Tomas Bax: "İlk Avropa Oyunları gələcək yarışlar üçün böyük bir uğur hekayəsi olacaq"
Bizi izləyin

İdman

Tomas Bax: "İlk Avropa Oyunları gələcək yarışlar üçün böyük bir uğur hekayəsi olacaq"

"İlk Avropa Oyunları gələcək yarışlar üçün böyük bir uğur hekayəsi olacaq. Biz idmançıların, atletlərin Avropa Oyunlarında çox möhtəşəm nəticələr göstərəcəklərinə əminik".

Publika.az xəbər verir ki, bu barədə noyabrın 21-də Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının ilk işində çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

Görülən işlərə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür edən Tomas Bax Avropa Oyunları ilə əlaqədar kifayət qədər zəngin mədəni tədbirlər proqramının hazırlandığını bildirib.

"Təbii ki, biz Baş Assambleyada bu yaxınlarda BMT tərəfindən qəbul olunmuş davamlı inkişaf məqsədlərinə dair qətnaməni də ətraflı müzakirə edəcəyik. Əlbəttə, Azərbaycanın, Azərbaycan hökumətinin idmanın yüksəlişinə dəstəyinin BMT-nin inkişaf məqsədlərinə daxil edilməsi ilə bağlı məsələlər də müzakirə olunacaq.

Cənab Prezident İlham Əliyev, göstərdiyiniz qətiyyətə, yüksək iradəyə və dünənki görüşümüzə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Avropa idmanına gəldikdə isə, biz artıq uğurlu bir ilin sonuna çatmışıq. Bildiyiniz kimi, ilin əvvəlində Soçidə çox mükəmməl Qış Olimpiya Oyunları keçirildi. Qeyd etməliyəm ki, Soçi Olimpiadası keyfiyyət baxımından əvvəlki Qış Olimpiya Oyunlarını üstələdi. Bundan sonra Braziliyada futbol üzrə Dünya çempionatı keçirildi. Amerika qitəsində keçirilən bu çempionatda Dünya Kubokunu, səhv etmirəmsə, Avropa komandası qazandı. Bayaqkı təbriklərinizə görə minnətdarlığımızı bildiririk”.

O qeyd edib ki, idman aləmində uğurlarla zəngin olan daha bir ilimiz başa çatmaq üzrədir: “Biz qarşıdan gələn ildə keçiriləcək Avropa Oyunlarından da qələbələr gözləyirik.

Siz doğru qeyd etdiniz, gələn ilin birinci yarısında Avstriyada və Lixtenşteyndə Avropa Yeniyetmələrinin Qış Olimpiya Festivalı, ilk Avropa Oyunları isə məhz burada, Bakıda keçiriləcəkdir. Ondan sonra növbəti gənclər festivalı Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq. Gələn il də sözün əsl mənasında, gərgin qrafiki ilə seçiləcək bir idman ili olacaq. Ümidvaram ki, bu idman yarışları uğurla keçiriləcəkdir. İnanıram ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına idmançıları yüksək səviyyədə hazırlaşdıra biləcəksiniz. Çünki kifayət qədər vaxtınız var. Ümid edirəm ki, həmçinin “Olimpiya-2020”-nin proqramını da ərsəyə gətirə biləcəksiniz. Biz buna inanırıq. İki həftədən sonra Beynəlxalq Olimpiya Komitəsinin Monte-Karloda keçiriləcək fövqəladə iclasında “Olimpiya-2020”-nin proqramının təsdiq olunması gözlənilir. Beləliklə, bizim 43-cü Baş Assambleyada çox məhsuldar və çox maraqlı keçəcək müzakirələrdə sizin hamınıza uğurlar diləyirəm.

Ümid edirəm ki, bu il olduğu kimi, gələn il də idman yarışlarından kifayət qədər zövq alacaqsınız. Qarşıdan gələn 2015-ci ilin Avropa üçün çox uğurlu bir idman ili olacağına inanır və sizin hamınıza uğurlar diləyirəm.

Ölkənizdə idmanla, gənclərlə bağlı görəcəyiniz bütün işlərdə, irəli sürəcəyiniz təşəbbüslərdə sizin hamınıza bəri başdan uğurlar arzu edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm