Hüseyn Cavidin 132 illiyi ilə bağlı tədbir keçirildi
Bizi izləyin

Tabloid.az

Hüseyn Cavidin 132 illiyi ilə bağlı tədbir keçirildi

Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 132-ci ildönümü münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyi və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin (YİH) birgə təşkilatçılığı ilə ədibin abidəsi önündə tədbir keçirildi.

Publika.az xəbər verir ki, tədbirdə Cavidşünaslar, musiqişünaslar, bədii qiraət ustaları, bir sıra dövlət və mədəniyyət xadimləri iştirak ediblər. Tədbir iştirakçıları H.Cavidin abidəsinin önünə tər güllərdən hazırlanmış əklillər qoydular. Bakı şəhəri Yasamal İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov tədbiri giriş sözü ilə açaraq dramaturqun həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqda ətraflı məlumat verdi. Daha sonra akademik Teymur Kərimli çıxış edərək Hüseyn Cavidin keşməkeşli həyat yolu, XX əsr Azərbaycan dramaturgiyasının inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı.

Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Gülbəniz Babaxanlı çıxış edərək bildirdi ki, Hüseyn Cavidin yaradıcılığı, onun zəngin irsi təkcə ölkəmizdə yox beynəlxalq səviyyədə tədqiq və təbliğ olunur. Bu il Hüseyn Cavidin Ev Muzeyinin təşəbbüsü ilə ingilis dilinə tərcümə edilmiş “Şeyda” və “Topal Teymur” əsəri ABŞ-ın Çikaqo Universitetində tədris olunacaq.

Tanınmış cavidşünas alim Kamran Əliyev, xalq şairi Nəriman Həsənzadə, İstanbul Azərbaycan Kültür Evinin rəhbəri, şair Hikmet Elp, H.Cavidin nəşinin Sibirdən vətənə gətirilməsində yaxından iştirak edən Həmid Cəfərov, Hüseyn Cavid ədəbi məclisinin rəhbəri, Kamalləddin Qədim çıxış edərək H.Cavidin nəsillərə örnək olacaq zəngin və təkrarsız yaradıcılığının zaman keçdikcə daha çox aktuallıq kəsb etdiyini bildirdilər və xalqımızı bu əziz gün münasibətilə təbrik etdilər.

Tədbir konsert proqramı ilə davam etdi. Xalq artisti Mələkxanım Əyyubovanın, əməkdar artist Nuriyyə Hüseynovanın ifasında H.Cavidin sözlərinə bəstələnmiş mahnılar səsləndirildi. Cavidsevər Qəndab Əhmədova H.Cavidin şeirlərindən parçalar səsləndirdi.

Sonda “Turan Cavid: Ömür Salnaməsi” kitabının təqdimat mərasimi keçirildi və kitab tədbir iştirakçılarına hədiyyə olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm