Təsadüf? – Lex Kaçinskinin qanını batıran rus prokuror ortaya çıxdı
Bizi izləyin

Dünya

Təsadüf? – Lex Kaçinskinin qanını batıran rus prokuror ortaya çıxdı

Moskvanın “Vnukovo” aeroportunda Fransanın “Total” neft konserninin rəhbəri Marjeri de Kristofunun həlak olması ilə nəticələnən qəzanı rusiyalı prokuror Mixail Qureviç araşdıracaq.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, M.Qureviç həmçinin 2010-cu il aprelin 10-da Smolenskdə baş verdiyi təyyarə qəzasını araşdıran prokurordur.

Rusiya İstintaq Komitəsindən verilən verilən açıqlamada “Qəzanın istintaqını ən yaxşı prokurorlarımızdan biri Mixail Qureviç aparacaq” deyilir.

“Vnukovo” aeroportunda qartəmizləyən maşınla yüngül motorlu “Falcon” təyyarəsi toqquşması nəticəsində “Total” neft konserninin rəhbərindən başqa üç ekipaj üzvü həlak olub. Hazırda hadisəni araşdıran hüquq-mühafizə orqanları dörd versiya üzərində işləyir: pilotların səhvi, dispetçerlərin səhvi, qartəmizləyən maşının sürücüsünün səhvi və pis hava şəraiti.

Hadisəni həmçinin Rusiya daxili kəşfiyyat xidməti ilə Rusiyada yüksək rütbəli idarəçilərin mühafizəsinə cavabdeh olan Federal Təhlükəsizlik Xidməti də araşdıracaq. “Vnukovo” hava lımanından Rusiyanın yüksək dövlət rəsmiləri ilə yanaşı ölkəyə səfər edən xarici ölkə liderlərinin istifadə etməsi qəzanın baş verməsində yalnız qartəmizləyən maşının günahı olduğuna şübhə yaradır. Üstəlik, istintaq işinin M.Qureviçe həvalə olunması şübhələri artırır.

Xatırladaq ki, 1 aprel 2010-cu il tarixində Smolenskdə qəzaya uğramış təyyarədə Polşa prezidenti Lex Kaçinski və xanımı, ölkənin sabiq prezidenti Rıçard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub.

Polşa isə istintaq prosesindən narazı qalıb. Polşa 10 aprel 2010-cu ildə Smolensk yaxınlığında qəzaya uğrayan “Tu-154” təyyarəsi ilə bağlı araşdırmanı bərpa edəcək. Bbu barədə Varşava məhkəməsi qətnamə çıxarıb.

Lex Kaçinski Smolensk vilayətinin Xatın kəndində 1940-cı ilin yazında güllələnən polşalı zabitlərin anım tədbirlərində iştirak etməli idi. Polşa prezidenti ilə bərabər, güllələnmiş zabitlərin övlad və nəvələri də təbirə qatılmalı idi. Lex Kaçinski Smolenskə təyyarə ilə, oradan Xatına isə xüsusi qatarla getməliydi.

Məlum olub ki, Polşa prezidentinin təyyarəsi qəzadan əvvəl 3-4 dəfə eniş cəhdi edib. Smolensk vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub: “Pis hava şəraiti üzündən təyyarə 3-4 dəfə cəhd etsə də, eniş alınmayıb. Dispetçer pilotlara 200 kilometr aralıda olan Minsk aeroportuna eniş etməyi məsləhət görsə də, təyyarənin heyəti öz qərarı ilə enişi məhz Smolenskdə etməyə çalışıb”.

2011-ci ilin yanvarında Beynəlxalq Aviasiya Komitəsi aviaqəzanın araşdırılması haqqında son məruzəni açıqlayıb və faciəyə görə məsuliyyəti pilotların üzərinə qoyub.


Polşa mütəxəssisləri isə Beynəlxalq Aviasiya Komitəsinin yekun rəyi ilə razılaşmadılar. Varşava Moskvanı sənədləri gizlətməkdə və saxtalaşdırmaqda ittiham etdi.

Təyyarə qəzası baş verdikdən sonra internetdə bir video peyda olub. Bu videoda təyyarənin qalıqları arasında gəzişən üç nəfər silahlı şəxsin sağ qalan və kömək istəyən insanları güllələdiyi göstərilir. Polşanın hərbi prokuroru deyib ki, Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən qəzadan bir neçə dəqiqə sonra mobil telefonla çəkilən və qəza yerində gəzən üç siluet, silah və gülüş səsləri, təyyarədən çölə çıxan bir adamın və nəhayət, pilotun qışqıraraq yardım istəməsi ilə bağlı yayılan görüntülər həqiqidir. Bu video hadisə yerinə çatan ilk şahid tərəfindən çəkilib və bu zaman hadisə yerində nə təcili yardım, nə də xilasedicilər olub. Ləngidilmiş kadrlarda sağ qalan bir nəfərin əlini yuxarı qaldırması görünür və bunun sağ qalan pilot olduğu ehtimal edilir. Daha sonra, videoda bir neçə dəfə atəş səsləri və həyəcan siqnalı eşidilir. Birinci atəş səsindən sonra naməlum 3 nəfərin gülüş səsləri və sonuncu atəş səslərindən sonra isə rus dilində deyilən aşağıdakı sözlər aydın eşidilir: "Vse nazad, uxodim" (Hamı geriyə, gedirik). Bu naməlum üç nəfərin kim olduqları məlum deyil. Polşanı şoka salan həmin görüntüləri mobil telefonla çəkən Rusiya vətəndaşı Andrey Mendiereyin həmin görüntüləri internetdə yerləşdirməsindən sonra bel nahiyəsindən bıçaqlandığı və daha sonra xəstəxanada süni nəfəs aparatının söndürüldüyü bildirilir.

Qeyd edək ki, bugünkü yazılarımızdan birində “Vnukovo” aeroportunda baş verən qəza ilə bağlı bəzi versiyalarımızı irəli sürmüşük. Yazıda “Vnukova” və Smolensk qəzaları arasında bağlılığı göstəməyə çalışmışıq. (http://publika.az/p/48099)

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm