“Qondarma “siyasi məhbus” məsələsinə yeni yanaşma Avropanın gözünü açacaq”
Bizi izləyin

Nida.az

“Qondarma “siyasi məhbus” məsələsinə yeni yanaşma Avropanın gözünü açacaq”

Madriddə İspaniya Parlamentində toplaşan AŞPA Hüquq Məsələləri Komitəsində birbaşa Azərbaycanla bağlı olan iki həssas məsələ müzakirə edilib.



Bu barədə Publika.az-a AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri, AŞPA-dakı nümayəndə heyətimizi üzvü millət vəkili Elxan Süleymanov məlumat verib.



Onun sözlərinə görə, Lüksemburqdan olan sosialist deputat, məruzəçi İv Kruxtenin hazırladığı “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı” mövzusunda yenilənmiş giriş memorandumuna dair suallar və müzakirələrlə müşayiət edilən dinləmə keçirilib: “Bu sənədin mühüm hissəsində yanlış faktlara əsasında Azərbaycana kəskin hücum edilib və qərəzli nəticələr çıxarılıb. Daha sonra İspaniya Xalq Partiyasının deputatı, məruzəçi Pedro Aqramunt “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir?” mövzusunda məlumat qeydini təklif etdi. Məruzəçi öz sənədinə yalnız QHT-lərin birtərəfli mövqeyini deyil, Azərbaycanın hökumətinin mövqeyini də daxil etdiyindən, bu mətn daha tarazlaşdırılmış idi. Çünki belə həssas məsələ ilə bağlı hər iki fikri əks etdirirdi. AŞPA-nın bu mövzuda əvvəlki bütün sənədləri ilə müqayisədə, məruzəçinin bu mətninin birtərəfli olmaması məni razı saldı və mən öz fikrimi izah etdim. Hüquq Məsələləri Komitəsinin üzvü kimi məruzəçinin qaldırdığı məsələlər barədə geniş mülahizələrimi hazırlayıb, ona ötürməyi məndən xahiş etdi. Məruzəçi təklif etdiyim əksər məqamları sənədinə daxil etdi və iclas zamanı buna görə ona öz təşəkkürümü bildirdim”.



E. Süleymanov iclasda yenidən hüquqi yanaşmanın zəruriliyini vurğulayıb: “Buna baxmayaraq, həm məruzəçini, həm də bu komitənin üzvlərini bu məsələyə sırf hüquqi müstəvidən yanaşmağa çağırıram. Cəmiyyətdə tanınması, siyasi dostluğu, xarici qrant müsahibələrin qalibi və sair bu kimi hallara görə siyasi məhbus olmaları iddia edilən fərdi işlər bizi bu gün sanki hipnoz edib. Şübhəsiz, biz də məruzəçinin kimi bu və ya digər QHT-nin siyahısını kor-koranə təkrarlayaraq, istənilən siyahı hazırlaya bilərik. İstənilən halda - bu siyahı qəbul edilsə də, rədd edilsə də, hər zaman siyasi qurumda bu və ya digər təsadüfi cari siyasi çoxluğun nəticəsi olacaq. Bu səbəbdən nəticədə siyahımız “hüquqi” deyil, hər zaman “siyasi” siyahı olacaq”.



Daha sonra komitədəki həmkarlarına birbaşa müraciət edən E. Süleymanov hüquqi dəyərləndirmənin heç vaxt siyasi müzakirənin, yaxud kor-koranə səsvermənin nəticəsi olmamasını diqqətə çatdırıb: “Biz hakim deyilik, bütün bu məsələlər isə hüququn aliliyinin mahiyyətidir. Siyasi məhbusların fərdi məhkəmə işləri açıq-aydın hüquqi məsələdir. Azərbaycan Avropa Şurasının üzvü olaraq Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub, Avropa İnsan Hüquqları Məhkəməsinin üzvüdür. Hər bir Azərbaycan vətəndaşının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ var”.



Azərbaycanlı deputatın bu çıxışı komitənin bir neçə üzvü tərəfindən dəstəklənib. Onlar “Siyasi məhbus olduğunu iddia edənlər - istər ayrı-ayrı siyasətçilər, istərsə də QHT-lər və beynəlxalq təşkilatlar - həmin şəxslərin siyasi məhbus olduğunu sübut etmək üçün məhkəmədə iddia qaldırmalıdırlar” və “Kimin siyasi məhbus olub-olmadığına yalnız məhkəmə qərar verməlidir. Bu, biz siyasətçilərin və hüquq müdafiəçilərinin işi deyil. Bu, hüquq və məhkəmə işidir. Bəzilərimiz məhkəmənin səlahiyyətini ələ almaq üçün bəhanələr gətiririk. Lakin bu, nə bizim məsuliyyətimiz, nə də səlahiyyətimizdədir” kimi çıxış ediblər.



Məruzəçi Aqramunt da Azərbaycanın bu günə qədər insan hüquqları sahəsində xeyli bu cür iddialarla üzləşdiyini deyərək, bəzi yeni və gözlənilməz məqamları vurğulayıb.



“Siyasi məhbus olduğu iddia edilənlərin əksəriyyəti vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamları ilə həbs ediliblər. Bu qəribə ittiham məni təəccübləndirdi və xüsusi diqqətimi çəkdi. Aydındır ki, vergidən yayınma məsələsi bir sıra qeydiyyatsız QHT-lərin xaricdən əhəmiyyətli miqdarda maliyyə yardımı alması və bunu elan etməməsi, eləcə də maliyyənin şəxsi maaş üçün ayrılan hissəsini elan etməməsi ilə birbaşa əlaqəlidir. Xahiş edirəm nəzərə alın ki, bu QHT-lərin bəzisi heç vaxt qeydiyyat üçün müraciət etməyib. Lakin hesablarına böyük məbləğdə pullar daxil olub. Maliyyə şöbəsi tərəfindən müəyyən edilən həmin fəallar vergidən yayınmada ittiham edilərək, məhkum edilib. Hamımız bilirik ki, siyasi partiyaları, vətəndaş cəmiyyəti qruplarını və ya fəalları dəstəkləmək üçün xaricdən pul vəsaitinin köçürülməsində tam şəffaflıq prinsipi bir çox üzv dövlətlərdə ümumi qəbul olunmuş müsbət təcrübədir Mən məruzəmi təqdim edənə qədər bu həssas məsələni tamamilə aydınlaşdırmaq istəyirəm” , - deyə məruzəçi bildirib.



E. Süleymanovun sözlərinə görə, ən maraqlı məqam məruzəçinin məsələyə daha geniş müstəvidən yanaşması, diqqəti Azərbaycanın qlobal enerji bazarında başlıca iştirakçı kimi geosiyasi mövqeyinə yönəltməsi olub.



“Olduqca təəccüblüdür ki, qlobal enerji bazarında Azərbaycanla birbaşa rəqabət aparan ölkələr müxalifət partiyalarını və fəalları pul vəsaiti ilə təmin edir. Bəziləri bunun təsadüf olduğunu deyir. Lakin məsələni bu baxımdan daha yaxından araşdırsaq, burada başqa maraqların olduğunu açıq-aydın görərik. Nə üçün belə kiçik ölkənin fəalları digər gənc demokratiyalarda fəallara verilən qrantlara tamamilə qeyri-mütənasib olaraq, böyük məbləğdə xarici qrantlar alır? Beləliklə, gələcəkdə bu aspekti də araşdırmaq istərdim. Donor ölkələrin mühüm maliyyə səylərinin hamısını və onların insan hüquqlarından əlavə, digər sahələrdəki mümkün maraqlarının təfsilatlı siyahısını tərtib etmək maraqlı olacaq” – deyə məruzəçi çıxışında bildirib.



E. Süleymanovun sözlərinə görə, bütün bu mülahizələr olduqca gərgin müzakirəyə yol açsa da, “qondarma siyasi məhbus” məsələsinə yeni yanaşmanın Avropanın gözünü açacağına ümid edir: “Bu məlumat qeydinin müzakirəsindən əvvəl İv Kruxtenin hazırladığı “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı” mövzusunda yenilənmiş giriş memorandumuna dair dinləmə və müzakirə keçirildi. Mən də “bu müzakirə ilə əlaqədar olaraq, hər fərdi məhkəmə işinə dair Azərbaycana qarşı irəli sürülən bütün birtərəfli və qeyri-müəyyən iddialara faktlarla cavab verən hərtərəfli sənəd hazırlamışam” deyə bildirdim.

Qeyd etdim ki, hazırladığım bu sənəd Kruxtenin memorandumunun yanlış yanaşmasını ifşa etmək məqsədilə Komitənin bütün üzvlərinə paylanıb. Mən müzakirələr zamanı yalnız QHT-lərin fəaliyyəti deyil, eləcə də onların maliyyələşməsinə diqqəti yönəltdim. Bildirdim ki, Azərbaycan qanunvericiliyində yerli QHT-lərin xarici mənbələr tərəfindən maliyyələşməsinin bütün hallarda şəffaf olması və buna görə də rəsmi şəkildə elan edilməsi tələb olunur. Bu qayda AŞPA-nın bütün üzv dövlətlərinə şamil olunur. Buna baxmayaraq, Azərbaycanda bir çox hallarda xarici qrantlar heç də öz benefisiarları tərəfindən elan edilmir. Benefisiar müxalifət liderləri və fəalları açıq-aşkar şəxsi mənfəət kimi istifadə etdikləri gəlir vergisini ödəmək istəmir. Bu, cinayət məsuliyyətidir. Lakin onlar nə zamansa məhkum edilərlərsə, beynəlxalq QHT-lər tərəfindən açıq şəkildə dəstəklənəcəklərini bilirlər. Bundan başqa, onlar indi məşhur olacaqlarına, bununla da insan hüquqlarına baxımından beynəlxalq qiymətlər və mükafatlar alacaqlarına ümid edirlər. Qəflətən məşhur olduqdan sonra isə gələcəkdə hətta bundan da böyük qrantlar almağa arxayın ola bilərlər. Ölkəmdə mövcud olan buna bənzər bir çox misallar çəkə bilərəm, lakin onları bir-bir sadalamağa ehtiyac duymuram. Daha sonra sözümə davam edərək bildirdim ki, son zamanlar xarici korporativ maraqlar bir çox ölkələrdə bir sıra çevrilişlərə sövq edib.

Bu gün bu ölkələr qanlı vətəndaş müharibələrindən, minlərlə mülki əhali tələfatından, cəmiyyətlər arasında ümumi durğunluq və bütün dünyada təhlükəli vəziyyətin yaranmasından əziyyət çəkir. Bu gün görürük ki, bu kimi maraqlar dövlətimizi və qurumlarımızı sarsıtmaq niyyətindədir. Bunu yalnız siyasi məhbusların qondarma siyahılarını hazırlayan yerli QHT-lərin maliyyələşməsi yolu ilə etmək mümkündür. Sifarişlər əsasında tərtib olunmuş qondarma siyasi məhbus oyunlarının bu dəfə baş tutmayacağını bilməyinizi istərdik. Bu qondarma siyasi məhbus problemini sifarişlə ortaya atanların yalnız bir məqsədi var:

Azərbaycanı avtoritar ölkə kimi təqdim etmək, onun imicini zədələmək və beynəlxalq aləmin diqqətini Azərbaycan torpaqlarının digər üzv dövlət tərəfindən qeyri-qanuni işğal altında olması faktından yayındırmaq. Bununla onlar Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinə xidmət edirlər. Mən müzakirənin sonunda Avropalı həmkarlarıma açıq müraciət edərək bəyan etdim ki, bütün bu riyakarlıqlara son qoyulmalıdır”.



Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm