İlin sonuna 5 bank sektoru tərk edəcək? – Özəl
Bizi izləyin

Ekopublika.az

İlin sonuna 5 bank sektoru tərk edəcək? – Özəl

Məcmu kapitalın artırılması ilə bağlı banklara verilən müddətin bitməsinə cəmi 2 ay zaman qalır.

2015-ci ilin yanvarın 1-də nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb 50 milyon manata çatdırılmayan bank bazarı ya tərk edəcək, ya da digər banka birləşdiriləcək. MB-nin maliyyə təşkilatlarının fəaliyyəti ilə bağlı hesabatlarına əsaslansaq, 5 bankın bazarı tərk edəcəyi istisnasızdır. Çünki ilin ikinci rübünün nəticələrinə görə, 5 bank ləğv etmə prosesində olub, 8 bank isə zərərlə işləyib. Bank sisteminin cəmi zərəri zərərlə işləyən banklar üzrə - 42,44 milyon manat təşkil edir. Hazırda sual yaradan zərərlə işləyən və ləğvetmə prosesində olan bankların kimliyidir. Mərkəzi Bank həmin bankların işgüzar nüfuzunu nəzərə alaraq adlarını açıqlamır.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Samir Əliyev bu dəfə Mərkəzi Bankın müddəti uzadacağına inanmadığını deyir: “2014-cü ildə Mərkəzi Bank müddəti uzatmasaydı, xeyli sayda bank sektoru tərk etmək təhlükəsi ilə üzləşəcəkdi. Artıq verilən zamanının başa çatmasına az qalıb. Məcmu kapitalla bağlı problemi olan banklardan biri “Azəri-Türk-Bank”dır. Artıq, bankın kapitalının yarısı dövlət tərəfindən – Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən alınıb. Yəqin ki, bu bankla bağlı heç bir problem olmayacaq. Banklar kapitallarını artırmaq məqsədilə digər vasitələrdən də istifadə edirlər. Bununla belə, ilin sonuna sektoru tərk edən banklar olacaq”.

İqtisadçı qeyd edir ki, məcmu kapitalla bağlı tələbi yerinə yetirməyən bankları vəziyyətdən çıxış üçün 3 həll yolu gözləyir: “Birinci həll istiqaməti birləşmədir. Bu, xüsusilə kiçik bankın böyük banka birləşdirilməsi, ən optimal variantdır. Lakin təcrübə göstərir ki, bankların birləşməyə maraqları yoxdur. Qalır iki həll yolu – bank ya bank olmayan kredit təşkilata çevrilir, ya da sektoru tərk edir. Amma nəzərə almaq lazımdır ki, istənilən bank bank olmayan kredit təşkilatına çevrilə bilməz. Çünki Mərkəzi Bank qaydalara dəyişikliklər aparıb”.

S.Əliyev deyir ki, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərmək üçün iki mərhələ keçilməlidir: “Birinci mərhələdə Mərkəzi Bankın razılığı alınmalıdır. Bundan sonra lisensiya alınmalıdır. İlkin razılıq üçünsə öhdəlik götürməlidir. Mərkəzi Bankı öhdəliklərini yerinə yetirəcəyinə inandırmalıdır. Söhbət əmanətlərlə bağlı öhdəliklərdən gedir”.

Ekspert ilin sonuna 5 bankın bazarı tərk edəcəyini istisna etmir: “Maksimum 10 bank bazardan çıxacaq. Ondan çox bankın bazardan çıxacağını gözləmirəm”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm