BAŞ... daşı! Baş... ƏY!!!
Bizi izləyin

Digər

BAŞ... daşı! Baş... ƏY!!!

Bütün iddialı və yekəxana, özündənrazı, hamıdan narazı, alçaq təpələri özünün, pislikləri şeytanın yaratdığını düşünən adamlar üçün yazdım. Həm də insan olan oxuculara görə...

Bir az kobud da deyərəm, bir az məhzun da. Amma nəyi necə desəm, sevərək deyərəm.
Son vaxtlar sosial şəbəkənin verdiyi nəhayətsiz imkanlar, qlobal düşüncə, açıq təfəkkür belə məni ovutmur!!! Ən azından malik olduğum və cəmiən malik olduğumuz nəsnələr belə acizdir!
Bugünkü Azərbyacan başdan-ayağa, təpədən dırnağa allı-güllü gəlindi, ağ at belində meydan sulayan yaraşıqlı bəydi – informasiya baxımından!

Bugünkü Azərbaycan üstündə gəlinliyi cırılmış, didik-didik olmuş, atdan salınıb ayaqlar altına alınmış, qanına qəltan olunmuş, amma və lakin bir-birinə “sarmaş-dolaş” qan içində bəylə gəlindi – informasiya baxımından!

Bugünkü Azərbaycan və vətəndaşları məclisin yuxarı başında yerini haqq etmiş ağsaqqaldı – status baxımından!

Bugünkü Azərbaycan və vətəndaşları özünə hörmət qoymayan, yüksəklikləri əldən verib, dərələrdə yesir qalan urvatsız bir miskindi – status baxımından!

Bugünkü Azərbaycan süfrəsində nazı-neməti əskik olmayan, əynində zərxara, ipək kofta, mahud arxalıq, qapısından qonaq-qarası əskik olmayan buxara papaqlı bəy evidi!

Bugünkü Azərbaycan əynində sarı redinqot, cibində sarı pasport... küçələri dolaşan səfil “katorjnik”di!
Amma və lakin... mən bunları düşünmürəm! Azərbaycanı necə görənlərin və görmək istəyənlərin qənaətini söylədim buracan. Bundan sonra yazacağımdı mənim gördüyüm Azərbaycan!

BAŞDAŞI!!!

Hər nəsnənin bir assosiasiyası var. Başdaşı bitimdi, sondu! Təxminən bir il olar iki körpə fidanın başdaşına səcdəsini görürəm sosial şəbəkədə. Varımdan yox oluram. Məhz bu iki körpənin ağrısı-acısı, dərk etdikləri qədərincə ağladıqları göz yaşı düşmən gülləsindən də ötə gəlir mənə. Və... bu paylaşımları iddialı və yekəxana, özündən razı, hamıdan narazı, alçaq təpələri özünün, pislikləri şeytanın yaratdığını düşünən adamların tumu görür... eləcə də insan olan oxucular da.
Heç nə dəyişmir!

Uzun illər... o iki məsum körpə - o iki qızın səcdəyə gəldiklərini, baş əydiklərini görəcəyik!

O qızlar böyüyəcək və ataların əsrlərlə dediyi sözlərin anlamını dəyişəcək: atasız qızın özü, anasız qızın sözü böyüyəcək!!!!

Mən o qızların Azərbaycan üçün ən yaxşı qızlar, nümunə qızlar olacağına inanıram – onları YAXŞI VƏ ALİ OLAN hər şeyə evdə olanda gecələr balışlarına, qəbristanlıqda başdaşına, həyatda boyundaşına gözlərinin yaşı çatdıracaq! Çünki onlar analarının yoxluğuna dünyada ən çox göz yaşı axıdan balalar kimi... böyüyəcəklər! Böyük olacaqlar! Böyüklük edəcəklər!

Biri Xatundu, biri İnci!!!

Biri XATUN olacaq, biri İNCİ! Atalarına başsağlığı vermədiyim, verməyə dilim gəlməyən, bu yoxluğu bir daha və yenidən eşitdirmək istəmədiyim qələm həmkarım Anarın qızları!
Yaxşı, mən jurnalistəm, yaza bildim, bəs sizlərin də belə acınız yoxdumu?
Yaxşı, bəs sizlərin də cavan rəhmətə gedən ər qardaşınız yoxdumu?
Yaxşı, bəs sizlərin də vaxtsız köçən xanım qızlarınız yoxdumu?
Axı qar yağanda bütün damlara eyni yağır. Hər evin öz dərdi var!
Bə onda dərdlərinizə niyə baş əymirsiniz, dərdlərinizdən niyə boy atmırsınız, boylanmırsınız, ərimirsiniz?

Başdaşına əyilmək BÜTPƏRƏSTLİK deyil, ay sovet şinelindən çıxan urusbaş babalardan hamilə qalan nənələrin nəvələri-nəticələri-kötücələri-atıcıları-yadıcıları!

Bu... sadəcə... sənə, eləcə də hamıya müqəddəs RUHA SƏCDƏnin vizual sərgisidi!!!

Bu çiynində baş daşıdığının ifadəsidi, başının diriykən başdaşı olduğunun təkzibidi! – başındakının daşlığına etirazdı!

Və mən çiynində BAŞ DAŞIyanları anlamıram! Çiynində başdaşı olanları anlayıram!

Və mən... iddialı və yekəxana, özündən razı, hamıdan narazı, alçaq təpələri özünün, pislikləri şeytanın yaratdığını düşünən adamların üzbəüzündə durub onları mərhəmətə dəvət etmirəm – bu onlar üçün Allahı mərhəmətli bilmək qədərincə şərəfli olar! Və mən onları hökm sahibi bilmirəm – hökm Allaha məxsus! Və mən onları nəinki insan olmağa, heç adam olmağa da səsləmirəm! Mən Allahın yaratdıqlarını redaktə edəsi gücdə deyiləm!

Sadəcə, səslənirəm: onsuz da sonda BAŞDAŞIndan boylanacaqsınız, fəqət, indidən düşünsəniz bunu, BAŞ DAŞIyacaqsızın çiyninizdə!

Sizlərə yazığım gəlmir deyə, demirəm ki, sizə əziyyətdi!

Onsuz da iddialı və yekəxana, özündən razı, hamıdan narazı, alçaq təpələri özünüzün, pislikləri şeytanın yaratdığını düşündüyünüzdən yana əzab içindəsiniz!

Mən Azərbaycanı üstündə gəlinliyi cırılmış, didik-didik olmuş, atdan salınıb ayaqlar altına alınmış, qanına qəltan olunmuş, amma və lakin bir-birinə “sarmaş-dolaş” qan içində bəylə gəlin, Azərbaycanı və vətəndaşlarını özünə hörmət qoymayan, yüksəklikləri əldən verib, dərələrdə yesir qalan urvatsız bir miskin, əynində sarı redinqot, cibində sarı pasport... küçələri dolaşan səfil “katorjnik” kimi görməsinlər deyə, bunu yazıram!!!

Mən Azərbaycanı başdan-ayağa, təpədən dırnağa allı-güllü gəlin, ağ at belində meydan sulayan yaraşıqlı bəy, Azərbaycanı və vətəndaşlarını məclisin yuxarı başında yerini haqq etmiş ağsaqqal, süfrəsində nazı-neməti əskik olmayan, əynində zərxara, ipək kofta, mahud arxalıq, qapısından qonaq-qarası əskik olmayan buxara papaqlı bəy evi görsünlər, bilsinlər deyə bunu yazıram!

Müqəddəs ruha səcdə bütpərəstlik deyil!

Əyin başınızı! Səcdədə olun!

Azərbaycan dünyanın gözündə ölüb e... – hələ də fərqində deyilsinizmi?

Yaşada bilmədiniz bilmədiniz, heç olmasa, başınızı əyin!

Əyin ki, görsünlər: heç olmasa, RUHUNUZU MÜQƏDDƏS BİLİRSİNİZ, ay iddialı və yekəxana, özündən razı, hamıdan narazı, alçaq təpələri özünün, pislikləri şeytanın yaratdığını düşünən adamlar!

SON

Baxin bu şəklə... bu məsum qızlar analarını sevdikləri, andıqları, ağladıqları qədər sevin, anın, ağlayın Azərbaycan üçün, Azərbaycan qarşısında - RUHUNUZ OLSUN, ay başdaşıları!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm