Siyavuş Novruzov: “Freedom House” Paris görüşündə təxribat etmək istəyir”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Freedom House” Paris görüşündə təxribat etmək istəyir”

“Prezidentlərin Paris görüşündə “Freedom House” kimi təşkilatlar təxribat etmək istəyirlər”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov Paris görüşü ilə eyni gündə “Freedom House” və Açıq Cəmiyyət Fondu (Soros Fondu - red) tərəfindən Vaşinqtonda Azərbaycanla bağlı dinləmələrin salınmasına münasibət bildirərkən deyib.


S. Novruzov bildirib ki, bu təşkilatlar Azərbaycanda gedən proseslərə maneəçilik törətməkdə israrlıdırlar: “Onların qeyri-obyektivliyi məlum məsələdir və məhz Azərbaycanla bağlı zaman-zaman qeyri-səlis xəbərlər yayaraq ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Görünür, Dağlıq Qarabağ məsələsi istiqamətində danışıqların gedişatı bu təşkilatlardakı erməniləri və erməni lobbilərini ciddi narahat edir və bu formada nəsə etməyə çalışırlar. Çünki Paris görüşünü vaxtı əvvəldən bəlli idi, onlar da bu vaxta uyğun həmin gün Azərbaycanı ittiham etməyə hazırlaşırlar”.


Millət vəkili qeyd edib ki, “Freedom House” və bu tipli təşkilatlar Azərbaycana düşmən mövqedədirlər.


“Lakin hesab edirəm ki, onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki dünyada da hər kəs onların necə qərəzli təşkilat olduğunu bilir”, - deyə o bildirib.


S. Novruzov oktyabrın 27-də Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əhmədov və Şahbaz Quliyevin məhkəməsinin salınmasını da təxribat adlandırıb. Lakin millət vəkili hesab edir ki, Ermənistan məcbur olub məhkəmənin vaxtını dəyişəcək: “Əks təqdirdə, təxribatçı olduğunu etiraf etmiş olar”.

Qeyd edək ki, oktyabrın 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qaranağ münaqişəsini müzakirə edəcək.

Məlumatlara görə, həmin gün Vaşinqtonda “Freedom House” və Açıq Cəmiyyət Fondu Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm