Əsəd rejimi və kürdlərin bir-birinə baxışı – TƏHLİL
Bizi izləyin

Dünya

Əsəd rejimi və kürdlərin bir-birinə baxışı – TƏHLİL

Kürdlər Şamla razılığa gələ bilərmi?

Kürdlər ASO (Azad Suriya Ordusu) ilə birlik quraraq Əsədə qarşı hərtərəfli müharibəyə girəcəkmi? Suriya ordusu kürdlərə hücum edərmi?

Publika.az “BBC Türk”ə istinadən xəbər verir ki, bu suallar 2012-ci ilin yayından etibarən vaxtaşırı səslənir.

O vaxt kürdlər PYD-nin başçılığı altında öz hakimiyyətlərini qurmağa başlayıblar. Dövlət dairələrindəki Suriya bayraqlarını çıxardıb, yerinə öz bayraqlarını asıblar.

PYD bu müddət ərzində Suriya ordusuna müəyyən vaxt verərək bölgədən çıxmasını tələb edib. Nəticədə, əsgərlər bir çox yerdən çəkilib, bəzi yerlərdə isə toqquşmalar başlayıb. Hər iki tərəfdən ölənlər olsa da, geniş miqyaslı döyüşlər olmayıb.

PYD və Şam niyə kompromisə getdi?

Suriyadakı demokratik müxaliflərin vahid təşkilatı olan Suriya Milli Koordinasiya Komitəsinin (NCC) Şamdakı mətbuat sözçüsü Nebras Dalloul Suriya hakimiyyəti ilə kürdlərin arasında olan münasibətləri “necə istəyirlər, elə də eləsinlər” kimi şərh edib: “Birincisi, kürdlər Suriya rejiminin hədəfi deyildi. Rejim 2012-ci ildən indiyə qədər kürdlərlə və PYD ilə döyüşməkdən imtina etdi. Çünki geniş cəbhədə döyüşə bilməzdi. PYD də bu məsələni çox dəqiqliklə anladı, buna görə hərəkət elədi”.

Livanın “ASIA” xəbər agentliyində işləyən, Suriyada yaşayan jurnalist Somer Sultan düşünür ki, Dəməşq müvəqqəti geri çəkilmək məsələsində özünü qoruyur: “Dövlət torpaq itirdiyi şəraitdə az zərər verərək çəkildi, şəraitin onun lehinə çevrildiyi zaman isə hücuma keçəcəyi günü gözləyirdi. Buna görə də kürdlərin yaşadığı bölgələrdə özünü qorumaq istədi. Çünki o, bölgələri qoruya bilməyəcək bir vəziyyətə düşəcəyini bilirdi. Və beləliklə PYD ilə danışdı, lazım olan torpaqlardan çəkilərək PYD-yə verdi”.

Bəzi müxalif qruplar Türkiyə və Məsud Bərzani tərəfindən dilə gətirilən “PYD Suriya hakimiyyəti ilə əməkdaşlıq edir” iddiasının PYD-nin lideri Saleh Müslimə “böhtan” olduğunu deyir. Müslim əvvəlki açıqlamalarında “məqsədimiz demokratiya və Suriyanın parçası olaraq kürd bölgələrində öz hakimiyyətimizi qurmaqdır. Nə Suriya rejimi ilə, nə də islamçılarla birlikdəyik” deyib.

Hasekedə ordu və YPG İŞİD-ə qarşı birlikdə döyüşdümü?

Haseke şəhərində PYD-nin nəzdində olan YPG (Xalq Müdafiə Birliyi) və Suriya ordusunun əsgərləri bu yay İŞİD-ə qarşı birgə döyüşüb. Bu döyüşlərlə əlaqədar sual verəndə Saleh Müslim Hasekedə xüsusi bir vəziyyət olduğu üçün Suriya rejimi ilə əməkdaşlıq etdiyini deyir: “Hasekedə üç yer var. Biri kürdlərin və suriyalıların yaşadığı məhəllə, biri Suriya rejimini dəstəkləyən ərəb məhəlləsi, biri də İŞİD-in yerləşdiyi yer. İŞİD rejimə qarşı hücuma başladı. Biz qarışmadıq. Sonra da bizə hücum etdilər. Biz də özümüzü müdafiə elədik. Biz onlara rejimi hədəf aldıqları üçün deyil, bizə hücum elədikləri üçün elədik”.

Kobanidən Şam necə görünür?

Suriya inflyasiya naziri Ümran Əl-Zubi keçən həftə verdiyi açıqlamada “Kobaniyə hərbi qüvvələr tərəfindən lojistik dəstək veririk, silah veririk. Bu, belə də davam edəcək” deyib. Lakin PYD bu açıqlamanı təkzib edib.

Dəməşqdə yaşayan jurnalist Hədiyyə Ləvənt paytaxtdan Kobaninin necə görünməsi ilə bağlı bunları deyib: “YPG də daxil olmaqla suriyalı kürdlərin olduğu silahlı qruplaşmanı “dirənişçi” kimi tanındığını deyə bilərik. Ancaq kürd silahlı qruplaşmalarını dirənişçilər, ya da xalq müdafiə birliyi olaraq adlandırsaq da, istər Əsədin son iki nitqindəki, istər Zubinin nitqlərində “dirənən kürd gənclər, şəhid olan kürd gənclər” ifadələrini işlətməsi diqqət cəlb edir. Çünki siyasi olaraq etnik kimlik bildirilir. Həmçinin döyüşlərdə həlak olan kürd gəncləri istər siyasi, istərsə də hərbi mənada şəhid sayılır”.

Kobanidən sonra münasibətlər dəyişəcəkmi?

Suriyada kürdlər on illər boyu Bəəs hakimiyyəti tərəfindən ayrı-seçkilik və basqıya məruz qaldıqlarını deyirlər. Bəəs hakimiyyəti isə kürdlər ilə əlaqədar siyasi müzakirələrin xaricdən yönləndirildiyini iddia edir. 2004-cu ildə Qamılşıda bir futbol matçından sonra baş verən olaylarda onlarla kürdün öldürülməsi, daha sonra da bir çox kürdün həbs olunması və işgəncəyə məruz qalması hələ də unudulmayıb.

Suriyada 2011-ci ildəki üsyanlardan sonra hakimiyyət islahatlar adı ilə illərdir şəxsiyyət vəsiqəsi olmayan kürdlərin bəzisinə şəxsiyyət vəsiqəsi verib.

Ancaq kürdlərin çoxu bunun az olduğunu və kürdlərin Əsədə qarşı cəbhə almaması üçün atılan bir addım olaraq düşünür.

Bəs Kobanidən sonra Suriya rejimi ilə kürdlərin əlaqələri necə olacaq?

Somer Sultan, Şamın kürdlərə muxtariyyət veriləcəyini deyir: “Bunun sübutları var. Dövlət PYD idarəsi altındakı bölgələrdə qurumları maliyyələşdirməkdə davam edir. Belə ki, PYD-nin məcburi kürd dilində təhsil verən məktəblərdə müəllimlər hələ də dövlətdən fasiləsiz maaşlar alırlar. Dövlət hələ pambığı kürd fermerlərdən almağa davam edir”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm