Bakı nədən duyuq düşüb? – Sorosun qalmaqallı iddiasının hədəfi
Bizi izləyin

Nida.az

Bakı nədən duyuq düşüb? – Sorosun qalmaqallı iddiasının hədəfi

Soros Fondunun rəhbəri, dünyada “inqilab ixracatçısı” kimi tanınan Corc Soros ABŞ və Rusiyanın Yaxın Şərq və post-sovet məkanı üçün razılaşması haqda ilginc iddia irəli sürüb.

“Mən liderlər arasında böyük razılaşmanın ola biləcəyindən şübhələnirəm. Razılaşma bundan ibarət ola bilər ki, Rusiya İŞİD-ə qarşı mübarizədə ABŞ-a kömək edəcək və Suriyaya “S-300” zenit-raket komplekslərini çatdırmayacaq. Beləliklə, ABŞ-ın hökmranlığı saxlanmış olacaq. Əvəzində isə ABŞ Rusiyaya “yaxın xaricdə” öz siyasətini davam etdirməyə icazə verəcək. “Yaxın xaric” isə Rusiya ilə həmsərhəd ölkələrdir” , - deyə Soros bildirib.


Geosiyasi proseslərdə daim adı hallanan, xüsusilə hakimiyyət çevrilişlərinin maliyyəçisi Sorosun bu açıqlaması post-sovet məkanında baş verən son hadisələr fonunda diqqət çəkir. Söhbət Rusiya sərhədlərində olan ölkələrdən, o cümlədən Azərbaycandan gedir.

Vaşinqtonun “Böyük Şərq” layihəsi Suriyada faktiki olaraq dirənib. Görünür, Ağ Ev Bəşər Əsədə dəstək verənləri bir-bir zərərsizləşdirmək istəyir, eləcə də Moskvanın yoldan çəkilməsi lazımdır. Hansı ki, Rusiya ağalıq etmək istədiyi Avrasiyada ABŞ-ın hegemonluğunu qəbul etmir. ABŞ da öz növbəsində Rusiyanın ən dəyərli yeri olan post-sovet məkanına biganə deyil. Hazırda Qərbdən Rusiyaya qarşı böyük dalğanın gəldiyini görürük. Baltik sahillərindən tutmuş Moldova, Ukrayna, ardınca da Gürcüstan ABŞ-ın çətiri altına keçir. Müqayisə baxımından, Rusiya üçün post-sovet məkanı Yaxın Şərqdən daha önəmlidir, çünki buranın zəbt edilməsi birbaşa öz suverenliyinin təhdid altına düşməsinə gətirib çıxara bilər.
Bu kontekstdə son zamanlar rəsmi Bakının seçdiyi istiqamət diqqət çəkir. Azərbaycan öz qonşuları, həmçinin bütün ölkələrlə daim isti münasibətlər saxlamağa çalışır. Lakin son vaxtlar Bakının Rusiyaya meylləndiyinə dair iddialar səslənir. Bunu meyllənmək hesab etmək çətin olsa da, Azərbaycan öz Şimal qonşusuna bir sıra məsələlərdə yardımçı olur, xüsusən də sanksiyalarla bağlı.

Həmçinin iki ölkə arasında hərbi və siyasi münasibətlər yüksələn xətt üzrə davam edir.

Buradan “Bakı Sorosun iddia etdiyi məsələdən vaxtından əvvəl duyuq düşüb və buna uyğun siyasətini qurur” ehtimalı ortaya çıxır.


Lakin sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Publika.az-a açıqlamasında bunu kiçik ehtimal hesab edir. O, Sorosun iddiasını mənasız hesab edir: “Hesab etmirəm ki, Bakı öz siyasətini bu ehtimal üzərində qurur. Digər tərəfdən, Sorosun açıqladığı fikir qeyri-ciddi məsələdir”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq ərəstun Oruclu da Publika.az-a bildirib ki, bu yanlış yanaşmadır: “Bu gün Suriyada Əsədi devirmək gündəmdə deyil. Eləcə də Rusiyaya bu qədər yaxınlaşan Vaşinqton həmləsindən asanlıqla əl çəkmək fikrində ola bilməz. Hesab edirəm ki, Soros bu açıqlama ilə hansısa məqsədini reallaşdırmağa çalışır. Çünki o sahibkardır, daha çox birja mütəxəssisi kimi tanınır. Dəqiq deyə bilmərəm ki, bu açıqlamanın arxasında nə dayanır, amma onu bilirəm ki, bu o qədər də ciddi iddia deyil”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm