Türkman liderindən tələb: “Bizə silah verin” – azərbaycanlılar İŞİD-in hədəfində
Bizi izləyin

Nida.az

Türkman liderindən tələb: “Bizə silah verin” – azərbaycanlılar İŞİD-in hədəfində

İraq Türkman Cəbhəsinin lideri, Kərkük millət vəkili Erşat Salihi Bağdadın şimalındakı Diyala mahalına bağlı Qaratəpə qəsəbəsində İŞİD-in hədəfində olan türkmanların qorunması üçün İraq hökumətinə rəsmi müraciət edib.


Publika.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, E. Salihi hökumətdə türkmanları silahlandırmasını tələb etdiklərini açıqlayıb.


“Tələbimiz türkmanların məzhəb ayrı-seçkiliyi edilmədən türkman siyasətçiləri ilə koordinasiyalı şəkildə silahlandırılması və təlimlər keçirilməsidir. Biz əvvəldən bu tezisi müdafiə edirdik. Bağdad hökuməti isə buna qarşı çıxdı. Bıçaq sümüyə dirənəndə silaha sarılın deyirlər. Amma bu işlər bir anda olmur. Əgər əvvəldən bizə qulaq assaydılar, indi müharibəyə hazır türkman birliklərimiz olardı və münaqişənin olduğu bölgələrin çoxunda müdafiəni təşkil edə bilərdik”.


Avqust ayında İŞİD hücumuna qarşı öz imkanları daxilində mübarizə aparan türkman Amirli qəsəbəsini nümunə göstərən E. Salihinin fikrincə, İraq silahlı qüvvələrində müharibə aparmaq üçün lazım olan motivasiya yoxdur: “Qaratəpə əhalisinin böyük çoxluğu türkmanlardır. Yaxınlıqdakı kəndlərdə sünni və şiə ərəb kəndləri var. Hazırda bu kəndlər də dağıdılır. Nə Peşmərgə, nə də mərkəzi hökumətə bağlı hərbi birləşmələr müdafiəni təşkil edə bilmirlər. çünki bu torpaqlara aid olduqları hissi onlarda yoxdur. Amirlidə gördük, əllərinə heç vaxt silah almamış kəndlilər İŞİD-i belə təəccübləndirən dirəniş göstərdi”.


E. Salihi qeyd edib ki, İŞİD hücumlarından ən çox türkmanlar zərər görüb. Onun sözlərinə görə, ümumi əhalisi 20 minə yaxın olan Qaratəpəni indiyə qədər 10 min nəfər tərk edib.

“Daha əvvəl Celevle bölgəsindəki atışmalardan qaçan bir çox türkman ailəsi bura sığınmışdı. İndi onlar ikinci dəfə qaçmaq məcburiyyətindədirlər. İŞİD hücumu altında qalan yüzlərlə mülki şəxs var”, - deyə o, bildirib.


Kərkük millət vəkili İŞİD-ə əsir düşmüş türkmanların taleyinin bəlli olmadığını açıqlayıb. Deyib ki, Qaratəpə qəsəbəsinin müdafiəsinə İraq ordusu ilə birlikdə könüllülər də qoşulub.


Qeyd edək ki, İŞİD İraqın Dilyalə mahalına bağlı olan Azərbaycan əsilli türkmanların çoxluq təşkil etdiyi Qaratəpə qəsəbəsinə üç tərəfdən top və digər ağır silahlarla hücuma başlayıb. Hücum nəticəsində 7-si əsgər olmaqla 10 nəfər öldürülüb, 16 nəfər yaralanıb. Terror qruplaşması 30 türkmanı əsir götürüb. Əsirlər arasında qadın və körpələr də var.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm