Publika.az-ın baş redaktoru ilə müxbirlər arasında qarşıdurma: “Cəvahir, özünü sillələmə!”
Bizi izləyin

Qırmızı.az

Publika.az-ın baş redaktoru ilə müxbirlər arasında qarşıdurma: “Cəvahir, özünü sillələmə!”

Publika.az ailəsində yenə “vur-çatlasın”dır.

Dünəndən başlanan hazırlıqlar bu səhər səbəbkarın – baş redaktorumuz Amil Hacıyevin gətirdiyi tortla start götürdü. Şəkil çəkdirəcəyimizi də qabaqcadan bildiyimizdən özümüzə bir balaca əl də gəzdirmişdik. Bu “Facebook” çıxarana nə deyim! Tez-tələsik otağımızın ən zövqlü sakini İlqarı hədiyyə dalınca göndərdik. Amma yubandıq.

“Gündəlik Teleqraf” Holdinqinin baş direktoru Aynur Camalqızı, həmişə olduğu kimi, bu dəfə də bizi qabaqladı. Əlində paket otağımıza daxil olub Amili təbrik etdi və hədiyyəsini verdi. Əməlli-başlı canlanma yarandı. Fotoqrafımız Elçin də dərhal silah-sursatını götürüb bizləri nişan almağa başladı.

Redaktorumuz Könülün həyəcan içərisində “Azərbaycanda bir nəfər Ebola virusuna yoluxub” xəbəri Amilin tortunu ağzında qoydu. O saat kompüterinin arxasına keçib, adəti üzrə, az qala kompüterin içinə girdi. Daha “tez olun, bir saata üç xəbər” deməyə macalı olmayacaqdı. Hə, mən də bu fürsəti fövtə vermədim, uşaqları yanıma çağırdım, pıçhapıç düşdü. Çünki onlara bu dəfə tapşırığı mən vermişdim: baş redaktora hərə bir sual ünvanlamalıydı…

Fürsətdən istifadə edib, elə Aynur xanıma müraciət etdik ki, birinci sual elə ondan gəlsin:

- Jurnalist olmasaydınız, hansı sənəti seçərdiniz?

- Həkim, həkim, həkim...

Rəbiqə Nazimqızı:

- Məni nə vaxt məzuniyyətə göndərirsiniz?

- Açığı deyim, heç vaxt. Unut getsin. Qışda məzuniyyətə getməzlər. Xəstələnib eliyərsən. Ebola götürüb aləmi.

Könül Şovqatova:

- Çox qürrələnirdin ki, gəncsən. Sən də bizim sıralarımıza qoşuldun artıq. Qocalığın kandarında özünü necə hiss edirsən?

- Kədərli. Amma təsəllim var. Sizlərə baxıb özümə şükür edirəm.

İlqar Atabəyli:

- Avtomobilqayırma, siyasət, futbol, kosmik fəzaların yaranışı, yırtıcılar haqqında bilgilər - sənin bilmədiyin sahə var?

- Elə sənin sadaladıqlarından bir çoxu. Bir də iqtisadiyyat və lənətə gəlmiş rəqəmlər.

Lətafət Səmədova:

- İP qovalamaqla hara qədər gedib çıxmaq istəyirsən?

- İstədiyim yerə gəlmişəm. Hədəf onu qorumaqdır. Artıq oxucu dalınca qaçmaq çətindir. Həm də nəzərə alın, artıq qocayam.

Camalə:

- Vüsala nə vermisiniz, ala bilmirsiniz?

- Cəmalə, sənin gözünlə və ürəyinlə baxsaq, haqlısan. Amma Vüsala gün ərzində verdiyim tapşırıqların yerinə yetirildiyini görəndə səndən çox sevinirəm.

Asif Nərimanlı:

- “Qarabağ”ın oyununa bizə bilet tapa biləcəksən?

- Asif, indidən Nurlan İbrahimova müraciət edirəm. Amma problem deyil, kassada da bilet olur. Təşkil edərik.

İntiqam Valehoğlu:

- Qardaş, o boyda “aslan” (Qalatasaray) qala-qala, niyə “bülbül”ə (Fənərbağça) azarkeşlik edirsən?

- Aslan hardan yaranıb? Pişikdən. Pişik xəyanətkar heyvandır. Bülbül isə eşq-məhəbbət rəmzidir...

(Müxbir ənənəni pozaraq iki sual verir, neyləmək olar, İntiqam belə xətakar İntiqamdı dared.):

- Bəs mən rayon reportajlarına nə vaxt gedəcəyəm?

- Sağalanda. Qripin artıq bizi birtəhər edir.

Gülxar Şərif:

- Siyasət şöbəsini niyə bu qədər çox istəyirsiniz?

- Hamınızı istəyirəm. Axı onların redaktoru yoxdur, ona görə istəməliyəm. Könül sizi istəyir. Qalanı da mənlikdir.

Gülnar Əliyeva:

- “Stupitsiya” olacaq?

- Nə qədər ki, İntiqam oradadı, olacaq. Ona görə, “stupitsiya” olmamaq üçün çalışın.

Aygün İlqarqızı:

- Maraqlıdır, verilən bütün bu sualları neçə dəqiqə içərisində cavablayacaqsınız?

- Aygün bura çatandan sonra saata baxdım. Suallarla başımı qatıb istirahət edirsiniz, eləmi?

Leyla Əliyeva:
- Kimlə daha çox mübahisən düşür?

- Cavab verim. Yəqin ki, bilirsən. İlk yerdə Vüsaldır. Sonrakını demirəm.

Elçin Murad:

- Bu dəqiqə ölkə gündəmində olan saytlardan futbol komandası təşkil etsəydin, qapıya kimi, hansı saytı qoyardın?

- Elə özümüzü. Qapıya gələni də, gedəni də yola salmaq lazımdır. Özümüzdən yaxşısı yoxdur.

- Bu da mənim sualım, soruşum, ürəyimdə qalmasın… Sən Allah, düzünü de: niyə təzə redaktor təyin olunduğun vaxtlarda məndən zəhlən gedirdi?

- Cəvahir, yenə səhv ünvandasan, mənim heç kimdən zəhləm getmir. Ona görə, yenə get özün-özünlə söhbət elə. Amma özünü sillələmə. Baiskar olmaq istəmirəm...

Cəvahir Səlimqızı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm