Ruhi xəstə adı ilə xəstəxanaya yerləşdirilənlər - REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Ruhi xəstə adı ilə xəstəxanaya yerləşdirilənlər - REPORTAJ

“Həyat yoldaşını döydüyü üçün qardaşımın oğlu atasını Respublika 1 nömrəli Ruhi-Əsəb Xəstəxanasına yerləşdirdi. Bunun üçün qardaşımın oğlu ilə dalaşdım. Düzdür, qardaşım əsəbi idi. Amma fikirləşirdim ki, bu da onun Ruhi-Əsəb Xəstəxanasına qoyulmasına əsas vermir. Qardaşımın oğluna dedim ki, axı həmin xəstəxananın adı pis hallanır, nə üçün qardaşımı ora qoydun? Qardaşım 10 gün orda qaldı. Çox qorxurdum. Çünki, o vaxtlar deyirdilər ki, orda həkimlər xəstələrə iynə vururlar və bu, onların əsəblərinə daha da mənfi təsir göstərir. Hər gün qardaşımın vəziyyətini öyrənmək üçün onun yanına gedirdim. Xəstəxananın yeməkləri yaxşı idi. Ancaq biz yaxşı qidalanması üçün qardaşıma evdən yemək aparırdıq. Nə yalan deyim, dərmanların yarısını xəstəxana verir, yarısını isə mən alırdım. Həkimlərin köməyi sayəsində 10 gün sonra qardaşımın xəstəliyi sağaldı və onu xəstəxanadan çıxartdıq. Şükürlər olsun ki, indi yaxşıdır. Qızım, bugünkü kimi xatırlayıram, sovetin vaxtında xəstəxana pis vəziyyətdə idi. Özüm dezinfeksiyada işlədiyim üçün ora tez-tez gedirdik. Orada otaqlarda çoxlu bit olurdu. Təsəvvür edin, kişilər papaqlarını çıxarıb bizə verirdilər ki, dezinfeksiya edək. Ancaq indi orada vəziyyət yaxşıdır. Təmirdən sonra bu xəstəxanada təmizlik göz oxşayır”. Bu sözləri bizə Təranə (ad şərtidir) adlı xanım danışdı.

Təsəvvürümdə olmayan xəstəxana

Həyatda hər kəs şanslı doğulmur. Kimi sonradan, kimisi də anadangəlmə qüsurlu olur. Burada olan insanlar ağıllarını itirib, çətinliklərlə mübarizə apara bilməyiblər. Biz də onlara baş çəkmək, problemləri ilə maraqlanmaq üçün Respublika 1 nömrəli Ruhi-Əsəb Xəstəxanasına yollanmaq qərarına gəldik.

Bəli, xəstəxanaya çatdıq. Xəstəxana təsəvvürümdə canlandırdığımdan çox fərqli idi. Həmişə fikirləşirdim ki, bura yan-yana tikilmiş bir neçə binadan, həyəti isə ağaclardan ibarət yer olar. Lakin xəstəxananın həyətinə daxil olanda gördüm ki, buranı tək gəzsəm, bilərəm. Çünki, sahəsi çox böyük idi. İlk olaraq xəstəxananın ərazisinin nə qədər olduğunu öyrəndik. Bildirdilər ki, buranın sahəsi nə az, nə çox, düz 43.27 hektardır.

Hasarlanmış 43.27 hektarlıq bu sahə kimisi üçün iş yeri, kimisi üçün qohumunun qaldığı məkan, başqaları üçünsə sadəcə, “dəlixana”dır.

8776 nəfər xəstə

Xəstəxananın qəbul şöbəsinə yaxınlaşdıq və bildirdik ki, Sahiyyə Nazirliyindən icazə almışıq, məqsədimiz buradakı insanlardan reportaj hazırlamaqdır. Bizi çox yaxşı qarşıladılar. Daha sonra xəstəxanın baş həkiminin müavini Sevinc Hüseynovanın müşayiəti ilə gəzərkən sanki mənə sübut etmək istəyirdilər ki, burada hər şey yüksək səviyyədədir. Həqiqətən də, xəstəxanada tibbi heyətlə və yeməklə bağlı ciddi qüsurlar görmədim. Ancaq nəzərə almaq lazımdır ki, orada cəmi 2-3 saat qaldım, yəni çatışmazlıqları görməyə də bilərəm.

Həkim mənə “sizi daha çox nə maraqlandırır”, deyəndə xahiş etdim ki, bizə xəstələrin həyat hekayələri, buraya necə düşmələri barədə məlumat versinlər. “Sevinc xanım, sözlərim qəribə gəlməsin sizə, amma fikrimcə, burada şəraitin nə qədər yüksək olması belə, bu cür insanlar üçün az fərq edir. Onsuz da onlar üçün bu dünya “cəhənnəmdir”, - dedim.

Qeyd edək ki, 1 saylı Ruhi-Əsəb Xəstəxanası 1936-cı ildə tikilib. Bura Azərbaycanın ən böyük ruhi-əsəb xəstəxanasıdır. Xəstəxananın 18 şöbəsi var. Burada uşaq, yeniyetmə, narkoloji, qocalar, infeksiya, nevroz, kişi, qadın, vərəm, habelə ciddi rejimli məcburi müalicə, adi rejimli məcburi müalicə və s. şöbələr var. Hazırda orada Səhiyyə Nazirliyi tərəfindən yeni binalar da tikilir.

1 saylı Ruhi-Əsəb Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov bildirdi ki, bəzi regionlarda ruhi-əsəb xəstəxanaları bağlandığı üçün oradakı bütün xəstələr buraya köçürülüb: “Burada 8776 xəstə var. Hazırda Gəncə Şəki, Quba, və Lənkəran rayonlarındakı ruhi-əsəb xəstəxanaları yenidən tikildiyi üçün orada olan xətələr də burada müalicə alırlar”.

“Gülüşü öyrənən xəstələr”

Həkim onlar üçün müxtəlif yarışlar keçirildiyini bildirdi: “Buradakı xəstələrimiz bağbançılıqla, idmanla, tikişlə məşğul olurlar. Sərgilər keçirib, onların hazırladıqları məhsulları sataraq əvəzində sap, boyalar alırıq. Amma elə xəstələr də var ki, xəstəlik onlara qalib gəlir. Bu xəstəliklə insan yaşadığı müddət ərzində əmək qabiliyyətləini itirir. Biz də çalışırıq onları bərpa edək. Hətta, hər şənbə günü, bu xəstəxanada yaradılmış gölün ətrafında “gülüş günü” təşkil edirik. Çünki, xəstələr özlərinə qapandıqca gülmə vərdişlərini də itirilər. Uşaqlara gülüşü də öyrədirik. Xalça toxumaq üçün hana sifariş vermişik ki, üç xəstəmizin bu sənətə olan marağını təmin edək”.

“Anam gəlib, evmizə gedirik”

Sevinc Hüseynova bildirdi ki, buraya kişi xəstələr qadınlardan daha çox gəlir: “Bu, onların xüsusiyyətləri, hərəkətləri və digər səbəblərlə əlaqədardır. Alkoqol, norkotik çox qəbul edənlər var. Xəstəxanada yatanların təxminən 60 faizi kişi, 40 faizi qadınlardır”.

Kişi şöbəsinə daxil oluruq. Burada ana və təxminən 30 yaşlı oğlan oturub. Yaxınlaşmaq istədikdə epilepsiyadan əziyyət çəkən bu oğlan deyir: “Anam gəlib, evmizə gedirik”…

Anası bunları deyir: “Oğlum epilepsiyadan əziyyət çəkir. Ana olaraq nə qədər pis olsam da, sağalması üçün onu aprel ayından gətirib bura yerləşdirmişəm. Hər həftə oğluma baş çəkirəm. Arada onu evə də aparıram. Lakin həkimlər onu tez-tez evə gətirməyimə icazə vermirlər. Çünki o zaman müalicəsi yarımçıq qalır.

Xəstəxanadan razıyam. Oğluma yaxşı baxırlar”.

Valideynlərinin istəmədiyi xəstə

Daha sonra Uşaq şöbəsinə getdik. Burada 14 yaşlı Azər (ad şərtidir) rəsm çəkirdi. O deyir ki, belə işlərlə məşğul olan zaman özünü yaxşı hiss edir: “Rəsm çəkirəm, sonra onu rəngləyəcəm. Əl işlərini asanlıqla öyrənirəm. Bununla həm darıxmırıq, həm də vaxtımız səmərəli keçir”.

Valideynlərinin ona baş çəkdiklərini soruşduqda belə deyir: “Mən onları xatırlamıram. Onlar heç məni görməyə də gəlmirlər”.

Xəstəxananın ən kiçik sakinin 7 yaşı var. Yeniyetmə şöbəsinin isə ən böyük xəstəsinin 18 yaşı var.

Burada müalicəyə 4 yaşından yuxarı xəstələr götürürlər. Qocalar şöbəsində kişi və qadınlar birlikdə qalır. Ən qocaman xəstənin 85 yaşı var.
dəhlizdə addımlayarkən 7 yaşlı qız qarşıma çıxır. Bu qızcığaz o qədər məsum baxır ki, yaşılgözlü qızı bura atan valideyinlərin “ürəkləri daşdır”, - deyə düşündüm. Çünki, bu qızın elə bir qüsuru yoxdur, sadəcə danışa bilmir.

Sevinc xanımdan bir maraqlı faktı da öyrəndik. O deyir ki, buraya uşaqlarını, valideynlərini, yaxud digər yaxınlarını gətirənlər bu faktı gizlətməyə çalışırlar.

Ciddi və adi rejimli şöbə

Ciddi rejimli məcburi müalicə şöbəsində əsasən, bir və daha çox adama xəsarət yetirmiş, öldürmüş adamlar saxlanılır. Yəqin buna görədir ki, ora buraxılmadıq. Məcburi müalicə olunanların iki şöbə üzrə ümumilikdə sayı 150 nəfərə yaxındır.

Ciddi rejimli şöbələrdə xəstələr palatalarda iki-iki və ya üç-üç qalırlarsa, “adi rejimlilər”in bir palatasında təxminən 25 nəfər birgə qalır. Yeri gəlmişkən, hələ bu xəstəxanaya gəlməzdən əvvəl ciddi rejimli məcburi müalicə şöbəsində saxlanılan şəxslərdən bəzilərinin təkadamlıq otaqda qalması haqqında da eşitmişdim. Ancaq şöbəyə girmək şansım olmadığı üçün bu məlumatı dəqiqləşdirə bilmədim.

Cinsi zorlanma

Baş həkim müavini burada cinsi zorlanma hallarının olmadığını deyir. Onun sözlərinə görə, xəstəxanada 800 işçi var: “Digər tərəfdən 10-12 xəstənin və bir neçə sanitarın yanında belə halın baş verməsi mümkün deyil”.

Başqa bir maraqlı məqam isə xəstələrə psixotrop dərmanların verilməsilə bağlıdır. Psixotrop dərman qəbul edən xəstələrin cinsi fəaliyyəti zəifləyir.

Ancaq istənilən halda psixotrop dərmanların da gücü bir yerə qədərdir. Bəzi xəstələr isə seksual tələbatlarını ödəmək üçün onanizmlə məşğul olurlar...

Unudulan övladlar

Sevinc xanım daha sonar bunları deyir: “Burada xəstələrin neçə ay qalması vacib məqam deyil. Onlar nə zaman sağalırlar o vaxt da buranı tərk edirlər. Buranı ən tez tərk edən xəstə 10 günə bunu bacarıb. Amma 10 illərlə yatan xəstələrimiz də var. İllərlə burada qalanlara xroniki xəstələr aiddir. Bəziləri isə xəstələrini evə aparmaq istəmirlər. Səbəbini soruşanda deyirlər ki, o, bizə lazım deyil. Elə valideyn var ki, uşağının yanına tez-tez gəlir. Eləsi də var ki, gec-gec. Ancaq 6-7 uşaq var ki, onların yanına illərlə gələn olmur. Bəzən xəstəxana işçiləri əlaqədar qurumlara uzun müddət məktub yazandan sonra onların nisbətən insaflısı övladını görməyə gəlir. Uşaqlardan birinin valideynləri altı ildir ki, övladının yanına gəlmir. Demək olar ki, xəstələrin 30 faizinin yanına gələn olmur.

Ancaq elə valideyn olur ki, öz övladının bu xəstəxanaya düşməsini istəməyərək onu evində saxlayır. Evdə qalan xəstələrin bir qismi ambulator şəraitdə müalicə olunur, bir qismi isə sadəcə evdə yaşayır”.

S.Hüseynova deyir ki, xəstələrin evdə saxlanılaraq, müalicə alması mümkündür.

“Kimsəsizlər qəbiristanlığı”

“Xəstələrin yanına, əsasən onlara ən yaxın şəxslər – valideyn, övlad, bacı, qardaş və digər şəxslər gəlir. Uzaq qohum və ya tanışın gəlməsi halları da olur, ancaq bu, az baş verir. Uşaqlarda olduğu kimi, böyüklər arasında da unudulanlar var. Bununla həmin xəstələrin gələcək taleyi daha da korlanır. Söhbət xəstələrin xəstəxanadan çıxandan sonrakı taleyindən gedir.

Yeri gəlmişkən, xəstələr burada ölürsə, yiyəsi olmayan, yaxud heç bir qohumu sahib çıxmayan cəsədlər Hövsan qəsəbəsindəki “Kimsəsizlər qəbiristanlığı”nda basdırılır”, - deyir S.Hüseynova.

“Sahibsiz” “dəlilər”

Sevinc xanım deyir ki, sağalandan sonra evinə dönərək normal şəkildə yaşayanlar da var: “Ancaq bunlar ümumi xəstələrin təxminən 5-10 faizini təşkil edir. Belələri xəstəxanaya ya heç qayıtmır, ya da 5-10 ildən sonra gəlib, qısamüddətli müalicə alandan sonra geri qayıdırlar”.

Bu bir faktdır ki, cəmiyyətimizdə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkənlərə də adətən “dəli” deyirlər.

Platon isə deyib ki, dəlilər həmişə onlara sahib çıxacaq adamları axtarırlar…

Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm