Polis Akademiyasının məzunları işlə təmin olundu
Bizi izləyin

Qırmızı.az

Polis Akademiyasının məzunları işlə təmin olundu

Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasının qiyabi şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, bu üsulun son illər praktikada özünü doğrultduğunu vurğulayıb.

Gənc əməkdaşları həyatlarında ən əlamətdar günlərdən biri - yeni vəzifələrə təyin edilmələri və zabit rütbəsi daşımaq şərəfinə nail olmaları münasibəti ilə təbrik edən nazir ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən nazirliyin Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Tədbirə yekun vuran daxili işlər naziri Ramil Usubov məzunları bir daha təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb. Gənc əməkdaşlara daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, gündəlik fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, polis adını hər zaman uca tutmalarını tövsiyə edən nazir əmin olduğunu bildirib ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, yüksək etimadı doğruldaraq dövlətçiliyə, xalqa və Vətənə, anda sədaqətlə xidmət edəcəklər.

Püşkatmada iştirak edən iddiaçılar daxili işlər nazirinin müvafiq əmrləri ilə Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində orta rəis heyəti vəzifələrinə təyin olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm