqavilə ilə Gənc Tamaşaçılar Teatrında işləyirəm. Amma gimnaziyada 15 ildir ki, tam ştatlı işçiyəm və oradan çıxmaq fikrim də yoxdur. İşimdən böyük zövq alıram. Gənclər Teatrının yaradıcısı, böyük rejissor Hüseynağa Atakişiyevdən öyrəndiyim bilikləri tələbələrə öyrədirəm. Gənc Tamaşaçılar Teatrında bir neçə tamaşada məşğulam. Seriallarla əlaqədar hələlik teatra gedə bilmirəm.

-“Üç bacı” serialında oynadığınız Xədicə obrazıyla xeyli tanındınız. Yəni bir az populyarlıq artdı, işlər çoxaldı deyə gedə bilmirsiniz?

-Xeyr, o mənada deyil. Mən Gənclər Teatrında işləmişəm və ailə vəziyyətimlə əlaqədar Türkiyəyə getmişəm. Bu müddətdə övladlar, ev qayğıları… O vaxt da uşaqlar körpə idi deyə teatrla sıx əlaqə saxlaya bilmirdim. Buna görə də müəllimlik fəaliyyətinə keçdim. Teatr elə bir yerdi ki, ora bütün gücünlə bağlanmalısan. Ailəylə iş bir araya çətin sığır. Ya gərək bütün ömrünü teatra həsr edəsən, ya da ailəyə.

-Siz də özünüzü tamamilə teatra həsr etmək istəmədiniz…

-İstəmək bir başqa şeydir. Mən həm indiki halda, həm də əvvəllər teatrdan uzaqlaşmağa məcbur oldum. Həyatımda heç bir işi, nə kinonu, nə serialı teatr qədər sevirəm. Teatr mənimçün çox böyük məfhumdur, məbədgah kimi baxıram ona. Demək istədiyim odur ki, müəyyən dönəmdə İncəsənət Gimnaziyasına daha çox lazım idim. Ardınca da filmlərə, seriallara, çəkildim deyə çatdıra bilmədim.

-Bu yaxınlarda “Qisas” serialına baxırdım. Sizi yalnız səsinizdən tanıya bildim. Bunu sizə deyiblərmi ki, saç düzümünüz, yaxud hansısa detal azacıq dəyişəndə tamamilə dəyişilirsiniz?

-Bizim sənətdə amplua məsələsi var. Deyirlər komediya aktrisasıdırsa, dramatik rol oynaya bilməz. Təvazökarlıqdan uzaq da olsa, məndə həm komediya, həm də dramatik obraz alınır. Məsələn, “Üç bacı”dakı Xədicə rolum alınıb. Özümə qarşı çox tənqidi yanaşıram. Ümumiyyətlə, insan özünü tənqid etməyi bacarmalıdır. “Qisas” və “Üç bacı”nı müqayisə edəndə düşünürəm ki, hər ikisində istədiyimi edə bildim.

-Bu, aktrisa üçün yadda qalmaq baxımından zəif nöqtə deyil ki?

-Əksinə, mənə elə gəlir ki, bu, daha maraqlıdır. Olunan zənglər, reaksiyalar deyir ki, nə yaxşı ki, hər ikisini bacarırsan. Özümə yetərincə inanıram. Mən “Romeo və Culyetta”da Culyetta, “Leyli və Məcnun”da Leyli, həmçinin Leylinin anasını oynamışam. Zamanında oynadığım həmin rollar indi həvalə olunan müxtəlif səpkili obrazları oynamaqda dadıma çatdı. Hər aktrisa bunu bacarmaz (gülür).

-Həyat yoldaşınız Ədalət Əbdülsəmədov da aktyordur. Hər ikinizin eyni peşəylə məşğul olmağınız sizə daha çox dəstək olur, yoxsa əksinə?

-Deyə bilərəm ki, heç bir maneçiliyi yoxdur. O, həmişə məni başa düşür, anlayır. Çünki özü bu sənətdədir. Allaha şükür ki, qarşılıqlı inam var. Münasibətlərimiz iyirmi ilin sınağından keçib. Çox xahiş edirəm, mənim sözlərimi başqa yerə yozmayasınız. Mən qorxuram. Bilirsiniz niyə?

-Niyə?

-İstəmirəm ki, şou xatirinə nəyisə qabardasınız. Nə varsa, odur. Çox sadə həyat yaşayıram. Bunu ətraf da bilir ki, nümunəvi ailəyik.

-Siz niyə birdən birə xoflandınız ki?

-Qətiyyən (gülür). Məni düz başa düşün. Elə şişirdilmiş şəkildə yazırlar ki. Məncə yaşım da bu fikirləri söyləməyə imkan verir.

-Şəxs müşahidələrimə əsaslanıb deyə bilərəm ki, real həyatda o qədər də ünsiyyətcil insan deyilsiniz. Amma hər zaman sizə istiqanlı, dinamik obrazlar həvalə olunur. Rejissorları necə inandıra bilirsiniz ki, mən bunu bacararam?

-Mən balıq bürcündənəm, susan adamam. İlim də öküz ilidir, işləməyi xoşlayıram. Yəni əsas meyarlarım susmaq və öz işimi görməkdir. Bəzən düşündüyümü kiməsə anlatmaq da istəmirəm. Mən yalnız göstərəndə tamaşaçıya fikirlərimi daha yaxşı ötürə bilirəm. Mən həyatda serialdakı Xədicə deyiləm. Siz düz təhlil etmisiniz. Doğrudan da, real həyatda o qədər də ünsiyyətcil deyiləm. Oynadığım Xədicə mənim tamamilə əksimdir. Amma bu, mənim qonşularda müşahidə etdiyim xarakterdir.

-Amma belə bir deyim var ki, aktyorun, aktrisanın oynadığı rolun, heç olmasa, iyirmi faizi özüdür.

-Bəli, razıyam. Həmin obraz Bakı ləhcəsiylə danışır. Çünki özüm də bakılıyam, o insanların içərisində böyümüşəm.

-(zarafatyana) O rolun hansı 20 faizi sizsiniz? Xəbərçi, yoxsa, araqarışdıran?..

-Mənim çox yaxşı bir qonşum var. Hətta uşaqlarıma da nəzarət edib. Evimin qapısını açıq qoyub getsəm də, rahatam. O qədər ünsiyyətcil, hər şeydən tez xəbər bilən insandır ki. Həmin obrazda ondan da çox şeylər götürmüşəm. Amma mən bir az başqayam. Tutaq ki, üç qonşum söhbət edirsə, onların söhbətinə qoşula bilmirəm və istəmirəm də.

-Amma iyirmi faizi demədiniz…

-(Gülür) Ola bilər ki, nələrsə var. Amma mən bunu ancaq rolda istifadə elədim.

-Yanılmıramsa, övladlarınız o qədər də böyük deyillər.

-Bəli, biz gec ailə qurmuşuq. Bir az işləmişəm, teatrın dadını çıxarmışam və sonra ailə həyatı qurmuşuq. Oğlumun 18 yaşı var. Bu il Aviasiya Akademiyasına daxil olub. Qızımın 15 yaşı tamam oldu.

-Sənət adamlarına ünvanlanan ənənəvi bir sual vermək istəyirəm. Ailənizdə aktyor da var, aktrisa da, oğlunuz da var, qızınız da. Onlardan hansınınsa sizin, yaxud atalarının yolunu davam etdirmələrini istərdinizmi?

-Qətiyyən, istəməzdim. Bəlkə də, mane olmağa gücüm çatmazdı. Açıq deyim ki, mane olmağa çalışmazdım da. Aktrisa olacağımı deyəndə mənə də mane olmaq istədilər. Atam ümumiyyətlə razı deyildi, ətrafdan, müəyyən insanlardan əleyhinə olanlar var idi. Amma anam məni dəstəklədi, inandı. Bu gün də öz həyatımdan, taleyimdən razıyam. Övladlarım filmə də, reklama çəkiliblər, tamaşada da oynayıblar. Amma bu sahədə olmaq istəmədilər, texniki fənlərə üstünlük verdilər.

-Hər rejissorun öz aktyoru olduğu kimi, hər aktrisanın da öz rejissoru olur. Sizcə, teatrda və kinoda potensialınıza daha dərindən bələd olan, birgə işləməyə can atdığınız rejissor kimdir?

-Hazırda teatrda məni qane edəcək rejissor yoxdur. Amma mənim bir rejissorum olub - Hüseynağa Atakişiyev. Kinoda isə son vaxtlar Siyavuş Hüseynli ilə işlədim. O aktyor kimi də mənimlə tərəf müqabili olmuşdu, çox istedadlı insandır. Rejissor kimi Siyavuşdan çox razıyam. “Üç bacı” serialında rolumun uğurla alınmağında onun da böyük rolu var.

-Bəs teatr rejissorularımızı niyə bəyənmirsiniz?

-Cənnət Səlimova ilə işləmək olar. Amma ondan başqasını görmürəm.

-Bəs Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov?

-Mən demədimsə, gəlin, o söhbətlərə getməyək də. Mənim üçün bir kumir var idi, o da Hüseynağa Atakişiyev.

-Adətən, teatrlar bəzi aktrisaları dəvət edirlər, onların üzərində tamaşalar hazırlanır. Sizə belə dəvətlər olur?

-Yaxşı məqama toxundunuz. Çox insanlar mənə deyir ki, potensiallı aktrisasınız. Amma heç bir teatr mənə hansısa tamaşasında rol təklif etmir. Mənim də o yaşım deyil ki, kimdənsə rol istəyim. Hərçənd, ürəyimcə olan iş olsa, məmnuniyyətlə qəbul edərəm.

-Və son olaraq. Fəxri adınız da yoxdur…

-Bəli, fəxri adım yoxdur. Arada 15 illik fasilə verdim. Bu, böyük şərtdir. Teatr elə şeyləri bağışlamır.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm