Merin baldızıyla evlənib, Rusiyanın “qulağı”na çevrilən kəndli oğlan
Bizi izləyin

Milyonçu

Merin baldızıyla evlənib, Rusiyanın “qulağı”na çevrilən kəndli oğlan

Hazırda bütün dünyanın diqqəti ondadır. Hər kəsi onun da YUKOS-un sahibi Mixail Xodorkovskinin taleyini yaşayıb-yaşamayacağı maraqlandırır. Söhbət AFK “Sistema” şirkətinin idarə heyətinin sədri Vladimir Yevtuşenkovdan gedir. O Yevtuşenkov ki, 9 milyard dollar sərvətinə, milyonluq avtomobillərinə, şəxsi təyarəsinə baxmayaraq, dörd divarın arasından kənara çıxa bilmir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində AFK “Sistema” şirkətinin sahibi Vladimir Yevtuşenkovun həyat hekayəsini təqdim edir.

Yolu belə olmayan kəndin sakini Vladimir Yevtuşenkov 1948-ci ildə Rusiyanın Smolensk rayonunun Kaminşina kəndində anadan olub. Yazılanlara görə, milyarderin doğulub böyüdüyü kəndin yolu belə yoxmuş. Lakin demək olmaz ki, o, xarabalıqlardan çıxıb milyardların sahibinə çevrilib. Gələcək maqnatın atası – Petr Matveeviç yerli kiçik süd zavodunun direktoru işləyirmiş. Həyat yoldaşı, uşaqlarının anası – Pelaqeya İvanovna ilə də bu zavodda tanış olubmuş. V.Yevtuşenkovun uşaqlıq, orta məktəb illərinə dair hər hansı məlumat yoxdur. Onun bioqrafiyası, demək olar ki, Moskvaya gəlişi ilə başlayır.

Kəndli oğlan 1967-ci ildə V.İ. Mendeleyev adına Moskva kimya texnologiyaları universitetinə daxil olur. 1973-cü ildə bu təhsil müəssisəsindən texnoloq-mühəndis ixtisası üzrə məzun olur. 1973-1975-ci illərdə çilingər, baş çilingər, zavodda ərazi müdiri vəzifələrində işləyir. 1975-1982-ci illərdə sex müdiri, direktor müavini, plastik əşyalar zavodunda baş mühəndis kimi fəaliyyət göstərir. 1980-ci ildə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsində ikinci təhsilini başa vurur.1987-1988-ci illərdə Moskva şəhər icra hakimiyyətinin texniki şöbəsinin, 1988-1989-cu ildə Moskva şəhər icra hakimiyyətinin elm və texnologiya şöbəsinin müdiri olur.

Kompramatlara əsasən, Vladimir Yevtuşenkov 1980-ci ildən qara bazarda spekulyasiya ilə məşğul olmağa başlayır. Hətta deyilənə görə, Vladimir o vaxtlar DTK-ya belə xidmət edir. Düzdür, bu, fakt kimi təsdiqlənmir. Lakin Rusiyanın bir çox kapitalistləri kimi Vladimir haqqında da xəfiyyə iddiaları mövcuddur.

Lujkovla qohum olur

Oliqarxın bəxti əslində Moskvanın keçmiş meri Yuri Lujkovla tanışlıqdan sonra gətirir. İxtisasca kimyaçı olan Lujkovla o, Moskva Şəhər İcra Hakimiyyətində tanış olur. Bu o dövr idi ki, hər ikisinin yüksəlməsi üçün partiya orqanlarında müəyyən təcrübəyə malik olmaları tələb edilirdi.Onlar bu istiqamətdə böyük əmək sərf edirlər. Nəticə etibarı ilə Lujkov arzusunu reallaşdırmağı bacarır. Bunu görən Yevtuşenkov Lujkovla əlaqələrini möhkəmləndirmək üçün 1991-ci ildə onun baldızı ilə tanış olur. Bəli, maqnat, Yelena Baturinanın bacısı Nataliya Nikolayevna ilə ailə qurur. 1991-1993-cü ildə Lujkovun bacanağı kimi "Moskva Elm və Texnologiya Komitəsi" ASC -nin Direktorlar Şurasının sədri təyin olunur. Məhz bu ASC-nin bazasında “Sistema” yaranmağa başlayır. Mətbuatda dərc olunan materiallara nəzər yetirdikdə belə nəticəyə gəlmək olur ki, AFK "Sistema" Moskvanın hökumət komitəsi büdcəsinə əsaslanaraq şirkətləşmə sayəsində yaradılıb.

Bu barədə 2001-ci ildə jurnalistlərin sualına cavab verən V. Yevtuşenkov isə deyib ki, AFK 10 ilə əvvəl yaradılıb: “ASC-dən çox az pul keçirdi və bunun biznesin inkişafına kömək olmasını desək, yanılmış olarıq”.

Öz şirkətini yaradır

V.Yevtuşenkov AFK “Sistema” şirkətini 1993-cü ildə yaradır. “Sistema” yarandıqdan sonra Yevtuşenko ilk növbədə Moskvanın telefon şəbəkəsi üzərində nəzarəti ələ keçirir. Belə ki, özəlləşdirmə zamanı o, MTS-in səhmlərinin 55%-ni alır. Bu, kifayət qədər böyük kapitala sahib olmaq demək idi. Çünki MTS 4 milyondan çox abunəçiyə xidmət göstərən dünyanın ən böyük telefon şəbəkəsindən biri idi. "Sistema"nın tam formalaşması və inkişaf dövrü isə 1995-1998-ci illəri əhatə edir. 1996-cı ildən başlayaraq isə “Sistema” özünün törəmə şirkətlərini yaradır. Həmçinin şəhər yanacaqdoldurma məntəqələrinin idarəsini ələ keçirir. “Detskiy mir” mağaza şəbəkələrini, “İnturist” agentliyini, “Medsi” satın alır.

1997-ci ildə iş adamı “TV Centr” televiziya şirkətinin idarə heyətinin rəhbəri olur. Şəhər telekanalının maliyyələşdirilməsi AFK “Sistema” vasitəsi ilə həyata keçirilir. 1997-ci ildə Moskva şəhər iqtisadiyyatında rolu olan şirkətlərə kömək üçün 500 milyon dollar məbləğində beynəlxalq kredit alınır. Bu kreditdən ən çox yararlanan AFK “Sistema” olur. 2002-ci il artıq Vladimir “Sistema”nın səhmlərinin 76 faizini idarə edir. İllər keçdikcə “Sistema”nın fəaliyyəti biznesin 12 sahəsini - telekommunikasiya, elektrotexnika, sığorta, radio, daşınmaz əmlak, tikinti, neft və neft məhsulları, ticarət, maliyyə, qiymətli kağızlar, kütləvi informasiya vasitələri, turizm, idman, tibbi əhatə edir. Məsələn, 2007-ci ilin oktyabrından şirkət Hindistanın ən kiçik mobil operatoru olan Shyam Telelink-in səhmlərinin 73 faizinə sahiblənir. Çox keçmədən şirkətin adı Sistema Shyam TeleServices Ltd. (SSTL) kimi dəyişdirilir. Sistema Shyam TeleServices Ltd. (SSTL) MTS brendi altında xidmət göstərir. Hazırda “Sistema”ya SSTL-in səhmlərinin 56,68 % məxsusdur. 2012-ci ildə SSTL-in gəliri 303 milyon dollar olub. Göstərilən ildə SSTL 13,2 milyon abonentə xidmət göstərib. 2013-cü ildə AFK “Sistema”nın dövriyyəsi 35,9 milyard dollar, təmiz gəliri 2 milyard dollar, ativləri (2012-ci ildə) 44,7 milyard dollar təşkil edib. 2009-cu ilin yazında AFK "Sistema" 2005-ci ildə səhmlərinin bir hissəsini aldığı “Başneft”in əsas payçısına, yanacaq-energetika kompleksinin altı şirkətinin sahibinə çevrilir.

Son məlumatlara əsasən, V.Yevtuşenkovun kapitalına AFK “Sistema”nın səhmlərinin 64 faizi, mobil operator MTS-in səhmlərinin 53,5 faizi, “Başneft”in səhmlərinin 89 faizi daxildir. Əvvəllər milyarder “Russneft”də də paya malik olsa sa 2013-cü ildə 49 faiz səhmi şirkətin yaradıcısına 1,2 milyard dollara satıb. Bundan əlavə, milyarderin son hadisələrə qədər “Sberbank”da 2 faiz payı var idi.

Şirkətlərin hər birinin gəlirləri

Rusiya mətbuatının yazıdığına görə, 2013-cü ildə AFK “Sistema”nın MTS-dakı (səhmlərin 53 faizi milyarderə məxsusdur) aktivlərdən gəlirləri 1,3 milyard dollar, “Başneft”dəki ( 78,8 faizi) aktivlərdən gəlirləri 1,13 milyard dollar, ”Başkirenerqo”dakı (90,9 faizi) aktivlərdən gəlirləri 87,5 milyon dollar, “Detskiy mir”dəki (100 faiz) aktivlərdən gəlirləri 40,8 milyon dollar, “Medsi”dəki (75 faizi) aktivlərdən gəlirləri 31,76 milyon dollar, “MTS-Bank”dakı (87 faizi) aktivlərdən gəlirləri 18,7 milyon dollar olub. “Başneft”in 2013-cü il üzrə gəliri 17,7 milyard dollar, “MTS”in 12,5 milyard dollar, “Detskiy mir”in 1,13 milyard dollar, ”Başkirenerqo”nun 416,7 milyon dollar, “Medsi”nin 294 milyon dollar olub.

Həbsi

Hər bir xoş günün bir pis günü də var. Bu qədər sərvətin sahibi artıq aylardır dörd divar arasındadır. Prokurorluğun ittihamına görə, V. Yevtuşenkov Başqırdıstanın Neft Şirkəti “Başneft”in səhmlərini real bazar dəyərindən aşağı qiymətə əldə etməkdə, bu şirkət vasitəsilə çirkli pulları yumaqda ittiham edilir. Söhbət 7 milyard dollar bazar dəyəri olan hissələri 2,5 milyard dollara almaqdan və çirkli pulların dövriyyəsindən 500 milyon dollar qeyri-qanuni qazanc götürməkdən gedir. Nəzərə çatdıraq, işlə əlaqədar hələ Yevtuşenkodan əvvəl Başqırdıstanın sabiq dövlət başçısı Murtaza Rahimovun oğlu Ural Rahimov və "Sobesednik" Nəşriyyatının sahibi Levon Ayrapetyan haqqında ittihamlar irəli sürülmüşdü. Ural Rahimov o dövrdə iqtidarı əlində tutan atasının gücündən yararlanıb “BaşTEK”da qeyri-qanuni əməliyyatlar həyata keçirməkdə, hissələrin AFK “Sistema”ya satışını təşkil etməkdə günahlandırılırdı. U.Rahimovla başlayan cinayət işi milarderə qədər gəlib çatdı. Birinicini həbs etmək mümükün olmasa da, barəsində beynəlxalq axtarış elan edilsə də, Rusiya hökuməti Yevtuşenkonu yaxalamağı bacardı. İş adamı iyul ayından Moskvanın kənarındakı villasında ev dustağı elan olundu. Ona cib telefonu və internetdən istifadə qadağan edildi.

Yevtuşenkov 7 milyard dollar bazar dəyəri olan hissələri 2,5 milyard dollara satın almaqda və çirkli pulların dövriyyəsindən 500 milyon dollar qeyri-qanuni qazanc əldə etməkdə günahkar saıylır. İşlə əlaqədar artıq “Başneft”in hissələrinə həbs qoyulub. Eləcə də iş adamının noyabr ayında həbs müddəti sona çatsa da, vaxtı 2015-ci ilin mart ayının 16-na qədər uzadılıb. Milyarderin günahı sübut olunarsa, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Milyarderin adı “Forbes”də

V. Yevtuşenkov adlı şəxsin adı ilk dəfə jurnalın siyahısına 2002-ci ildə salınıb. Həmin ildə “Forbes” onun sərvətini yarım milyard dollar həcmində qiymətləndirmişdi. 2005-ci ildə Yevtuşenkovun sərvətinin həcmi 5,1 milyard dollar (Rusiyanın ən varlı iş adamlarının siyahısında 6-cı sırada), 2006 - 7,7 milyard dollar (8-ci sırada), 2007-ci ildə 8,5 milyard dollar (14-cü sırada), 2008-ci ildə 10,3 milyard dollar (18-ci sırada) olub. 2009-cu ildə milyarderin sərvəti azalaraq 1,2 milyard dollar təşkil edib.V. Yevtuşenkov siyahıda 27-cı sıraya geriləyib. 2010-cu ildə onun varidatı yenidən 7,5 milyard dollara yüksəlib. 2011-ci ildə bu rəqəm 7,7 milyard , 2012-ci ildə 6 milyard, 2013-cü ildə 6,7 milyard, 2014-cü ildə 9 milyard dollar qeydə alınıb.

Ailəsi

Bildirdiyimiz kimi, milyarder sabiq mer Yuri Lujkovun baldızı Natalya Yevtuşenkov ilə evlidir. Bu evlilikdən onun övladının olub-olmadığı bəlli deyil. Çünki evlilik tarixləri kimi 1991-ci il göstərilir. Milyarderin övladlarının – qızı Tatyana və oğlu Feliksin doğumu müvafiq olaraq 1976-1978-ci illərə təsadüf edir. Feliks AFK “Sistema” şirkətinin birinci vitse-prezidenti, “Başneft” in İdarə Heyətinin sədri, Tatyana isə “Sberbank-Rossii”nin prezidentinin müşaviridir.

30 saniyədən artıq danışmır

Biznes – bu, milyarderin 30 saniyədən çox danışdığı yeganə sahədir. Çünki Yevtuşenkov hansısa suala maksimum 30 saniyəni əhatə edəcək cavabı verir. Milyarderin maraqlı tərəfi qəbul otağının qarşısında kimsəni gözlətməməsidir. Müzakirələr belə getsə, o, qəbuldakıları içəri dəvət edirmiş. Bu haqda belə deyirdi: “Sadəcə insanlar qəbulda əyləşəndə tab gətirə bilmirəm. Bir də hər kəsi tək-tək dinləsəm, iş günü boşa xərclənmiş olar”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm