Eldar Namazovdan Cəmil Həsənlinin ittihamlarına cavab – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Eldar Namazovdan Cəmil Həsənlinin ittihamlarına cavab – MÜSAHİBƏ

Bu isə 1998-ci ildə Etibar Məmmədovun, 2003-cü ildə İsa Qəmbərin topladığı səslərdən bir neçə dəfə az idi. Üstəlik, Milli Şuranın daxilində parçalanma başladı, əksər siyasi liderlər bu qurumdan çıxdı. Artıq Milli Şura üzvlərinin təqribən 30 faizi istefaya

"Bəzən adamı məcbur edirlər ki, onunla onun dilində danışasan"

Son zamanlar Milli Şura ətrafında baş verənlər, xüsusilə qurumun dağılması və istefaların artan xətt üzrə davam etməsi diqqət mərkəzindədir. Bir neçə gün əvvəl mətbuata geniş müsahibə verən Milli Şuranın sədri Cəmil Həsənli bəzi məsələlərlə əlaqədar olaraq “El Hərəkat”ının lideri Eldar Namazovu ittiham edib. Ona görə də “EL” Hərkatının sədrinin bu iddialara münasibətini öyrənməyə çalışdıq.

Eldar Namazov isə Qaynar.info-nun suallarını belə cavablandırdı:

- Eldar bəy, Milli Şuranın yaradılması ilə bağlı mart, aprel və may aylarında siyasi qüvvələrlə intensiv danışıqlar prosesini siz apararaq ciddi səs-küyə səbəb olan bu prosesi çətinliklə olsa da, başa çatdırmısınız. Ancaq bu gün Milli Şura sədri Cəmil Həsənlinin sizə qarşı ciddi ittihamları var…

- Bilirsiniz, əslində, müzakirələr və təhllilər olduqca vacibdir. Normalda seçkilər başa çatdıqdan sonra belə böyük koalisiyalar daxilində müzakirələrin başlanması qaçılmazdır. Çünki yeni mərhələ başlayır. Bu mərhələdə təşkilat qarşısına hansı məqsədlərin qoyulması, onun fəaliyyətinin müəyyənləşdirilməsi üçün keçilən yola nəzər salınmalı, hansı addımların düz, hansıların isə səhv olduğu müəyyən edilməli, nəticələr çıxarılmalıdır. Seçki bitdikdən sonra bu haqda Milli Şura daxilində bir çox şəxslər düşünürdülər. Məsələn, həmin dövrdə tanınmış hüquqşünasımız Ənnağı Hacıbəylinin “Azadlıq” qəzetində Milli Şuraya aid analitik məqaləsini oxudum və dərhal ona telefon açaraq təşəkkürümü bildirdim. Amma təəssüflər olsun ki, biz çox əcayib mənzərə ilə rastlaşdıq. Artıq son ayda bir neçə dəfə Milli Şuranın daxilində gedən proseslər, keçdiyi yolla bağlı analitik təhlil aparan və mətbuatda çıxış edən insanlara qarşı şər-böhtan kampaniyasına şahid olduq. Sanki Milli Şura haqqında ancaq “hər şey çox əla oldu, kampaniyanı yüksək səviyyədə apardıq, Cəmil Həsənli 65 faiz səs toplayıb, hər şey əladır” fikirlərini demək olar. Bundan kənara çıxan, problemlər haqqında təhlil aparan insanlara qarşı dərhal böhtan kampaniyası başlayırdı. İlk dəfə belə proseslə mən mətbuata hadisələrin təhlil ilə əlaqədar verdiyim müsahibə zamanı qarşılaşdım. Fikirlərimdə də qeyd etmişdim ki, Milli Şura transformasiyaya uğrayır, bu əvvəlki Milli Şura deyil. Bunu deməkdə mənim əsaslarım var idi. Çünki Milli Şuranı təsis edən partiyaların rəhbərləri, Milli Şura üzvləri qurumu tərk edirdilər. Beləcə yeni vəziyyət yaranır, proses artan xətt üzrə inkişaf edirdi. Amma eyni zamanda mən qeyd edirdim ki, bu yeni mərhələnin başlanmasıdır və çalışmaq lazımdır ki, maraqları uzlaşdıraraq Milli Şuranı qoruyub saxlayaq. İndi isə bunu hamı deyir. Çünki göz qarşısında gedən prosesi danmaq mümkün deyil. Mən bu haqda mətbuata açıqlama verdiyim gün bu mövzuda başqa bir analitik məqalə çap olundu. Məqalənin müəllifi “El Hərəkat”ının rəhbərliyində təmsil olunan Zəfər Quliyev idi. Amma Cəmil Həsənlidən dərhal açıqlama gəldi ki, “Yeni Müsavat”da Koordinasiya Şurasının siyahısı çap edilib və bunu qəzetə “El Hərəkat”ından ötürüblər. Bu ittihamı eşidəndə, mən əvvəlcə bunu bizim tənqidi fikirlərimizlə əlaqələndirmədim. Güman etdim ki, kimsə Cəmil Həsənliyə yanlış informasiya verib. Özüm də Cəmil Həsənliyə müraciət etdim, görüşüb söhbət etdik. Ona aydın şəkildə bir vacib məqamı izah etdik.

- Söhbət hansı məqamdan gedir?

- Bu ondan ibarətdir ki, onun mənim elektron ünvanıma göndərdiyi məktubu mən “El”in rəhbərliyinə təqdim etməmişdim. Düzdür, bizim İdarə Heyəti dekabrın 30-da toplaşmışdı. Bu daha çox Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı toplantı idi. Orada heç kimə sənəd paylanılmamışdı. Mən İdarə Heyətinə şifahi şəkildə məlumat verdim ki, Cəmil Həsənli tərəfindən bizə belə bir müraciət daxil olub. İdarə Heyəti də mənim verdiyim şifahi informasiya əsasında müzakirə apardı və qərar çıxartdıq. Bu məktubun elektron və ya çap edilən forması nəinki kənara, heç İdarə Heyətinin üzvlərinə də təqdim edilməyib. Mən bütün bunları C.Həsənliyə izah etdim. Bundan sonra biz güman edirdik ki, Cəmil müəllim bunu nəzərə alaraq “El”ə qarşı irəli sürdüyü ittihamlara aydınlıq gətirəcək. Amma təəssüflər olsun ki, Cəmil müəllim bu məsələni şişirtmək xəttini seçdi.

- Bu izahatdan sonra Cəmil Həsənli konkret olaraq hansı addımlar atdı?

- Bundan sonra Cəmil müəllim “Azadlıq” radiosuna çıxaraq ittihamları bir növ davam etdirdi.Cəmil müəllim radioda çıxış edərkən üç məqamı qeyd etdi. Dedi ki, Koordinasiya Şurasında AXCP-dən yalnız iki nəfər var: Əli Kərimli və Kamil Vəli Nərimanoğlu. Əlavə etdi ki,Koordinasiya Şurasında ancaq partiya sədrləri və Milli Şuranın komissiya rəhbərləri salınıb. Orada da bizim verdiyimiz əsaslı izahata rəğmən yenə də Koordinasiya Şurasının siyahısını “El Hərəkat”ından “Yeni Müsavat”a ötürülməsinə eyham vurdu. Əslində, Cəmil müəllimin dediyi hər üç məsələ həqiqətəuyğun deyildi. Əlbəttə, Xədicə İsmayılova təcrübəli jurnalistdir və mənim ona qınağım yoxdur. Sadəcə olaraq onun qarşısında bir ziyalı əyləşib danışdığı üçün Xədicə xanımın ağlına da gəlmirdi ki, bu dediyi sənədlərlə bağlı saytları açıb baxsaydı, əlavə suallar verərdi. Deyərdi ki, Cəmil Həsənli, sən deyirsən AXCP-dən Koordinasiya Şurasına iki nəfər daxil edilib, amma burada AXCP Ali Məclisinin sədri Həsən Kərimovun da adı var. Deyirsən ancaq partiya sədrləri və Komissiya sədrləri Koordinasiya Şurasına daxil edilib, amma tərkibə fəaliyyətinə 2 ay əvvəl xitam verilən Seçki Qərargahından da üç nəfər salmısınız. Halbuki bu qurum artıq mövcud deyil. O cümlədən də, “El” Hərəkatından kiminsə məktubu “Yeni Müsavat”a ötürməsi haqda iddia yalan idi. Efirdən deyilən bu üç məsələnin heç biri həqiqətəuyğun deyildi. Ancaq dəhşətlisi bu da deyildi. Bir neçə saatdan sonra Cəmil Həsənli ilə danışan şəxslər bizə xəbər verdilər ki, Cəmil müəllimin mənim elektron ünvanıma göndərdiyi məktub təxminən 20 nəfərdə də var. Hətta bu məktub Milli Şura üzvü olmayan bəzi partiya sədrlərində də var. Və məktubu “Yeni Musavata” kimlər çatdırıb – təqribən bəllidir və El hərəkatına aidiyyatı yoxdu. Sadəcə olaraq, Cəmil Həsənli Zəfər Quliyevin analitik məqaləsindən və mənim müsahibəmdən qıcıqlanıb və bizə cavabı bu formada verib və bunu heç gizlətmir də. Onda mən bir məqamı xatırladım. Cəmil Həsənli bizi ittiham etdiyi bəyanatında bir cümlə işlətmişdi: niyə Eldar Namazov öz müsahibəsində qeyd etməyib ki, Milli Şuranı Cəmil Həsənli xilas edib. Həm də mən, Cəmil müəllimlə görüşüb məktubun bizim hərəkat tərəfindən ötürülməsi haqda iddianın yalan olduğunu izah edən zaman, o mənə Zəfər Quliyevin məqaləsindən sitat gətirdi və dedi ki, mən bundan narazıyam. Hər şey artıq çılpaqlığı ilə aydın oldu. Mən anlayıram ki, həyatda çoxları belə hallarla rastlaşıb və belə adamlar da olur. Sən hansısa ciddi elmi, siyasi, ictimai proseslərlərlə bağlı arqumentlər əsasında müzakirə aparırsan, hansısa addımın düzgün olmadığını əsaslandırırsan. Qarşı tərəf də arqument tapmayanda deyir: “Qonşunun inəyini aparıblar, yəqin, onu sən oğurlamısan”.

Adətən, belə şəxslərlə apardığın diskussiyanı o dəqiqə kəsməli olursan. Çünki görürsən ki, adam haqlı olmayanda sənə qarşı şər-böhtan atır. Son bir ay ərzində biz ikinci dəfə bu mənzərə ilə rastlaşdıq. Mənim mətbuatda açıqlamalarım getdi, mən bu açıqlamam zamanı Milli Şuranın keçdiyi yolu təhlil etdim, müəyyən faktlar qeyd etdim. Amma Cəmil Həsənli yenə də mənim təhlil və arqumentlərimə qarşı heç bir mətləbə aidiyyəti olmayan şəxsi müstəviyə yönələn ittihamlara əl atdı. Bu çox təəssüfedici haldır. Əslinə qalsa bu yanaşmanın özü də, “Milli Şurada niyə dağılma prosesi gedir?”, “Nə üçün ötən ilin mayında aralarında olan narazılıqları kənara qoyaraq birləşən qüvvələr bir-birilə münasibətləri korlayıb dağılma prosesi başlatdı?” suallarına aydınlıq gətirir. Əlbəttə, nəzərə almaq lazımdır ki, Cəmil müəllim bu günə qədər heç bir təşkilata rəhbərlik etməyib. Milli Şura isə bir təşkilat deyil, bu qurumda çoxlu sayda təşkilatlar və fərdlər birləşir. Burada qarşı tərəfə qulaq asmaq, arqumentləri nəzərə almaq, toqquşan maraqları uzlaşdırmaq kimi ciddi məsələlər var. Bunları nəzərə almadan Milli Şuranı nə qurmaq, nə də qoruyub saxlamaq olardı. Ancaq Milli Şurada vəziyyəti təhlil etmək əvəzinə, mənə qarşı həqiqətəuyğun olmayan, bir qədər də açıq böhtan xarakterində olan ittihamlar irəli sürüldü. Mən 30 ilə yaxındır ki, ictimai-siyasi fəaliyyətlə məşğulam. Məni tanıyanlar bilir ki, məsələlərə hər zaman dözümlü yanaşıram, ciddi mövzuları şəxsi müstəviyə kecirmirəm. Çalışıram ki, aparılan müzakirələr cəmiyyətimiz üçün faydalı olsun. Amma bəzən adamı məcbur edirlər ki, onunla onun dilində danışasan. Çünki başqa yanaşmanı zəiflik kimi qəbul edib şər-böhtanları artan xətlə davam etdirirlər. Yəqin, həmin “məktub” məsələsinin əsl səbəblərini vaxtında biz abrımıza sıxıb ictimayəlişdirməməyimiz onların yalan kampaniyasını davam etdirmək üçün bir qədər də “ruhlandırıb”.

- Cəmil Həsənli iddia edir ki, avqust ayında keçirilən mitinqə Eldar Namazovla Rəsul Quliyev təşkilatçılıq edib və bu mitinq çox pis alınıb.

- Uydurmadır. Hamı bilir ki, Milli Şuranın Mitinq Komitəsi AXCP-yə həvalə olunmuşdu və bu prosesə AXCP sədrinin müavini Asəf Quliyev rəhbərlik edirdi. Mənim bu mitinqə nə ideya, nə də təşkilatçılıq baxımından aidiyyətim yox idi. Həmin dövrdə mitinqin təşkili ilə məşğul olan şəxslərdən biri yanıma gəldi və soruşdu ki, “El Hərəkat”ı mitinqə nə qədər adam gətirə bilər. Mən də ona sual etdim ki, başqaları bu haqda nə deyir? Dedi ki, bir partiya 10 min nəfər gətirəcəyini bildirir, digəri 5 min, o biriləri 3 min və s. Mən də dedim ki, bu rəqəmlər inandırıcı görünmür. Çünki aksiya “20-ci” sahədə keçirilir, ora ucqar yerdir, hakimiyyət ora insanları gətirməyə mane olacaq, uzun müddətdir ki, mitinqlər olmayıb, yayın cox isti zamanıdı və s. Sonra da dedim ki, biz “El” Hərəkatı olaraq çalışacağıq ki, minə yaxın insanı mitinqə gətirək, qalanlarının dedikləri isə inandırıcı deyil. Dedilər ki, cox gözəl, siz bir neçə ay bundan əvvəl yaranan təşkilatsıniz, elə o gədər da adam gətirin, qalanları isə 20-25 min civarında adamları təşkil edəcəklər. Mitinq başlayanda ilk çıxış edən Müsavat başqanı meydana baxaraq müsavatçıları, cəbhəçiləri və “El”çiləri salamladı. Çünki orada kimlərin adam gətirdiyi görünürdü. Mitinqdən sonra təşkilatçılar etiraf etdilər ki, Eldar Namazov dediyinə yaxın adam gətirdi, amma “10 min adam gətirəcəyik” sözü verənlər yalnız 10 faizini gətirə bildilər. Bir daha qeyd edirəm ki, həmin mitinqin təşkilati işləri ilə mən məşğul olmamışdım və öncədən də bu məsələyə obyektiv münasibət bəsləyirdim. İndi yalandan “Mitinqə Eldar Namazov təşkilatçılıq edib və bu mitinq alınmayıb” demək heç bir məntiqə və etikaya sığmır.

- İddialardan biri də sizin komissiyaları işlədə bilməməyinizlə bağlıdır. Doğurdanmı siz Milli Şuranın Sədr Aparatına rəhbərlik edərkən komissiyaların fəaliyyətinə nail ola bilməmisiniz?

- Mən aparatın rəhbəri idim, komissiyanın sədrlərini isə Milli Şuranın Ali orqanı - sessiyası seçirdi. Bu qurumlarda sessiya qarşısında cavabdeh idi. Komissiya sədrlərinin hamısı cəmiyyətdə tanınmış şəxslər idi. Heç mənim mandatıma bu komissiyaları işlətmək daxil deyildi. Ancaq buna baxmayaraq, bir müddətdən sonra gördüm ki, komissiyaların fəaliyyəti yoxdur və onlarla toplantı keçirdim. Dedim ki, sessiyanın qərarı var, komissiyalar qarşısında müəyyən məqsədlər qoyulub, əgər bu istiqamətdə siz iş görsəniz biz də Sədr Aparatı olaraq sizə hər cür köməklik edərik. Yeri gəlmişkən, Cəmil Həsənli də bu komissiyalardan birinə - Qarabağ komissiyasına sədrlik edirdi və bu günə qədər də sədrlikdə qalır. İndi Cəmil Həsənli sədri olduğu Qarabağ komissiyası bu günə qədər bir iş görməyibsə, deməli, Eldar Namazov onu işlədə bilməyib? Əgər kimsə kənardan bu komissiyaları işlətməlidisə, Cəmil Həsənli Milli Şuranın sədri, vahid namizədi və komissiya sədri kimi özü-özünü işlədərdi də. Ona kim mane olurdu?

- Cəmil Həsənli bildirir ki, Eldar Namazov seçkilərə qatılmaq istəyirdi, onun mandatı var idi və s.

- Bəli, Milli Şuraya daxil olan siyasi qüvvələrdən çoxunun seçkilərə qatılmaq niyyəti olub. Hətta Müsavat və KXCP bununla bağlı rəsmi qərar çıxarmışdı. Mən və digərləri isə bu haqda düşünürdük, bəzi hazırlıq işləri də gedirdi. Amma Milli Şura ideyası meydana gələndə biz hamımız qərara gəldik ki, seçkilərdə siyasi qurumların rəhbərləri bir addım geriyə çəkilməli, müstəqil bir namizədi irəli sürməliyik. Əvvəlcə söhbət Rüstəm İbrahimbəyov haqda gedirdi, sonra Rafiq Əliyev haqqıda çox deyilirdi, Cəmil Həsənli və Mehman Əliyev barədə də danışılırdı. İkinci dəfə seçkilərə qatılmaq imkanı siyasi qurumların rəhbərləri ücün “yeni vahid namizəd yoxsa bir neçə namizəd ilə” seçkilərə qatılmaq mövzusu meydana gələndə yarandı. Yeni vahid namizəd ideyası 1 səs çoxluğu ilə qəbul ediləndə, mən yaranmış parçalanmanı aradan qaldırmaq və hamının bu qərar ətrafında birləşdirmək üçün əlimdən gələni etdim. Əslində, siyasi qurumun sədrini seçkilərdə iştirak etmək haqda düşündüyü üçün ittiham etmək anormal haldır. Mandata qalsa deyim ki, mənə belə bir mandat verilmişdi. Çünki demokratik düşərgənin bir qismi İctimai Palatada, digər bir qismi isə Məşvərət Məclisində təmsil olunurdu, Ziyalılar Forumu, ictimai qurumlar və gənclər təşkilatları isə ayrı idi. Mənə verilən mandat bu qurumları bir araya gətirməkdən ibarət idi. Milli Şura yaranda isə mənim onun aparat işləri ilə məşğul olmağım dəvəni toya çağırmaq kimi bir şey idi. Mənim bu müddətdə nə qədər mandatım oldusa, səlahiyyət baxımından bundan ikiqat çox mandat məndən sonra Cəmil Həsənlidə oldu. O, həm Milli Şuranın vahid namizədi, həm də sədri oldu. Mənim mandatım zamanımda ortada ancaq Milli Şura ideyası var idi, amma böyük təşkilat yarandı, meydana çıxdı, ölkə daxilində və xaricində nüfuz qazandı. Hətta vahid namizədin seçkilərə qatıla bilməyəcəyi haqda forsmojor vəziyyət yarananda biz bu böhrandan bir necə günün ərzində çıxdıq, Milli Şuranı qoruduq, yenidən birləşdirdik və seçki kampaniyasına getdik. Biz sessiyaya gələndə onlarla tanınmış adamlar qarşımızı kəsib deyirdi ki, biz lazım olan sayda imza toplamışıq, Milli Şuraya daxil olmaq istəyirik, bu məsələni müzakirə edin. Mənim mandatım dövründə bu proseslər oldu. Əlbəttə, nöqsanlarda, çətinliklərdə oldu və onlarin qarşısı da alınırdı. Əzizim, sənin məndən ikiqat böyük mandata sahib olduğun dövrdə nələr baş verdi? Seçkilərdə bir neçə yüz min səs toplandı. Bu isə 1998-ci ildə Etibar Məmmədovun, 2003-cü ildə İsa Qəmbərin topladığı səslərdən bir neçə dəfə az idi. Üstəlik, Milli Şuranın daxilində parçalanma başladı, əksər siyasi liderlər bu qurumdan çıxdı. Artıq Milli Şura üzvlərinin təqribən 30 faizi istefaya verib və bu davam edir. İndi sən nə mandat davası döyürsən? Mandatı kimin nə cür istifadə etdiyi göz önündədir.

- Sizə qarşı irəli sürülən ittihamlardan biri də odur ki, Seçki Qərargahına rəhbərlik etdiyiniz müddətdə İbrahimbəyovla bağlı sənədlərin hazırlanmasına 12 gün sərf etmisiniz, amma Cəmil Həsənlinin seçki qərargahı bu işi 12 saata edib.

- Bu da həqiqətəuyğun olmayan məsələdi. Təəssüflər olsun ki, o dövrdə Rüstəm müəllimin namizədliyi məsələsi gündəmdən çıxmışdı və bəlli idi ki, o seçkilərdə iştirak edə bilməyəcək. Bu səbəbdən də, Seçki Qərargahı fəaliyyətə başlaya bilmədi. Söhbət ehtiyat vahid namizədin irəli sürülməsi ilə paralel olaraq Rüstəm müəllimin namizədlik məsələsinin məhkəməyə daşınmasından gedirdi. Bununla da mən yox, təşəbbüs qrupunun rəhbəri, hörmətli hüquqşünaslar məşğul olurdu. Bu o qədər aydın məsələ idi ki, AXCP və Müsavat ümümiyyətlə təşəbbüs qrupuna adam göndərmədi, əsas proses yeni vahid namizədin etrafında gedirdi. Amma mən bu işə rəhbərlik edən insanları qınamağı heç kimə rəva görmürəm. Ona görə ki, Cəmil Həsənlidən fərqli olaraq Rüstəm müəllim Moskvada idi. Hüquqşünaslar da bir neçə dəfə sənədləri Moskvaya göndəriblər. Bu sənədlər rus dilinə tərcümə edilib, Rüstəm müəllim tərəfindən imzalanıb və Moskvada notarius də təsdiq edildikdən sonra Bakıya qaytarılıb. Burada sənədlər yenidən Azərbaycan dilinə tərcümə edilib yenə notariusda təsdiq elətdirdikdən sonra hazırlanırdı. Bütün bunlar həmin hüqüqşunaslar üçün kifayət qədər üzücü bir prosesə cevrilmişdi. Rüstəm müəllimin namizədliyini irəli sürəcək təşəbbüs qrupunun toplantısı isə bir gündə işini başa çatdırmışdı.

- Eldar bəy, Cəmil müəllim həm də bildirib ki, onun vahid namizəd olmasına qarşı üç nəfər çıxıb: Siz, Rəsul Quliyev və bir də onun özü. Siz hansı səbəblərdən Həsənlinin vahid namizəd olmasını qarşı idiniz?

- Bu da həqiqətəuyğun deyil. Ehtiyat vahid namizədin müəyyən olunduğu sessiyada mən birinci çıxış etdim və hamıya müraciət edərək dedim ki, başqa namizəd haqda düşünən insanlarda Cəmil Həsənliyə səs versinlər. Xüsusilə, qeyd etdim ki, biz Cəmil müəllimə ancaq hüquqi mandat verməli deyilik, o sadəcə səs çoxluğu ilə vahid namizəd seçildi, həm də siyasi mandat verilməli, onu yekdilliklə seçməliyik ki, çıxıb cəmiyyət qarşısında Milli Şura adından danışa bilsin. Burada yolverilməz böhtanlardan biri də mən və Rəsul Quliyevlə bağlı məhəlli faktorlara işarə etməkdir. Əslində, heç bir ziyalıya yaraşmır ki, bu cür iyrənc oyuna getsin. Qeyd edim ki, mən ilk dəfə Rəsul Quliyevlə Milli Şurada bir blokda birləşmişəm. Son illərdə isə bizim mövqeyimiz bir neçə dəfə üst-üstə düşüb. Biz 2003-cü il prezident seçkilərində qarabağlı İsa Qəmbərə dəstək vermişik. 2013-cü ildə isə var gücünmüzlə çalışmışıq ki, əslən şirvanlı olan böyük ziyalımız Rüstəm İbrahimbəyov vahid namizəd olsun. İndi hansı məhəlli faktorlara eyham vurduğunu mən anlamıram. Əslində, belə şeylərə haqsız eyham vuranların özləri adətən bu xəstəliyə düçar olanlardır. Onun ilk günündən son günə kimi müdafiə komitəsinə rəhbərlik etdiyi yerlisi Fərhad Əliyev dəfələrlə hakimiyyətdən əfv xahişi etmişdi, seçkilərdə də İlham Əliyevi dəstəklədiyini elan etdi və bunun müqabilinddə azadlığa buraxıldı. Cəmil Həsənli bu hala dolayısı ilə haqq qazandırdı. Zindanda olan akademik Əli İnsanov isə həm Milli Şuranın yaranmasına dəstək verdi, həm də İbrahimbəyovun və sonra da Cəmil Həsənlinin namizədliyini müdafiə etdi, ona səs verdi və bunu bəyan elədi. Amma Cəmil Həsənli çıxışları zamanı siyasi məhbusların adını çəkərkən Əli İnsanovun adını bir dəfə də çəkmirdi. Artıq məsələ o dərəcəyə çatmışdı ki, bir çoxları bunu ona irad tuturdular, amma yenə də dilinə gətirmirdi. Nəhayət bir dəfə sessiya zamanı Cəmil Həsənli siyasi məhbusların adını çəkəndə adəti üzrə Əli İnsanovun adının üzərindən keçdi. Bu zaman İsa Qəmbər kağız parçası üzərinə “Əli İnsanovun adını çəkmək lazımdır” yazaraq Cəmil müəllimə göndərdi. Bundan sonra Cəmil Həsənli məcbur olub Əli İnsanovun adını çəkdi. İndi bu adam hansı əsasla başqalarını məhəlli məsələlərə görə, ittiham edir? Bu iyrənc və eyib məsələdir.

- Cəmil müəllim həm də açıq bildirir ki, məhz sizin Sədr Aparatına rəhbərlik etdiyiniz zaman Milli Şurada təmsil olunan altı partiyadan ikisi bu qurumu tərk edib. Sizinlə bu partiya liderləri arasında hansı fikir ayrılıqları olub?

- Biz əvvəldən qərara gəlmişdik ki, vahid namizəd olacaq şəxs həm də bütün proseslərə rəhbərlik etsin. Həmin dövrdə artıq Cəmil Həsənli vahid namizəd idi və de-fakto sədrlik səlahiyyətini icra edirdi. Həm sessiyanı aparırdı, həm də hər şeyi özü müəyyənləşdirirdi. Partiyaların Milli Şuradan getməsi haqda dedikləri isə həqiqətdən cox uzaqdır. Liberal Partiyanın Milli Şuradan getməsi hər kəsin gözü önündə olub. Liberal Partiyanın sədri Əvəz Temirxan xahiş etdi ki, sessiyada partiya lideri Lalə Şövkətin istefası ilə bağlı adı hallanmasın və partiyaları Milli Şurada qalıb fəaliyyətini davam etdirmək istəyir. Bu nə çətin problem idi? Bunu həll etmək əvəzinə Cəmil Həsənli Əvəz Temirxana üstünə bozardı ki, siz mənə göstəriş verə bilməzsiniz nəyi demək olar, nəyi olmaz, mən özüm bilirəm. Bu sözlərdən sonra da liberallar ayağa qalxıb zalı və Milli Şuranı tərk etdilər. Əslində, bu çox sadə həll ediləcək məsələ idi və onu yoluna qoymaq olardı. Onsuz da başqaları Milli Şuradan çıxanda Cəmil müəllim ad çəkmədən deyir ki, gedənə yaxşı yol...

Rəsul Quliyevin getməsini götürək. Cəmil Həsənlinin namizədliyindən sonra Rəsul Quliyev açıqlama verirdi ki, bu namizədlə uğur qazanmaq olmayacaq. Baxmayaraq ki, Rəsul Quliyev həmin dövrdə bu proqnozları verəndə mən də narahat idim və düşünürdüm ki, seçki kampaniyasının başa çatmasını gözləmək, ondan sonra isə təhlillər aparmaq olar. Amma Rəsul Quliyev deyirdi ki, Milli Şuradan çıxmaq haqda qərarı yoxdur, şura gələcək fəaliyyət planını müəyyən etməlidir, strategiya aydınlaşmalıdır. Rəsul Quliyevin Milli Şuradan çıxarılması məsələsinin müzakirə edildiyi sessiyada mən iştirak etməmişəm. Amma mənə dedilər ki, Cəmil Həsənli müəmmalı formada Rəsul Quliyevi Milli Şuradan uzaqlaşdırıb. Hətta Sülhəddin Əkbər “Bu necə səsvermədir”, - deyə müraciət edib. Cəmil Həsənli isə bildirib ki, lazımı qədər səs toplanıb. Və beləcə liberallardan sonra Rəsul Quliyev də Milli Şuradan uzaqlaşdırılıb. Rəsul Quliyev Cəmil Həsənlini vahid namizəd kimi qəbul etməməyinə görə Milli Şuradan cıxarılmalı idi? İndi Rüstəm İbrahimbəyovun namizədliyini qəbul etməyən, onu “Rus projesi” adlandıran insanları Cəmil Həsənli Koordinasiya Şurasına seçib başda otuzdurur, bəzilərini isə seçki kampaniyası zamanı öz içtimai vəkilləri sırasına daxil edib.

Nəhayət, Müsavatın Milli Şuradan getməsi məsələsinə toxunaq. Mən əminəm ki, bu da qaçılmaz proses deyildi. Düzdür, ortalıqda ciddi mübahisələr və narazılıqlar var idi. Yada salmaq istəyirəm ki, Müsavatın Milli Şuradan getmək ehtimalı onda yarandı ki, sessiyaların birində Müsavatla razılaşdırılmayan bir məsələ səsə qoyuldu və qəbul olundu. Bu da Rüstəm müəllimin fəxri sədrlik məsələsi idi.Şəxsən mən Rüstəm müəllimin fəxri sədr olmasının tərəfdarı idim və hesab edirdim ki, bu doğru qərardır. Ancaq Müsavat fəxri sədrin əleyhinə yox, bu məsələnin onlarla müzakirə edilməməsindən narazı qaldıqlarını açıq vurgulayırdı. Bunu mətbuatda açıq qeyd edirdilər. Əvvəlki dövrdə belə ciddi məsələlər öncədən partiya sədrləri ilə müzakirə olunurdu. Heç olmasa gündəlikdə bu məsələ olmalıdısa, gündəliyin özü həmişə müzakirə olunurdu. Həmin sessiyaya qədər belə bir hal olmamışdı ki, ciddi qərar qəbul edilsin, amma bu məsələ sessiyadan əvvəl partiya sədrləri ilə müzakirəyə çıxarılmasın. Şəxsən mən hesab edirəm ki, Müsavatla bu danışıqlar aparılsaydı, ümümi razılığa gəlmək mümkün idi. Bu hadisədən sonra Müsavatın Milli Şuradan gedib-getməməsi əllinin əlliyə oldu. Həmin dövrdə bu məsələ ictimai müzakirəyə çıxarılanda Cəmil Həsənli dedi ki, Müsavatın getməsini istəmirik, amma gedirlərsə getsinlər, onsuz da Milli Şura fəaliyyətini davam etdirəcək. Bu açıqlamadan sonra Müsavatın Milli Şuranı tərk etməsi məsələsi əlli faizdən yüz faizə qalxdı. “El” hərəkatı rəhbərliyinə qarşı “məktub əməliyyatı” haqqında isə artıq danışdım.

-Sizcə, Milli Şuranı qoruyub saxlamaq mümkün idimi?

- Mən yenə də o fikrimə qayıdıram ki, Milli Şura kimi böyük və müərəkkəb koalisiyaları yaratmaq da, qoruyub saxlamaq da çox çətindir. Bu proseslərə rəhbərlik edən adamlar mütləq hər bir quruma hörmətlə yanaşmalı, toqquşan maraqları təbii qarşılamalı, əziyyət çəkərək bu maraqları uzlaşdırmalı, danışıqlar aparmalı, arqumentləri öyrənməlidir. Bir məqamı da qeyd edim: Müsavat bir sıra təşkilatlara əməkdaşlıq sazişi təklif edəndə kampaniya şəkilində Müsavatı topa tutdular, iddia olundu ki, Müsavat Milli Şuranı dağıtmaq istəyir. Hay-küylü kampaniya çərçivəsində Müsavatın müraciət etdiyi partiyaların çoxu rədd cavabı verdi. Yeganə olaraq Müsavatla danışıqları müsbət keçən “El” Hərəkatı oldu. Mən bunun səbəbini aça da bilərəm. Danışıqlar zamanı İsa bəyə sual etdim ki, əməkdaşlıq haqda saziş hazırlanacaqsa, orada bir bənd Milli Şuraya aid ola bilərmi? Onlar da qısa dəyərləndirmə aparıb müsbət cavab verdilər. Milli Şura fərdləri birləşdirən qurumdursa, siyasi qüvvələr öz aralarında əməkdaşlıq sazişi imzalaya və orada bəndlərində biri Milli Şuranın fəaliyyətinə aid olacaqsa, bunun hansı təhlükəsi ola bilərdi? Onu da bildirim ki, biz “EL” olaraq, Cəmil müəllimin seçki kampaniyası çərçivəsində “Eldən-elin namizədinə” adlı özəl kampaniya həyata keçirdik. Mən Ağstafa, Qazax,Tovuz bölgəsində partiya və içtimai fəalların toplantısını kecirtdim, iki yüzdən artıq adam iclasa gəldi, sonra müxtəlif mövzularda xüsusi videoroliklər hazırlandı (elə bunun özü “Eldar Namazov mənim namizədliyim əleyhinə olub “ sözlərin nə qədər həqiqətdən uzaq olduğunun göstəricisidi). Həmin rolikin birincisində Azərbaycanda yaşayan əksər milli azlıqların nümayəndələri öz ana dillərində (avar, ləzgi, talış, tat, ingiloy, rus dillərində) Cəmil Həsənlini dəstəkləyəcəkləri haqda mesajlar verirdilər. Bu roliki sosial şəbəkələrdə 100 minlərlə insan izləmişdi. Çox təəssüflər olsun ki, bu işləri görən, milli azlıqların demokratik qüvvələrin namizədi ətrafında birləşdirməyə çalışan şəxsləri indi Milli Şuranın Koordinasiya Şurasında təmsil olunan bəzi adamlar separatçı, xarici qüvvələrin agenti adı ilə ittiham edir. Cəmil Həsənli isə mətbuata açıqlaması zamanı deyir ki, bu məsələyə qarışmır, onların öz işidir. Bəs seçki kampaniyası zamanı 100 minlərlə insanlara demokratik qüvvələrin namizədini dəstəkləməyin vacib olduğu haqda milli azlıqların dili ilə mesajların çatdırılmasını təşkil edən insanların zəhmətini bu formada yerə vurmaq olarmı? Təbii ki, bu da növbəti Milli Şuradan istefaya səbəb oldu. Mən buna da təəssüf edrəm. Odur ki, Milli Şuranın dağılma prosesinə nəzər salsaq görərik ki, bu qaçılmaz proses deyildi. Bunun qarşısını almaq olardı. Amma atılan səhv addımlar zamanı gərginlik yaranırdı, bu partiyaları üz-üzə qoyurdu. Bu ziddiyyətlər meydana gələndə onu aradan qaldırmaq üçün cəhdlər olmurdu, əksinə bunu dərinləşdirən açıqlamalar verilirdi. Bu proseslər obyektiv təhlil olunmalı, qiymətləndirilməli idi. Bu təkcə Eldar Namazova lazım deyildi. Burada söhbət Cəmil Həsənlinin düz və ya səhv addım atmasından getmir. Söhbət ondan gedir ki, Azərbaycan cəmiyyəti bu proseslərdən kənarda qalıb. Seçkilərdə cəmiyyəti mobilizasiya etmək mümkün olmadı. Mitinqlərin keçirilməsində, ora gələn insanların sayında da bu özünü büruzə verdi. Aparıcı partiyaların, gənclərin və ziyalıların dəstəyini alan namizədə verilən səs də bunu göstərdi. Bu mövzular ciddi müzakirə edilməli idi. Çünki bu birinci və sonuncu seçkilər deyil. Həm də cəmiyyəti gələcək işlərlə bağlı inandırmaq lazım idi, ortaya gələn yeni nəsil bu səhvləri təkrar etməsin.

Bu Eldarın və ya Cəmilin məsələsi deyil, demokratik qüvvələrin, bir qədər irəli getsək, Azərbaycanın taleyi məsələsidir. Amma obyektiv fikir dartışması aparmaq cəhdləri şər-böhtanla qarşılanır. Cəmil Həsənlinin məni “ittiham” etdiyi məqamdan bir necə gün keçir, və bu qısa müddət ərzində Milli Şuranın bir tanınmış üzvü də - Aqil Səmədbəyli istefa verdi. Sonra Mehdibəy Səfərov istefa verdi. Arzu Abdullayevanın Milli Şurada faktiki iştirak etmədiyini və bu adla təşkilatin artıq öz rolunu oynayıb fikri, politoloq Leyla Əliyevanın qurumda fəaliyətini dayandırdığı haqqında KİV-lərdə informasiya getdi. Bunların fonunda, Milli Şurani qurulmasında iştirak edən 6 siyasi qurumun 4-nün rəhbərləri, Milli Şura üzvlərinin təqribən 30% istefaya verdikdən sonra “Eldar buranı qura bilmədi, mən gəldim düzəltdim” davası döymək , “xilaskar, parlaq qələbə, mənim prezidentim” şuarlar çərçivəsindən kənara çıxan adamlara şər-böhtan kampaniyası aparmaq yersiz deyilmi? Belə yanaşma ilə hara qədər gedə biləcəklər?


Qaynar.info

Oxumağa davam et
Reklam
Reklam

Gündəm