Abdal-Gülablıdan bizi çağıran Səxavət, ad günün mübarək! - FOTOLAR+VİDEO
Bizi izləyin

Tabloid.az

Abdal-Gülablıdan bizi çağıran Səxavət, ad günün mübarək! - FOTOLAR+VİDEO

Bilirdim ki, oktyabrın 23-də doğum günüdür. Elə redaktorumuza da bir bir-iki həftə qabaqdan onun ad günü olduğunu demişdim və bir yazı söz vermişdim. Bilirdim ki, otaqdakıların hamısı onu mənim qədər sevir, səsinin vurğunudurlar. Belə də ki, Səxavəti kim sevmir ki...

Abdal-Gülablı balasının barəsində yazıya başlamamışdan əvvəl onun ifasında Segaha qulaq asdım. Segah deyirəm e sizə… İnsanı içindən qovuran, qovura-qovura da göy üzünə - Tanrının ətəklərinə doğru qanadlandıran Segah. Allahım, səsdə olan yanğıya bax! Yəqin, göydə aldınız ki, söhbət Səxavətdən gedir - səsinin rəngi ilə insanı rəngdən-rəngə, haldan-hala salan Səxavət Məmmədovdan.

Bəli, səhv eşitmədiniz, səsin də rəngi, rayihəsi, dadı-tamı olur. Səxavətin səsi bax o səslərdəndir ki, dinlədikcə haldan-hala düşürsən. Onun barəsində dünyasını dəyişmiş bir insan kimi danışmaq istəmirəm. Bilirsiniz niyə? Əvvəla ona görə ki, Səxavət haqqında yazıram, Səxavətin səsini dinləyə-dinləyə. Səs canlıdırsa, onun sahibi necə cansız ola bilər? Nədənsə, həmişə mənə elə gəlir ki, Səxavət Məmmədov yaşayır, özü də Qarabağda, doğulub boya-başa çatdığı, ilk dəfə Segahını havalandırdığı, otunu-gülünü-çiçəyini qoxladığı, suyunu içdiyi, havasını ciyərlərinə çəkdiyi Abdal-Gülablıda.

Bu gün oxuyan çoxdur, amma vallah, kim nə deyir-desin, Səxavət kimi oxuyan yoxdur. Səxavətin səsindən-avazından yoxdur. Elə sənət dostları da bu fikirdədir. Səxavətdən danışdıqca kövrələn xalq artisti, ustad sənətkar Arif Babayev də Səxavətin yerini doldura biləcək ikinci sənətkarın olmadığı qənaətindədir. Amma ustad, Səxavətin səsinin bu gün də yaşadığını və hər kəsi feyziyab etdiyini deyir: “Nə qədər həyat var, Səxavətin özü də oxuduğu mahnılarda yaşayacaq. Səxavətin yeri, əlbəttə, bu gün də boşdur”.

Hər zaman onu tarda müşayiət edən sənət dostu, tarzən Möhlət Müslümov da “Səxavət tək gəlib, tək də gedib” deyir. “Səxavət üçün çaldığım Segahı bugün başqa xanəndələr üçün çala bilmirəm” deyib qəhərlənən tarzən sənət dostunun insani keyfiyyətlərindən də ağızdolusu danışır. Deyir ki, Səxavət çox insanpərvər, xeyirxah, alicənab bir insan olub. O qədər insanın toyunu pulsuz-parasız yola verib ki… Yetərdi ki, kimsə onu toyuna, övladının xeyir işinə dəvət etsin. Amma imkansız olduğunu dilə gətirsin. Bax o anda Səxavətin ürəyi dözməz və həmin toyda, xeyir işdə cani-dildən oxuyardı”.

Amma əcəl onu çox tez apardı. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Bu acı xəbər bütün Azərbaycanı sarsıtdı. Qarabağlı dostlarının danışdığına görə, müharibənin qızğın dönəmində onu doğulduğu torpaqda dəfn etmək o qədər də asan olmayıb. Səxavəti güllə yağışı altında torpağa tapşırıblar. Həmin vaxt onu son mənzilə yola salmaq üçün bütün sevənləri yığışıbmış. Amma tale elə gətirib ki, Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş baş daşı da elə Bakıda, evinin həyətində qalıb.

Cəmi 37 il yaşayıb. Ömrün payızını belə görə bilməyib. Sağ olsaydı, özünəməxsus şux əhval-ruhiyyə ilə dostlarını başına yığıb doğum gününün dadını çıxaracaqdı. Sağlığına badələr qaldırıb, şəninə ən gözəl sözləri söyləyəcəkdilər. Yüzdə yüz əminəm ki, mütləq ondan, ən azı, bir Yetim Segah istəyəcəkdilər… Dinləyib-dinləyib “sağ ol, Səxavət, Allah səsinə qüvvət versin” deyəcəkdilər…

Səxavət onda 61 yaşını tamamlayacaqdı. Amma səsi kimi, özü də qocalmadı. Orada qaldı, Ağdamda - Abdal-Gülablıda… Qarabağda yarını, sevənlərini, əzizlərini haraylayır, onun yolunu gözləyir. Eşidirsiniz?

“Samovara od salmışam,

İstəkana qənd salmışam,

Yarım gedib, tək qalmışam,

Yar bizə qonaq gələcək, balam,
Bilmirəm nə vaxt gələcək, gülüm,
Söz verib, sabah gələcək…”

Səsinə səs verirəm, Abdal-Gülablıdan bizi çağıran Səxavət. Ad günün mübarək!
Həmişə səsin gəlsin!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm