NATO-nun “şoka salan” kibermüharibə ssenarisi
Bizi izləyin

Dünya

NATO-nun “şoka salan” kibermüharibə ssenarisi

Şimali Atlantika İttifaqı (NATO) bu həftə ittifaq tarixində ən böyük “Cyber Coalition 2014” kibermüdafiə təlimi keçirib.

Publika.az-ın “The Financial Times” nəşrinə istinadən verdiyi məlumata görə, mümkün kibermüharibəyə hazırlıq Estoniyanın şərqində - Rusiya sərhədinin 50 kilometrliyində yerləşən Tartu şəhərinin ətrafındakı meşələrdə keçirilib.

NATO-nun qərargahından bildirilib ki, təlimlərin hədəfi müxtəlif təhlükələrdən müdafiənin yoxlanılması olub. Təlimlərdə 400-dən çox ekspert iştirak edib. NATO-nun baş katibi Yens Stoltenberq Tallinə səfərində kiberhücumların adi hücumlar kimi təhlükəli ola biləcəyini deyib: “Düşmən əhəmiyyətli infrastrukturu bloklaya və hərbi əməliyyatlara böyük təsir göstərə bilərlər”.

Təlimlərin planına görə, hərbçilərin “Android” platformasındakı smartfonları sındırılır. NATO-nun operativ qrupu hakerləri zərərsizləşdirmək üçün ssenari üzrə Yunanıstana uçur. Xüsusi əməliyyatın nəticəsində NATO təyyarə-kəşfiyyatçıları idarə edən sistemləri nəzarət altına almaq mümkün olub.

“The Financial Times” nəşrinin məlumatına görə, ssenaridə “ən şoka salan süjet xətlərindən biri” NATO-nun yüksək vəzifəli zabitinin ailəsinin oğurlanmasıdır. İttifaqın məxfiləşdirilmiş məlumatlarının böyük həcmini oğurlamağa məcbur etmək üçün NATO zabitini şantaj edirdilər.

Qəzetin yazdığına görə, ssenari Ukrayna böhranına görə ittifaq qarşısında duran təhlükələrin bir az gizlədilmiş versiyası idi. “Rusiya hərçənd heç vaxt xatırlanmırdı, amma gözlər qarşısında aydın görünürdü", - qəzet yazır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm