O kişiylə o qadının yeri
Bizi izləyin

Digər

O kişiylə o qadının yeri

Kafedə oturmuşam. Üzbəüzdə, bəlkə də, son illərdə gördüyüm ən yaraşıqlı kişi əyləşib. Təkdir. Elə mənim kimi salat sifariş edib, üstündən də çay. Qırx-qırx beş yaşı olar, ağarmağa başlayan qızılı-şabalıdı saçları hətta kişi üçün belə çox qısa vurulub. Yanında bel çantası var, ayaqqabısı ilə eyni rəngdə - qəhvəyi. Cins şalvardadı, tünd göy rəngli köynəyinin uzun qolları azacıq qatlanıb. O qatlayıb, ya?..

Mən də təmiz ağlımı itirmişəm e. Mənə nə? Nə olsun ki, bütün üzü xarakterdən xəbər verir. Mənim sevdiyim xarakterdən...

"Gözlərini göstər" deyirəm öz-özümə. Sanki, eşidir. Başını oxuduğu kitabdan qaldırıb üzümə baxır. Yosun yaşılı. Mehriban, ilıq baxışları sərt üz ifadəsini yumşaldır.

Gülümsəyirəm. Dəli şeytanlar üzərimə hücuma keçir: nə durmusan, adama yaxınlaş, elə-belə düzünü de, de ki, onu tanımaq istəyirsən. Ya da elə belə: sizinlə çayınızı bölüşmək olar? Şeytana cavab verirəm: niyə? Çay içdik, tanış olduq, doğma olduq, sonra?..

Mənə xatirə də lazım deyil, xəyal da, heç o yosun yaşılı gözlərin yiyəsi də... Mən də ona dünəndən lazım deyiləm. Vəssalam, problem yoxdu...

Çantamdan kitab çıxarıb oxumağa başlayıram. O, yüz faiz şeir oxumur, məndəsə şeir kitabıdır.

Arabir başımı qaldırıb baxıram. Aha, budur arxadan ona bir xanım yaxınlaşır, o xanımı hardasa görmüşəm, hə, hansısa səfirlik əməkdaşıdır. Bəs kişi? Yox, xarici deyil, hərçənd bizimkilərə heç bənzəmir. Görünüşü, davranışı... Amma ofisiantla danışdı. Ya rusca, ya azərbaycanca. Özümü inandırmaq istəyirəm ki, rusca. Azərbaycan dilində unuda bilmədiyim, məni ağrıdan çox söz eşitmişəm. Guya rusca deyilən sözlər az ağrılı ola bilər. Deyirəm də, başım tamam xarab olub...

Hə, qadın onu gördüyünə məmnundur, bəlkə də, daha çox məmnundur - onu sevir, ya xoşu gəlir. Kişi uzun müddət heç nə hiss eləmir, ya da oynayır (oynayırsa, əla oynayır, eşq olsun!). Qəfildən qadını görür, soyuq təbəssümlə gülümsəyir. Reaksiyalar adekvat deyil! Qadın ayaqüstə onun yanındaca dayanıb, danışır, bəlkə, 20 dəqiqə danışır. Qadın da qəşəngdi, mütənasib bədəni, kosmetikasız, gözəl üzü, qəşəng təbəssümü, sadə geyimi. Kişi olsam, sevərdim onu... Bu heyvansa özünü dağ başına qoyub. Az qalıram gedib deyəm ki, adam ol, qadına, heç olmasa, mədəniyyət xatirinə oturmağı təklif elə. Əclaf hələ özünə çay da süzür. Qadın isə ayaqüstə danışır, danışır. Sonda saata baxır, guya harasa getməlidir, bəlkə, həqiqətən də, getməlidir. Amma istəmir, əminəm, istəmir... Qadın gedir, bir az - təxminən 10 dəqiqə sonra kişi hesabı istəyir. Daha çox əsəbləşirəm, qadına deyə bilərdi ki, otur, 5 dəqiqə sonra bir yerdə qalxarıq!

Mənim də telefonumun sonuncu nəfəsidi - batareyanın gücü ölmək üzrədir, qızımla danışmalıyam. Hesabı ödəyib çıxıram.

Bir hekayə yazıb, o kişi ilə o qadının yerini dəyişdirmək istəyirəm...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm