Qızınmadım istisinə, dəm oldum tüstüsünə - DƏM QAZI KABUSU
Bizi izləyin

Qırmızı.az

Qızınmadım istisinə, dəm oldum tüstüsünə - DƏM QAZI KABUSU

Bu ilin yanvarın 1-dən aprelin 29-dək Bakıda dəm qazından zəhərlənməyə görə təcili yardıma 860 müraciət daxil olub. Müraciətlər paytaxtın müxtəlif ərazilərini əhatə edib. Nəticədə 622 nəfər xəstəxanaya yerləşdirilib. Digərlərinə isə ev şəraitində yardım göstərilib. Bu, yalnız paytaxtda və yalnız təcili yardıma olan müraciətlərin göstəricisidir.

Artıq havaların soyuması yenidən dəm qazı zəhərlənmələrini gündəmə gətirib. Hər il artan rəqəmlər fonunda rəsmi qurumlar məsuliyyətdən yayınır və itirilən həyatların səbəbkarının müəyyən edilməsi çətinləşir. Bir çox hallarda günahın öləndə olduğu deyilməklə, özlərini tam məsuliyyətdən azad edirlər. Baxmayaraq ki, vətəndaşın saxta qaz sobası almasında, hamam otaqlarının tələblərə uyğun olmaması, qaz sobalarının düzgün quraşdırılmamasında da həmin qurumlar məsuliyyət daşıyır. Bu il zəhərlənmələrin sayının daha az olması üçün qurumlar tərəfindən hansı işlərin görülməsi ilə maraqlandıq.

30 ildir tüstü bacaları təmizlənmir

Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımov hesab edir ki, dəm qazı zəhərlənmələrində ən başlıca səbəb illərdir təmizlənməyən tüstü bacalarıdır:

“Azəriqaz” əvvəlki illərə nisbətən son illər təbliğat işləri aparır. Əsas səbəb maarifləndirmə deyil, zəhərlənmələrin artmasında səbəb 30 ildən çoxdur ki, tüstü bacalarının təmizlənməməsidir. Bu işi Mənzil Kommunal İstismar Sahələri (MKİS), korporativ binalarda isə bina sədrləri həyata keçirməlidir. Mətbuatda, televiziyada hazırlanan materiallardan elə təəssürat yaranır ki, guya MKİS-lər bu işi həyata keçirir, lakin bu yalandır. Bacaları "kirpi" deyilən avadanlıqla təmizləmək lazımdır. Göstərilən çəkilişlərdə isə belə bir alətdən istifadəyə heç vaxt rast gəlməmişik.

Mövcud standarta görə, düz axımlı su axıdıcıların tüstü bacaları ildə iki dəfə, digər qızdırıcı cihazların bacaları isə ildə bir dəfə təmizlənməlidir. Hətta vətəndaş özü təmizlətmək istəsə də, bu işi görən qurum yoxdur. Bu qurum varsa belə, realda işi görünmür”.

Ekspert hesab edir ki, insanlar özləri də qaza qarşı özbaşına yanaşırlar. Evləri təmir edəndə hava təmizləyən ventilyasiya sistemlərini qapadırlar.

“Qaz sobalarını harada gəldi quraşdırırlar. Çox zaman bu iş qeyri-peşəkarlar tərəfindən edilir. Bundan başqa, sobaları yandırıb yatmaq olmaz. Hamamın qapısı çölə açılmalı, aşağı hissədə 0.02m-dən az olmayan boş sahə qoyulmalıdır. Xüsusi qızdırıcılar quraşdırılan hamamların hündürlüyü minimum 2.20 sm olmalıdır. Hər qızdırıcını şəbəkəyə qoşmaq olmaz.

Zəhərlənmələr yalnız evlərdə deyil, müxtəlif obyektlərdə də baş verir. Bu baxımdan istər sahibkarlar, istərsə də sadə vətəndaşlar qaz siqnalizasiya aparatları quraşdırılmalıdır ki, qaz sızması olanda avtomatik xəbərdarlıq etsin. Bu cihazın qiyməti 12 manatdır”.

Qazdan qanunsuz istifadə ilə bağlı 548 akt tərtib edilib

“Azəriqaz” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri (sabiq-red) Araz Ağayev bildirilib ki, qazdan istifadə qaydaları ilə bağlı vətəndaşların üzərinə düşən vəzifələrə əməl etmələri zəhərlənmələrin qarşısını almaqda ən vacib amildir:

“Qaydalara əsasən, abonentlər qaz cihazlarından onların texniki pasportunda göstərilən qaydalara uyğun istifadə etməlidirlər. Tüstü bacalarının necə işləmələri diqqətdə saxlanmalıdır. Qaz cihazlarının standarta uyğun olduğunu da bilmək lazımdır, bunun üçün sobanı alanda uyğunluq sertifikatının olmasına diqqət edilməlidir. Hamam otaqlarında nəfəslik olmalıdır. Çünki dəm qazı yanacaq məhsullarının natamam yanma prosesindən əmələ gəlir. 1 kub metr metanla təbii qazın yanması üçün otaqda 9.5 kub metr hava olmalıdır. Tüstü bacası normal işləməyən mənzillərdə dəm qazının olacağı istisna deyil”.

Qazın keyfiyyətinin dəm qazı zəhərlənmələrindəki roluna toxunan qurum sözçüsü qazın keyfiyyətinin dövlətlərarası standarta uyğun olduğunu bildirib. Onun sözlərinə görə, qazın keyfiyyətində problem olsaydı, yayda da zəhərlənmələr olardı.

A.Ağayev bununla bağlı hər il payız-qış mövsümündə maarifləndirmə işləri apardıqlarını, qaz sobalarının texniki baxşının həyata keçirildiyini bildirib.

“Bu il yaz aylarına qədər texniki baxış yerli qaz istismar sahələri tərəfindən həyata keçirilirdi. Artıq bu işləri görmək üçün “Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi” adlı qurum yaradılıb . Bu qurum qaz kəmərlərinə qeyri-qanuni birləşmələr, mənzillərdə cihazların yerinin qanunsuz dəyişdirilməsi və təbii qazdan istifadə ilə bağlı abonentlərin məlumatlandırılması ilə məşğul olacaq. Yay aylarından başlayaraq mənzillərdəki sobalara texniki baxış keçirilir. Əvvəl bu işlər nəzarətçi çilingərlər tərəfindən həyata keçirilirdisə, yeni sahədə bunu peşəkar mühəndislər edir”.

O, sentyabr ayında təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı 548 akt tərtib edildiyini bildirib. Bunların 227-si Abşeron-Sumqayıt və Bakı şəhəri üzrə, 321 akt isə digər bölgələrdə tərtib edilib. Qazdan bu cür istifadə halları da zəhərlənmələrə səbəb olan amillərdəndir.

Rəsmi qurumlara təlimat verilib

Dövlət Yanğın nəzarəti xidmətinin Yanğın nəzarəti işinin təşkili şöbəsinin rəis müavini Məhərrəm Novruzov icra hakimiyyəti orqanları, MKİS-lər və digər aidiyyəti orqanlara təlimatlar verildiyini bildirib.

“Baxmayaraq ki, maarifləndirmə bizim işimiz deyil, lakin vətəndaşların məlumatlandırmasında lazımı işlər görürük. Bu hadisələr ən çox hamam otaqlarında baş verir. Ona görə də həmin otaqlara baxış keçirilir, qapılarda lazımı dəliklər açılır. Yaxın zamanda qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları binalarda təlimatlandırma işləri aparılacaq. Bu işlər əsasən payız-qış mövsümündə intensiv olsa da, il boyu, xüsusən əhalinin sıx yaşadığı ərazilərdə davam etdirilir. Tüstü bacalarının təmizlənməməsi faktları aşkarlananda əhaliyə xəbərdarlıq edirik ki, aidiyyəti qurumlara məlumat versinlər”.

Qurumlar problemdən boyun qaçırır

Millət vəkili Fazil Mustafa deyir ki, dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün aidiyyəti qurumların üzərinə məsuliyyət düşür. Millət vəkilinin fikrincə, həmin qurumlar vəzifələrini, görməli olduqları işləri bilsələr də, lazımı tədbirlər görməkdə maraqlı deyil.

“Qışda qazın tərkibində müəyyən problemlərin olması dəm qazı zəhərlənmələrinin sayını artırır. İndidən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tüstü bacalarının təmizlənməsi ilə bağlı müvafiq qurumlara tapşırıq verilməli idi. Bəzi rayonlarda bu iş aparılsa da, bu hal kütləvi deyil. Bir neçə il əvvəl İrandan gətirilən sobaların təhlükəli olması ilə bağlı məlumat yayıldı. Lakin hələ də satışda həmin sobalara rast gəlmək olur. Bu məsələyə də diqqət yetirilməlidir. Ümumi məsuliyyətli yanaşma olmayanda problem qalacaq. Təəssüf ki, yeni bir obyekt açılanda bütün qurumlar ora gəlib maraqlanır, lakin vətəndaşın problemini həll etməkdə maraqlı olmurlar. Çünki vətəndaşdan fərqli olaraq həmin obyektlərdə pul var. Qurumların yarıtmaz fəaliyyətinin nəticəsində problem həllini tapmır”.

Zəhərlənənlərə ilkin tibbi yardım

Həkimlər isə məsləhət görürlər ki, dəm qazı zəhərlənməsində təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq lazımdır. İmkan olduqda oksigen yastıqlarından istifadə edilir. Alın və sinəyə soyuq kompres qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin. Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vaxtında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir. Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkə ilə də əvəz etmək olar.

Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda ürək masajı edilməlidir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm