“Forum Daily”: “İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan çox böyük uğurlar əldə edib”
Bizi izləyin

Nida.az

“Forum Daily”: “İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan çox böyük uğurlar əldə edib”

“İsrail səsi” radiosunun şərhçisi, beynəlxalq münasibətlər, Cənubi Qafqaz üzrə tanınmış ekspert Arye Qut Amerika yəhudilərinin “Forum Daily” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikasının tarixi və son illər əldə etdiyi uğurlardan söhbət açıb.

Publika.az-ın verdiyi xəbərə görə, israilli ekspert Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan çox böyük geosiyasi və geo­iqtisadi uğurlar əldə etdiyini qeyd edib.

“Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi bu ölkənin beynəlxalq aləmdə daha çox tanınması üçün vacib idi. Bakı Humanitar Forumunda dünya səviyyəli nüfuzlu siyasətçilər, dövlət xadimləri, alimlər, rəssamlar, bir sıra ölkələrin vətəndaş cəmiyyətlərinin aparıcı nümayəndələri iştirak edirdilər. Yəni bu, dünyanın intellektual elitasının toplaşdığı nüfuzlu bir beynəlxalq tədbir idi. Bu forum dünyanın müxtəlif bölgələrindən insanları bir araya gətirdi. Forum çərçivəsində Naxçıvana səfər isə mənim üçün ikiqat əhəmiyyətli oldu”,- deyə “İsrail səsi” radiosunun şərhçisi bildirib.

A.Qut qeyd edib ki, bu il Azərbaycan Respublikasında Naxçıvan Muxtar Respublikası muxtariyyət qazanmasının 90 illiyi təntənəli tədbirlərlə qeyd olunur: “Bunun səbəbi odur ki, XX əsrin əvvəllərində Naxçıvan muxtariyyət qazanmaqla Azərbaycanın tərkibində qalmış və inkişaf edə bilmişdir. “Mən burada öyrəndim ki, bir sıra qədim tarixi mənbələrdə Naxçıvan adı həm də “Nuh yurdu”, “Nuhun çıxdığı məkan” kimi adlandırılır. Naxçıvan şəhəri orta əsrlərdə Atabəylər dövlətinin paytaxtı olub. 1924-cü ildən isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Naxçıvan çoxəsrlik dövlətçilik ənənələrinə sahibdir və Azərbaycan xalqının zəngin mədəni irsi burada daha diqqətlə qorunub saxlanılır. Burada elm, mədəniyyət yüksək səviyyədə inkişaf edib. Dahilər yurdu deyilən bu diyar bir sıra tarixi şəxsiyyətlərin doğulduğu məkan olub. Həmin şəxsiyyətlər Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatına əvəzsiz töhfələr vermişlər. Heç şübhəsiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanın Azərbaycana bəxş etdiyi tarixi şəxsiyyətlərin fövqündə dayanan böyük dünya miqyaslı dövlət xadimidir.

A.Qut söyləyib ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu bütün dövrlərdə Naxçıvana daim böyük diqqət və qayğı göstərib, onun problemlərinin həllinə xüsusi diqqət yetirib: “Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan çox böyük geosiyasi və geo­iqtisadi uğurlar əldə edib. Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli liderinin yolunu uğurla davam etdirərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına xüsusi diqqət yetirib. 23 ildir blokadada yaşayan muxtar respublika cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün dinamik sürətdə inkişaf edir. Bunu faktlar da sübut edir. 2003-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası çox böyük inkişaf yolu keçib. Bu dövrdə muxtar respublikada Ümumi Daxili Məhsul 8,3 dəfə, sənaye məhsulunun həcmi 49 dəfə, əsas kapitala yönəldilən investisiyalar 16,4 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,7 dəfə, ixracın həcmi 96,6 dəfə, icmal büdcənin həcmi 12,7 dəfə, əhalinin gəlirləri 10,2 dəfə, hər bir nəfərə düşən gəlirlər 8,8 dəfə, orta aylıq əməkhaqqı isə 9,8 dəfə artıb. Bir sıra iş yerləri açılıb, təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə çox böyük irəliləyişlər nəzərə çarpıb. Məhz buna görə də bu gün Naxçıvan dövlət və hökumət başçılarının, iri beynəlxalq konfrans və forumların keçirildiyi məkana çevrilib. 2018-ci ildə isə İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvan çox əhəmiyyətli bir missiyanı yerinə yetirəcək”.

İsrailli ekspertin sözlərinə görə, hazırda qədim Naxçıvan, həqiqi mənada, intibah dövrünü yaşayır: “Müsbət dəyişikliklər hər sahədə özünü göstərir. Kiçik və orta biznes inkişaf edir. Həmçinin dövlət sektoru ilə yanaşı, özəl iqtisadi sektor da güclənir, münbit rəqabət mühiti yaradılıb. Yüksək texnologiyaların tətbiqinə üstünlük verilir, sistemli və çox faydalı, elmi əsaslara söykənən islahatlar davam etdirilir. Biznestənzimləyən inzibati tədbirlər həyata keçirilir, liberallaşmaya üstünlük verilir, lazımsız məhdudiyyətlər aradan qaldırılır, daxili və xarici investisiyalar cəlb olunur. Bu proseslər Azərbaycan Prezidenti İlham Əliyevin də diqqətindədir”.
Arye Gut onu da bildirib ki, Naxçıvan Muxtar Respublikasının çox güclü turizm potensialı vardır. İnfrastruktur çox yüksək səviyyədə qurulub. Gözəl, rahat otellər tikilib, yollar salınıb. Tarixi məkanlar isə hər bir qonağın diqqətini cəlb edir. Əshabi-Kəhf ziyarətgahı, Nuh Peyğəmbərin, Yusif Küseyir oğlu, Möminə xatın, Gülüstan, Xanəgah türbələri, Naxçıvan Cümə məscidi, Qeysəriyyə, qədim hamam, Gəmiqaya və sair bunların sırasında yer alır. Yəni Naxçıvan öz tarixi abidələri ilə zəngin qədim Azərbaycan torpağıdır. Naxçıvanın gözəl təbiəti ilə yanaşı, gözəl memarlıq üslubu da hər kəsi valeh edir. Burada 250-dən çox mənbədə mineral su vardır. Sirab, Badamlı, Darıdağ, Nəhəcir, Cəhri, Qəmur, Qahab və digərləri çox tanınıb.”­

“Naxçıvanda əla, müalicəvi istirahət mərkəzləri fəaliyyət göstərir. Bunlar arasında Duzdağ Fizioterapiya Mərkəzi xüsusilə diqqətimi çəkdi. Burada astmanın ən ağır formaları belə, müalicə oluna bilir. Hər il dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan bura gəlir və şəfa tapır”, – deyə Gut Naxçıvanda turizmin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm