Nazirlər Dünya Bankından borc aldılar
Bizi izləyin

Ekopublika.az

Nazirlər Dünya Bankından borc aldılar

Nazirlər Kabinetində Azərbaycan hökuməti və Dünya Bankı arasında ümumi məbləği 300 milyon dollar təşkil edən üç yeni borc sazişi imzalanıb.

Publika.az xəbər verir ki, yeni maliyyələşdirmə Azərbaycanda ədliyyə xidmətlərinin müasirləşdirilməsi, kənd icmaları üçün infrastruktur xidmətlərinin təkmilləşdirilməsi və ölkə rayonlarında su-kanalizasiya şəbəkəsinin yenidən qurulması məqsədlərinə xidmət edəcək.

Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə üçün əlavə maliyyələşdirməyə dair Borc Sazişini və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə üçün əlavə maliyyələşdirməyə dair Layihə Sazişini Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfdən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko imzalayıb. Bu əlavə maliyyələşdirmənin məbləği 150 milyon dollar təşkil edir. Onun məqsədi Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında daha çox ailənin keyfiyyətli və davamlı su təchizatı və kanalizasiya xidmətləri ilə əhatə olunmasından ibarətdir.

Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsinə dair Borc Sazişini ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko imzalayıblar. Bu layihə üzrə Dünya Bankı borcunun məbləği 100 milyon ABŞ dolları təşkil edir. Layihənin əsas məqsədi baza ədliyyə və hüquqi xidmətlərin yaxşılaşdırılması, bu xidmətlərin göstərilməsində ədalətliliyin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə Azərbaycanda ədliyyə sektorunun müasirləşdirilməsi prosesinin davam etdirilməsidir.

Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında ikinci kənd investisiyaları layihəsinə əlavə maliyyələşdirməyə dair Borc Sazişini kənd təsərrüfatı naziri Heydər Əsədov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko imzalayıblar. Bu əlavə maliyyələşdirmənin dəyəri isə 50 milyon ABŞ dolları təşkil edir və onun əsas məqsədi ölkənin kənd bölgələrində icma əsaslı infrastruktur xidmətlərinin göstərilməsini təkmilləşdirməkdən ibarətdir.

Onu da xatırladaq ki, cari ilin 1 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu 4,987.9 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil edib. Borc vəsaitlərinin 7.7%-i 10 ilə qədər, 62,0%-i 10 ildən 20 ilə qədər, 30.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibinə gəlincə, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10.8 faiz, ABŞ dolları – 60.6 faiz, avro – 24.3 faiz, yapon yeni – 2.3 faiz, İslam dinarı – 0.8 faiz, Səudiyyə rialı – 0.5 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Küveyt dinarı – 0.2 faizdir.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm