“Bir salama dəymədi” – istefa çağırışçısının salamını almayan başqana ağır ittihamlar
Bizi izləyin

Nida.az

“Bir salama dəymədi” – istefa çağırışçısının salamını almayan başqana ağır ittihamlar

Müsavat başqanı Arif Hacılı onu istefaya çağıran Zəngilan rayon təşkilatının sədri, partiya Məclisinin üzvü Rauf Əliyevin salamını almayıb.


Publika.az xəbər verir ki, hadisə müsavatçıların birinin həyətində yas mərasimi zamanı olub. Belə ki, R. Əliyev Arif Hacılıya əl uzadıb, lakin qarşı tərəf uzadılan əli havada buraxıb.


Məsələ ilə bağlı Publika.az-a danışan R. Əliyev bundan şoka düşdüklərini deyib: “Müsavat Partiyası milli dəyərləri ön plana çıxaran siyasi qurumdur. Bizim milli mentalitetimizin formalaşmasında isə türk adət-ənənələri və İslam ehkamları xüsusi rol oynayıb. Bu iki dəyər müsavatçılıq ideologiyasının təməl prinsipləri kimi qəbul olunub. İstər İslam dinində, istərsə də türk mentalitetində salamın dəyəri həmişə yüksək olub. Dastanlarımızdan öyrəndiyimizə görə, hətta üz-üzə gələn düşmənlər belə bir-birindən salamı əskik etməyiblər. Hətta Türk-İslam inancına görə, namaz üstündə belə olsan, sənə verilən salamı almalısan. Əks halda, bir möminin haqqını özünə qaytarmamış sayılırsan. İndi Müsavat kimi bir partiyaya başqanlıq iddiasında olan adamın bu cür tövrü anlaşılan deyil. Bu tövrü yalnız mənə qarşı bir sayğısızlıq yox, həm də müsavatçılıq ideallarına saymazyana münasibət kimi qiymətləndirirəm”.


“Rəsulzadədən yadigar qalan bir partiyaya belə cılız düşüncəli insan rəhbərlik etmək istəyir”


R. Əliyev deyib ki, o, böyüklük göstərib Arif Hacılıya salam verib.


“İnsan oğlunun ən çətin anında bütün ortaq tanış və dostlar bir araya gəlir, umu-küsülər unudulur. Hər kəs əlindən gəldiyi qədər mərhumun yaxınlarına başsağlığı verirlər. Mən də, Arif bəy də məhz bu səbəblə eyni hüzr yerindəydik. Ora təbii ki, umu-küsü yeri deyildi. Biz yas qapısından içəri girdiyimiz andan dünyəvi işlər uğrunda mübarizəmizi bir kənara atmalıydıq. Mən də böyüklük göstərib bu düşüncə ilə Arif bəyə salam verdim. Yoxsa, o, heç bir keyfiyyətinə görə bu salamı haqq etmirdi. Sırf yas yiyəsinin hörmətinə verdiyim salam isə göydən asılı qaldı. Mənimlə üz-üzə gələn Arif bəy gözlərimin içinə baxdığı halda salamı almamaq bir tərəfə, sanki cin-şəyatin görmüşcəsinə yanımdan qaçdı. Bununla da mənim göstərdiyim böyüklüyə layiq olmadığını sübut etdi və özünü orda bulunan hər kəsin gözündə alçaltdı. Təəssüf edirəm ki, böyük Məmməd Əmin Rəsulzadədən yadigar qalan bir partiyaya belə cılız düşüncəli insan rəhbərlik etmək istəyir” , - deyə o qeyd edib.


Arif Hacılı Hitlerin nitqini dinləyirmiş?


Rauf Əliyev iddia edib ki, Arif Hacılı başqanlığa hazırlaşarkən Hitlerin nitqini dinləyirmiş: “Görünür, Arif Hacılı müsavatçılıqla faşizmi ayırd edə biləcək qədər yetkinləşməyib və Hitleri dinləyə-dinləyə faşistləşib. İndi o, faşizmin əsas dəyəri sayılan “ya mənimlə, ya mənə qarşı ol!” tezisindən dünyaya baxır. Arzu edərdim ki, keçmiş başqanımız İsa Qəmbər öz varisinə əsl müsavatçılığı öyrətsin”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm