İkiqat dünya çempionumuzdan ŞOK qərar
Bizi izləyin

İdman

İkiqat dünya çempionumuzdan ŞOK qərar

Azərbaycanın boks üzrə ikiqat dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov gözlənilməz qərarı ilə hamını şoka salıb. Mətbuatda yayılan məlumata görə, Məcidov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) təşkil etdiyi peşəkar boks yarışına qatılmaqdan son anda imtina edib.

Boksçunun yarışdan imtina etməsinə federasiyadan münasibət bildirilib. Federasiyadan verilən məlumata görə, Məcidovun yarışdan imtina etməsinə səbəb xəstələnməsi olub.

Məlumatda bildirilir ki, AİBA-nın peşəkar boks yarışı bu ildən keçirilməyə başlayacaq. Burada hər çəkidə 8 boksçu olmaqla, ümumilikdə 10 çəki dərəcəsi mövcuddur və yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Məcidovun peşəkar boks yarışından imtinası onun olimpiadaya lisenziya qazanmasının mümkün olmayacağı deməkdir.

Publika.az-a danışan federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Məcidovun başqa beynəlxalq turnirlərdə iştirak edərək olimpiadaya lisenziya qazanacağını bildirdi:

“Xəstə olduğu üçün bu yarışa çıxmadı. Hələ qarşıda yarışlar var. Orada iştirak edərək olimpiada lisenziyasını təmin edə bilər”.

Xatırladaq ki, Məcidov superağır çəkidə (+91 kq) çıxış etməli və mübarizəyə 1/4 finaldan başlamalı idi. Püşk nəticəsinə əsasən, o, oktyabrın 24-də ilk döyüşünü Mihay Nirstorla keçirməli idi.

İndi boksçumuzun əvəzinə Mihay Nirstorun qarşısına Almaniyadan bir idmançının çıxacağı bildirilir.

Qeyd edək ki, AİBA-nın peşəkar boks yarışında ölkəmizi Fariz Məmmədov (69 kq) və dünya çempionu Cavid Çələbiyev (56 kq) təmsil edəcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm