Futbolçunun ölümü - qırmızı kart əvəzinə güllə: “Gəbər”
Bizi izləyin

Cinayət tarixçəsi

Futbolçunun ölümü - qırmızı kart əvəzinə güllə: “Gəbər”

Cənubi Afrika Respublikasının milli futbol komandasının, həmçinin "Orlando Payrets" klubunun qapıçısı Senzo Meyiva sevgilsinin evinə quldur basqını zamanı güllələndi. 27 yaşlı futbolçu ağır halda xəstəxanaya çatdırıldı. Həkimlər əllərindən gələni etsələr də, idmançının həyatını xilas etmək mümkün olmadı.

Bu hadisə futbolçuların meydanda və meydançadan kənarda həlak olduqları ilk hadisə deyil.

Tipik hadisə

Afrikanin ən varlı ölkəsi olan CAR üçün bu, tipik hadisədir. Yəni soyğunçuluq və quldurluq o qədər geniş yayılıb ki, heç kimi heyrətləndirmir. Əgər Senzo Meyiva adi futbolçu olsaydı, bu qətl onun qohumlarından və polislərdən başqa heç kimi maraqlandırmayacaqdı.

Lakin mərhum milli futbol komandasının qapıçısı, tanınmış futbolçu idi. Hadisə baş verən kimi bu haqda dünyanın bütün kütləvi informasiya vasitələri xəbər yaydılar.

Hələlik, hadisə ilə bağlı o məlumdur ki, Meyiva sevgilisinin evində tək olmayıb. Evdə daha 6 nəfər qonaq varmış. Qapını quldurlara elə Senzo Meyiva açıb. Bir müddət söhbət ediblər. Quldurlardan biri söhbət edərkən o biri küçədə gəlib-gedənləri güdürmüş. Sonra atəş açılıb. Maraqlıdır ki, evdən heç nə oğurlanmayıb. Futbolçunun qatillərlə söhbət etməsindən belə görünür ki, onlar tanış olublar.

Bəlkə də, Senzo Meyiva elə sevgilisinin güdazına gedib. Onun sevgilisi Canubi Afrika Respublikasında şou-biznesin üzdə olan isimlərindən biri, müğənni Kelli Kxumalo olub. Evli futbolçu ilə müğənninin romanı çoxlarının xoşuna gəlmirdi. Hər halda, istintaq bunu araşdıracaq. İndi bu barədə bir söz demək çətindir.

"Qol" "qol" - "gəbər"

Futbolçuların qətlindən danışarkən ilk olaraq kolumbiyalı Andres Eskobarın faciəvi ölümü yada düşür.

1994-cü ilin Dünya Çempionatında Eskobar öz qapısına avtoqol vurdu. Bundan sonra Kolumbiya millisi növbəti mərhələyə keçmək şansını itirdi.

10 gündən sonra futbolçu doğma Medelyin şəhərində, öz şəxsi avtomobilində güllələndi.

Polis qatillərdən birini – Umberto Munosa Kastronu həbs etdi. Şahidlərin sözlərinə görə, Umberto futbolçuya 12 dəfə atəş açmışdı. O, hər tətiyi çəkəndə də "qol", "qol" deyə bağırırmış.

Kastroya 43 il həbs cəzası verdilər. Sonra həbs müddətini 26 ilə saldılar. Lakin 10 il tamam olanda onu nümunəvi davranışa görə həbsxanadan azad etdilər.

Qatil hakim

Latın Amerikasında belə hadisələr çox olur. 2013-cü ildə oyunların birində Abreu adlı futbolçu hakimə etiraz edərək ona sillə vurmuşdu. Cavabında hakim cibindən qırmızı kart yox, bıçaq çıxardı və futbolçunu yaraladı. Abreu xəstəxanaya çatmamış öldü. Fanatlar polisin gəlməsini gözləməyərək linç etdilər. Hakimin başını kəsib idman nizəsinə taxdılar.

1970-ci illərdə buna oxşar hadisə Argentinada baş vermişdi. "Huventud" və "General Kabelyero" klublarının oyunu zamanı hakim yerli komandanın oyunçusuna qırmızı kart göstərdi. Futbolçu buna etiraz edərək yumruqlarını havada yellədi. O, hakimin üstünə cumanda heç kimin gözləmədiyi hadisə baş verdi. Hakim qırmızı kartı cibinə qoyub, o biri cibindən tapança çıxardı və on minlərlə tamaşaçının gözü qarşısında futbolçunu güllələdi. Hakim tapança əlində stadionu tərk etdi. Fanatlardan heç kim ona hücum etməyə ürək etmədi. Polis qatil hakimin axtarışına çıxdı. Lakin ölən futbolçunun qardaşı hakimi polisdən daha tez taparaq onu güllələdi.

2009-cu ildə Bağdadda həvəskar "Hillah" və "Sinyara" komandaları arasında gərgin matç gedirdi. "Sinyara" komandası 1-0 irəlidə idi. Oyunun 90-cı, yəni sonuncu dəqiqəsində "Hillah"ın hücumçusu rəqib qapıçı ilə təkbətək çıxdı. Qol vurulsa, hesab bərabərləşəcəkdi. Lakin hücumçu qol vura bilmədi. "Sinyara" fanatlarından birinin atdığı güllə onun həyatına son qoydu.

Karyeranı bitirəndən sonra...

Ölüm futbolçuları tək meydançada haqlamır. Karyerasını başa vurmuş futbolçulardan da qətlə yetirilənlər var. Ötən il braziliyalı Xuan Rodriqo Silva Santos adlı futbolçu naməlum şəxslər tərəfindən oğurlandı.

Səhəri gün futbolçunun arvadı evlərinin qapısının ağzında ərinin kəsilmiş başını idman çantasından tapdı. Gözləri çıxarılmış, dili yerindən qoparılmışdı. Tezliklə, polis onun cəsədini tapdı.

Ola bilər ki, bu, küçə bandalarının intiqamı idi. Bir müddət əvvəl Xuanın evinə soyğunçular girmişdilər. Xuan evindəki videokameraya düşmüş soyğunçuların fotolarını "Facebook" sosial şəbəkəsində yerləşdirərək cinayətkarların tanınması və tapılması üçün fanatlarından yardım istəmişdi.

2003-cü ilin yanvarında isə Moskvada, Dmitriyevski şossedə "Torpedo" komandasının keçmiş forvardı Yuri Tişkov öldürüldü. İstedadlı hücumçu zədə ucbatından karyerasını tez başa vurmuşdu. Futbol karyerasına son qoyduqdan sonra "RTR" kanalında şərhçi kimi çalışırdı. Onu bıçaq zərbələri ilə öldürdülər. Hadisə ilə bağlı istintaq hələ tam yekunlaşmayıb.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm