Cırtdan Hollivuda necə yol tapdı? – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Cırtdan Hollivuda necə yol tapdı? – FOTOLAR

Metryarımlıq boya sahib olan, məktəbdə dərslərini pis oxuyan və bərbərxana kollecini belə güclə bitirən insan necə birdən-birə Hollivudun komik ustalarından birinə çevrilə bilər? Bu sualın bir cavabı var: əlbəttə, təbii ki, istedadı sayəsində.

Sözsüz ki, gələcəyin dahi aktyoru olacaq Denni De Vito da uşaqlıqda Napoleon kompleksindən əziyyət çəkib. Bu kompleksinə görə alçaq boylu kişilər hakimiyyətə və üstünlük əldə etməyə can atırlar. Onlar “Əgər mən hündürboylu ola bilmirəmsə, onda dahi olacağam” deyimi ilə yaşayırlar. Bəli, bu günlərdə 70 yaşını qeyd etmiş aktyor da gəncliyindən bu deyimin üstündə durdu və nəzəriyyəni doğrultdu. Düzdür, gec oldu, amma gec olsun, güc olsun.

Onun atası italyan əsilli katolik idi, bərbərxanası vardı. O, poni boyda oğlunun nə vaxtsa dahi bir şəxsiyyət olacağına inanmazdı. Atanın fikrincə, övladı, uzaqbaşı, məşhurların dəlləkxanasında işləməyə bilərdi, başqa heç nə...

Denni atasının onun üçün çizdiyi plana rəğmən, məktəbi bitirdikdən sonra Nyu-Yorkdakı dramatik incəsənət akademiyasında oxumaq qərarına gəldi. Lakin bu zaman atası evdə elə qalmaqal yaratdı ki, yazıq Denni aktyorluq fakültəsinə getməkdən imtina etdi.

“Məni məktəb illərində çox az incidiblər. İncitdikləri üçün də peşman olublar. Əvvəla ona görə ki, mən özümü müdafiə edə bilirdim . İkincisi isə, hər zaman “Hey siz, Denniyə toxunmayın!”, - deyə biləcək dostlarım olub”.

Xoşbəxtlikdən, akademiyada texniki mütəxəssislər də oxuyurdı. Və 1.50 santimetr boylu oğlan vizajist olmaq qərarına gəlir. Lakin onun bəxti gətirir: aktyorlar üçün keçirilən konfransların birində Denni gələcək dostu və içki yoldaşı Maykl Duqlasla tanış olur. Mayklın atası isə məlum olduğu kimi, kinoulduz idi. Kirk Duqlas həm oğlunun, həm də onun dostlarının kino karyerasına yardımçı olurdu.

“Mən dram akademiyasına ilk dəfə səhnəyə çıxanda zaldan bərk gülüş səsləri gəldi. Amma mən bunu kompliment kimi qəbul etdim. Öz-özümə təsəlli verdim ki, onların xoşuna gəldiyim üçün mənə güldülər. Lap yaxşı. Qoy belə də olsun”.

1974-cü ildə Maykl “Qu quşu yuvası üzərindən uçuş” filminin prodüserliyini atasından aldı və dostu De Vitonu filmin rejissoru Miloş Formana sözün əsil mənasında “caladı”. De Vito filmdə epizodik rolda oynadı. Hər halda, bu onun üçün çox böyük əhəmiyyət daşıyırdı. Çünki Denni qrim-vizajist ustasından birbaşa aktyora çevrildi. Bu azmış kimi, o, bütün dövrlərin əfsanəvi filmində çəkildi. Cırtdan aktyorun 35 yaşı olanda o, məşhur komediya serialı olan “Taksi” filmində oynadı. Buna görə aktyor ”Emmi” və “Qızıl qlobus” mükafatına layiq görüldü. İndi aktyorun rəfində bircə “Oskar” mükafatı əskik idi...

Denni nəyə getdiyini bilirdi. Dünya ondan hər zaman gülməli hərəkətlər və hekayələr tələb edirdi. Çılpaq bədənini göstərmək və ya melodramda oynamaq bundan asan idi. Aktyor hər zaman yaxşı əhval ruhiyyədə olmalı və tamaşaçıların ondan gözlədiyini nümayiş etdirməliydi.

Əslində, bayağılıqdan uzaq gülməli komediyalar çox azdır. Biz dahi komikləri bir araya toplayıb siyahı tərtib etsək, onların sayının nə qədər az olduğunu görə bilərik. Həmin siyahıda bizim bugünkü qəhrəmanımızın da adı var...

De Vitoya şöhrət 40 yaşdan sonra gəldi. O, baş rolların çəkilişində fəal iştirak edirdi. Robert Zemekisin “Daş ilə roman” filmi 1984-cü ildə Denniyə var-dövlət gətirir. O vaxtdan etibarən 40 yaşlı “körpə” Hollivud Olimpindən yerə enmir. Kim təsəvvürünə gətirə bilərdi ki, bir vaxtlar Kaliforniyanın qubernatoru olacaq Arnold Şvarsneggerlə komediya ustası bir yerdə çəkiləcək? Axı Arnold belə əzələləli və sözün əsl mənsaında “terminator” bədənli idi. Elə onları düz eləyib bir filmə çəkiblər. Sanki, biri Hadı, o biri isə Bıdı idi - nəhəng və cırtdan...

Arni-Denni duetinin çəkildiyi hər iki film (“Əkizlər” (1988), “Cunior” (1994)) dünya komediyasının yüksək mərhələsində durur.

De Vito cizgi filmlərini də səsləndirdiyi üçün uşaqların sevimlisinə çevrildi. O, radioda çıxış edir, rejissor vəzifələrini öhdəsinə götürür və prodüsser kimi də müsbət nəticələr göstərirdi.

1987-ci ildə Denni rejissor kreslosuna əyləşərək “Ananı qatarın altına itələ” komedik filmini çəkdi. Film ona elə ilk aylardan 15 milyon dollar pul qazandırdı.

1992-cı ildə isə sanki bomba partladı: Tim Berton şişman və gülərüz Dennini “Betmen” filmi üçün pis oğlan rolunda çəkdi. Aktyor filmdə pis xarakterli Pinqvin ləqəbli Osvald Kobblpot rolunu canlandırır. O, çıxışına görə indiyədək Hollivudda zalım obrazını ən yaxşı oynayan aktyorlardan biri hesab olunur. Bundan sonra, Denni dostu Bertonun daimi aktyoruna çevrilir və onun çəkdiyi bir çox filmlərdə oynayır.

Bəstəboy aktyor bütün komplekslərinə üstün gəlib və dünyaya öz sözünü deyə bilib. O, cizgi filmində cırtdan, narıncı, tüklü və gülməli “Loraks” personajını oynayıb və bu rol onun heç də acığına da gəlmir. İngilis dilindən savayı heç bir dili bilməyən aktyorun personajları beş dildə danışır.

Dünya kinosu cırtdanın şəxsi həyatına da təsir edib. Onun aktrisa Rea Perlmanla izdivacı uğurlu oldu. Onlar artıq 30 ildir ki, birgə yaşayır və kinoprodüserlik şirkətinə rəhbərlik edirlər. Ailəcanlı aktyor uşaqları və dostlarının arasında dincəlməyi çox sevir. Şəxsi həyatında Denni sadiq və sevən ərdir. Cütlüyün 3 uşağı var. Denninin sözlərinə görə, onun həyatda ən çox sevdiyi rol ata obrazıdır. Amma...

“Əmma”sı budur ki, Denni bir ara dostu Maykl Duqlas kimi ulduzlarda tez-tez rast gəlinən hedonizm xəstəliyinə düçar oldu. Denni nə qədər ailəcanlı olsa belə, sarı mətbuat onu qarabaqara izləyir və adının qalmaqalda hallanması üçün əlindən gələni edirdi. Uzun müddətli nikahda olmasına baxmayaraq, mətbuat onun Hollivudun bir sıra gözəlçələri ilə sevgi romanlarından yazdı. Nəticədə, 1982-ci ildən bəri evli olan Denni və arvadı boşanmağa qərar verdilər. Yalnız psixoloq müayinəsi cütlüyü münasibətlərini bərpa edə bilir. Axı Denni mühafizəkar katolikdir, o, ənənələrə sadiq qalmalıdır.

“Bir gün yoldaşımla evə qayıdırdım. Evin həyətinə daxil olarkən şoka düşdük. Hasar qonşumuz aramızda olan bütün ağacları kökündən baltalayıb yerə qoymuşdu. Onun nəyə görə belə etməsini deyə bilmərəm. Amma böyük ehtimalla, qonşumuz bizim şəxsi həyatımıza müdaxilə edərək nə etdiyimizi görmək istəyirdi...”

“Gənclik illərimdə hündürboylu olmaq istəmişəm. Çünki bir çox qızlar boyuma görə mənimlə görüşməzdilər. Lakin filmlərə çəkilməyə başladıqdan sonra üstünlüyü əlimə aldım. Əgər filmin rejissoru 4-5 namizədin seçimi arasında qalsa və onların arasında mən də olsam, o mütləq məni seçərdi. Əlbəttə, qeyri-adi görkəmimə görə, bir çoxlarından üstün idim. Belə baxdıqda sənin bəstəboy və ya hündürboylu olmağının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, sən nəyisə bacarasan və ictimaiyyəti öz işinlə heyran qoyasan”.

Aktyor siqarla bağlı başına gələn hadisəni tez-tez xatırlamağı sevir:

“Siqarın dadını ilk dəfə yeniyetmə olarkən yoxlamışam. Lakin siqar çəkmək mənə çox ağır gəldi. Tezliklə öyrəşdim. Lakin bir müddətdən sonra siqardan imtina etmək qərarına gəldim. Günlərin birində “xeyirxah” dostum Arnold Şvarsnegger kino çəkilişləri zamanı bir qutu siqarı mənə hədiyyə etdi. O bilirdi ki, pəhrizdəyəm, elə mənim acığıma şirniyyat alıb düz qabağıma qoydu. Seçim arasında qalmışdım və özümü güclə saxlayırdım. Nəhayət, dözməyərək siqarı götürdüm. O vaxtdan etibarən dodaqlarımdan Kuba siqarı düşmür.

Elə bir gün Avropaya yollanırdım və təyyarədə siqar çəkmək istədim. Stüardessa təyyarədə sərnişinlərə mane olmamaq şərti ilə siqar çəkməyimə icazə verdi. Onda mən ayağa durub təyyarənin salonuna gəldim və hər bir sərnişindən siqaret çəkmək üçün icazə aldım. Onlar məni tanıdıqları üçün siqar çəkməyimə etiraz etmədilər. Lakin bir kişi mənə çəp-çəp baxıb dedi: “Əslinə qalsa, siz təyyarədə siqar çəkə bilməzsiniz. Lakin məni də siqara dəvət etsəniz, etiraz eləmərəm”.

Denni hamını güldürməkdən həzz alır. Məsələn, “Oskar ” mükafatının təqdimat mərasimində vegetarian həyat sürən Denni səhnəyə kök yeyə-yeyə qalxıb. Onu görən hər bir şəxsin üzündə təbəssüm yaranır. Hələ onun “twitter”də çıxartdığı oyunlardan danışmırıq. O, səyahət etdiyi hər bir yerdə çılpaq ayağının fotosunu çəkərək sosial şəbəkədə pərəstişkarları ilə paylaşır.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm