“Gözəlliyə” qurban verilən üzlər - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

“Gözəlliyə” qurban verilən üzlər - ARAŞDIRMA

-Yaxın qohumumun üzündə problem var. Bir neçə aydır dərisində yaralar əmələ gəlir...

- Özü gəlsin baxım.

-Sizin ixtisasınız nədir?

- Əslində saç ustasıyam, amma həkim-kosmetoloqun yanında neçə ay kurs keçmişəm. Bu sahəni elə həkim qədər bilirəm.

Bu dialoq “Əcəmi” metrosu yaxınlığında yerləşən gözəllik salonlarının birində baş verib. Özümü üzündə problemi olan yaxın qohumum üçün kosmetoloq axtaran şəxs kimi qələmə verib rayon ərazisində 10-a yaxın qadın salonunda oldum. Əksəriyyətində elə bu cür dialoqlar alındı. “Saç ustasıyam, amma kosmetologiyanı da yaxşı bilirəm”, “ixtisasım kosmetoloq deyil, amma elə onlar qədər bilirəm, Rusiyada kurs keçmişəm”, “mədə-bağırsaq həkimiyəm, kosmetologiyadan da yaxşı başım çıxır” və s.

Yanıq saç iyi, yaş dəsmal iyi kimyəvi maddələrin iyinə qarışıb....

Sifətindəki qırışları aradan qaldırmaq üçün kosmetoloqa müraciət edən 57 yaşlı Münəvvər xanım bunu etməsinə çox peşman olub. Kosmetoloq qırışlarla bərabər qadının üzünün simmetriyasını da aradan qaldırıb. Sifətinin bir tərəfinin əyilməsi, gözünün sallanması səbəbindən evdən çıxmağa utanan və iki ildir ki, eynək taxan Münəvvər xanım bununla bağlı xarici ölkədə bir neçə dəfə müalicə olunsa da, sifəti əvvəlki vəziyyətinə tam qayıtmayıb. “Kaş ki qırış olardı, bu əməliyyatı etməzdim. Sonradan bildim ki, sifətimi bu günə qoyan adam əslində heç həkim də deyilmiş...”

Yəqin ki, çoxunuzun ailəsində və ya qohumlarınız arasında belə “kosmetoloq”ların bu və ya digər dərəcədə şikəst etdiyi qurbanlar var. Bakının az qala bütün küçələrində qadın gözəllik salonlarına rast gəlinir. Elə həyətlər var ki, orada, heç olmasa, iki-üç sınıq-salxaq “gözəllik” salonu var. Adətən, bu “salon”lar yarıqaranlıq bir otaqdan ibarət olur və içəri ayağını basmamış yanıq saç iyi, kimyəvi maddələrin iyi, üstəgəl də yaş dəsmal iyi adamın gözlərini yaşardır. İçəridə ən çox diqqəti çəkən anti-sanitariya, çirkli daraqlar, tüklü dəsmallardır. Əgər həmin bu obyektlər öz statuslarına uyğun “gözəllik”lə məşğul olsaydılar, bütün bunlar, bəlkə də, o qədər narahatedici olmazdı. Faciəli orasıdır ki, belə salonlarda kosmetoloji xidmətlər həyata keçirilir.

Araşdırma apardığımız bütün salonlarda bu və ya digər dərəcədə kosmetoloq xidmətləri göstərilir. Bir çoxunda plazma liftinq (PRP), lazer epilyasiya, xalların yandırılması, ləkələrin ağardılması, piqment ləkələrinin aradan qaldırılması, varikoz genişlənmənin qarşısının alınması, qırışların aradan götürülməsi, mezoterapiya, pilinq, botks, dodaqların təbii və süni gel ilə korreksiyası və s. kimi qanla əlaqədar, həmçinin bədənə yad maddələr yeridilən prosedurlar həyata keçirilir. Hətta bir çoxunda qiymətlər elə salonun bayır tərəfində qapıya da vurulur. Qiymətlər isə ortabab dolanan azərbaycanlı üçün kifayət qədər bahadır. Məsələn, xalların yandırılması – 15 AZN, pilinq – 60-70 manatdan -180-200 manata qədər, botoks göz ətrafı və qaşların arası da daxil olmaqla minimum 180 manatdır. Qadınlarımızı daha çox əcaib hala salan gelin 1 qramı firmasından asılı olaraq 120 manatdan başlayır. Mezoterapiya 100-300 manat, üz üçün lazer epilyasısının qiyməti isə 10-15 manatdan başlayır.

...Onlar camaatı aldadırlar

Azərbaycanda addımbaşı kosmetologiya xidmətləri təklif edən qadın salonlarına rast gəlsək də, ölkənin heç bir ali təhsil müəssisəsində belə bir ixtisas yoxdur. Paytaxt salonlarında kosmetoloq xidmətləri təklif edən əksər kosmetoloqlar ən yaxşı halda Tibb Universitetinin dermatologiya və ya tibbi biologiya ixtisasini bitirənlər olur. Onlar kosmetoloq kimi işləmək üçün xarici ölkələrdə bir neçə kosmetoloji kurs keçərək sertifikat alırlar. Ən dəhşətlisi isə tibbə heç bir aidiyyəti olmayan, bəzən isə heç tibb təhsili olmayan şəxslərin gözəllik salonlarında kosmetoloq işləməsidir. Belə “məhəllə kosmetoloqları”nın yaratdığı fəsadları aradan qaldırmaq isə dermatoloqların üzərinə düşür.

Dermatoloq Fəridə Kərimbəyli Publika.az-a müsahibəsində həkim olmadan kosmetoloq işləməyin qətiyyən mümkün olmadığını deyir: “Əgər bu adam dərinin quruluşunu tam bilmirsə, necə kosmetoloq işləyə bilər axı? Özəl klinikalarda belə kosmetoloq kimi fəaliyyət göstərən şəxslər ki var, onlar insanların başını aldatmaqla pul qazanmaq istəyirlər. Məsələn, deyirlər ki, guya kompüter vasitəsilə dəridə olan gənəni görürlər. Dərinin altında hərəkət edən gənəni görməkdən ötrü dəridən yaxma götürülməlidir və yaxmaya mikroskop altında baxmaq lazımdır. Bunu götürməyin də qaydaları var. Onlar camaatı aldadırlar. Respublikada belə kosmetoloqların sayəsində elə bir anarxiya yaranıb ki, heç cür qarşısını ala bilmirlər, nə də almaq istəmirlər”.

F. Kərimbəylinin sözlərinə görə, nəinki gözəllik salonlarında, hətta özəl klinikalarda işləyənlərin əksəriyyəti dermatoloq-kosmetoloq deyillər. Biri mədə-bağırsaq həkimi, biri terapevt olub, gəlib kosmetoloq işləyir: “Bizə institutu bitirəndən sonra aylarla kurs keçirdilər. Dermotoloq kimi internatura keçmişik. Hamımız uzun illər rayonlarda işləmişik. Kitabları oxumaqla həkim olmaq olmur, praktika lazımdır. Bunun nəticəsində gəlib həkim olurlar. Qastrentroloq gəlib necə kosmetoloq işləyə bilir axı? Hələ həkim olmayanların kosmetoloq işləmələrindən danışmıram. Əgər salon səviyyəsində kosmetoloqlara müraciət edənlər varsa, onlar elə həmin kosmetoloqların səviyyəsindədirlər”.

Əslində kosmetoloq nəyi bilməlidir?

Ekspertlər hesab edirlər ki, əslində kosmetoloq farmakologiya, kimya, anatomiya, biokimya, dəri xəstəlikləri, belə xəstəliklərlə bağlı diaqnoz qoyulması və müalicə olunması sahəsində biliklərə malik olmalıdır. Bu cür mütəxəssislər müştərinin dərisində, xüsusilə də onun orqanizmində nə baş verdiyini anlamalıdır. Ali tibbi təhsil olmadan, kimya, biologiya, fizika və psixologiyadan kifayət qədər məlumatı olmayan şəxsin isə bunlardan baş çıxarması mümkün deyil. Kosmetoloq ən azı dərinin quruluşunu bilməlidir. Bundan başqa xəstəliklərin klinikasından, etiologiyasından, dərinin xüsusiyyətləri və qatlarından məlumatlı olmaq lazımdır. Kosmetoloq bilməlidir ki, hansı qatlarda hansı fəailyyət göstərə bilər.

Ekspertlərin sözlərinə görə, inyeksiya vasitəsilə həyata keçirilən proseduraların gözəllik salonlarında aparılması düzgün deyil. Cərrahiyyə otaqlarındakı təmizliyi buradakı antisanitariya əvəz edir. Bu əməliyyatlarin bəzən heç əllərini yumağı unudan şəxslər tərəfindən aparılması da faktdır. Sonda belə halların nəticələri elə ağır olur ki, bəzən illərlə, bəzən isə ümumiyyətlə onları aradan qaldırmaq mümkün olmur.

Diplomu olmayanların kosmetoloq işləməsi qadağan edilməlidir

Tibb sahəsində ekspert Rəşid Mahmudovun sözlərinə görə, diplomu olmayan şəxsin kosmetoloq işləməsi rəsmən qadağan edilməlidir:

“Diplomu olmayan, həkimlikdən xəbəri olmayan adam kosmetoloq ola bilməz. 3-5 aylıq kursla kosmetoloq işləmək mümkün deyil. Problemi aradan qaldırmaq üçünsə bu sahə lisenziyalaşdırılmalıdır. Kurs qurtarmaqla, kiminsə yanında öyrənməklə kosmetoloq ola bilməz. Kosmetologiya təbabətin nəzdində olmalıdır”.

Dünyada təcrübə necədir?

Məlumat üçün bildirək ki, qonşu Rusiyada bu sahədə mütəxəssis hazırlayan Plastik Cərrahiyyə və Kosmetologiya İnstitutu fəaliyyət göstərir və bu sahəni bitirən həkim-kosmetoloqlara hər il 80 minə yaxın pasient müraciət edir. Qardaş Türkiyədə ötən əsrin 50-ci illərdə yaranmağa başlayan kosmetologiya sahəsində mütəxəssislər yetişdirmək üçün Türkiyənin ən tanınmış ali təhsil ocaqlarında azı 3 il təhsil almaq şərtləri qoyulub.

Bu sahə qanunla tənzimlənmir...

Bizdə sağlamlıq haqqında qanunda bir sıra müddəalar müəyyən edilsə də, amma bizim qanunlarda kosmetoloji xidmətlər baxımından bir çox problemli məsələlər təsbit olunmayıb.

Milli Məclisin deputatı Musa Quliyevin Publika.az-a bildirdiyinə görə, həkim kosmetoloqun bu sahədə ixtisası və lisenziyası olmalıdır:

“Gözəllik salonunda kimsə işçisini kosmetoloq kimi təqdim edirsə, buna kim nəzarət edə bilər? Gərək vətəndaş özü kosmetoloji xidmət üçün peşəkar tapmaqda maraqlı olsun. Hamı özünə kosmetoloq deyir, indi saçdüzəldən də kosmetoloqdur, üzdə plastik əməliyyat edən də kosmetoloqdur”.

Bunu təbabətin problemi deyil, məişət, xidmət səviyyəsində olan problem hesab edən M. Quliyevin sözlərinə görə, qanun bunu tənzimləmir: “Yəqin ki, həmin obyektləri açıb işlədəndə onlara lisenziya alırlar. Əgər icra hakimiyyəti orqanı salonun fəaliyyətinə icazə verirsə, yəqin ki, sənədləri də yoxlanılır. İnanmıram ki, heç bir peşə hazırlığı olmadan, ixtisası, sənədləri qaydasında olmadan bu şəkildə kosmetoloq işləyə bilsinlər. Bizdə qanun bunu tənzimləmir. Kosmetoloji xidmətlə bağlı, ümumiyyətlə, bizdə qanun yoxdur”.

Bəzi ölkələrdə bununla bağlı ayrıca fakültələrə gəlincə isə, millət vəkili buna ehtiyac olmadığını bildirdi: “Düşünmürən ki, buna ayrıca bir fakültə lazımdır, çünki kosmetologiya dərin ixtisas sahəsi deyil. Kosmetoloq cərrahlar var, mikro cərrahlar, plastik cərrahlar var. Bu da kosmetologiyanın bir tərkib hissəsidir. Əməliyyat etmədən dəridəki hansısa xəstəlikləri sağaltmaq üçün ayrıca fakültə açmağa ehtiyac yoxdur”.

Gözəllik salonları Səhiyyə Nazirliyinin nəzarətində deyil

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Publika.az-a verdiyi məlumata görə, gözəllik salonları nazirliyin nəzarətində deyil:

“Hansısa özəl klinikaya lisenziya veriləndə Səhiyyə Nazirliyi onun fəaliyyətini nəzarətdə saxlayır. Burada kosmetologiya ilə bağlı məsələnin həm gigiyenik, həm də hüquqi tərəfləri var. Gözəllik salonları isə nazirliyin nəzarətində deyil. Əgər orada tibbi xidmət göstərilirsə, qeydiyyatı yoxdursa və ya həkim tərəfindən həyata keçirilmirsə, bu hallar qanunsuzdur”.

Həkim kosmetoloqlara Səhiyyə Nazirliyi tərəfindın lisenziya verilsə də, belə məlum olur ki, bizdə kosmetoloqların fəaliyyətinə heç kim nəzarət etmir. Görünür, üzümüzün qayğısına özümüz qalmalı olacağıq. Ən azı bu sahəyə qanunla nəzarət olunana qədər...

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm