O olmasaydı, həyatım tam başqa cür olacaqdı” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

O olmasaydı, həyatım tam başqa cür olacaqdı” - FOTOLAR

Nədənsə Milli Kino incilərimizdən söhbət düşəndə gözlərimiz önündə Zaur, Yusif, Marat, Kərim, İbrahim xan və başqa obrazlar canlanır. Onun rollarını uşaqdan böyüyə izləyənlərin hamısı çox sevir. Yaratdığı obrazlardan Zaur xüsusilə fərqlənir. Məhz bu obraz Xalq artisti Fəxrəddin Manafovu tamaşaçılara daha çox yaxınlaşdırdı...

Bakı mənimdir...

- Balaca Fəxrəddinin uşaqlıq illərində nə baş verirdi?

- Ən böyük arzularımdan biri futbolçu olmaq idi. Bununla yanaşı, hələ uşaq yaşlarımdan aktyorluq sənətinə maraq göstərmişəm.

- Kiçik şəhərləri sevən aktyor üçün küləklər şəhəri və ən əsası qədim Bakı nə ifadə edir?

- Mən o illəri, elə qədimi Bakını da yaxşı xatırlayıram. Keçmiş Kirov Parkına gedəndə uşaqlıq illərim, velisoped sürməyim gözlərim önündə canlanır. O parka gedəndə nədənsə o illər yaddıma düşür. Qədim Bakı bu gün çox dəyişib. Bu gün bulvar da çox gözəl olub. Bakını çox sevirəm!!! Mən Bakını heç bir şəhərə dəyişmərəm! Bakı mənimdir... (gülümsəyir)

Müəllimim həmişə deyirdi…

- "Ölsəm bağışla" filmindəki Yusif obrazı, "Park" filmindəki Marat, istərsə də "Təhminə" filmindəki Zaur obrazlarını canlandıran aktyor nədənsə həmişə ədalətsizliklərlə, xəyanətlə qarşılaşır. Bəs filmlərdən fərqli olaraq real həyatda necədir?

- (Fikirləşir) Ədalət var. Əlbəttə ki var. Ədalətsizlik insanın özündən gəlir. İnsan əgər özü ədalətlidirsə, düşünməlidir ki, nəsə səhv eləyib ki, ona qarşı da ədalətsilik ediblər. İlk növbədə insan özü öz addımını düşünməlidir. Mənim müəllimim Vaqif İbrahimoğlu həmişə deyirdi ki, heç vaxt günahı başqasında axtarma.

Təklik və mən...

- Fəxrəddin Manafovun ruhunun azad olduğu yer varmı?

- Tənhalığı, təkliyi çox sevirəm. Ümumiyyətlə, o halda insan daha çox düşünə bilir. (Fikirləşir). Yaxınlarda bir şey haqqında düşündüm: Allah insana hər şey verib, amma bir şeyi çox qısa verib... Çox qısa! O da yaddaşdır. Və adam dünyasını dəyişdikdən sonra o yaddaş da insanla birlikdə gedir. Bildiyimiz kimi, yaddaş görünməz bir şeydir. Bir insana bu fikirlərimi danışdım, sonra o mənə dedi ki, sən bilrsən, ümumiyyətlə, insan nə deməkdi, onun mənası nədir? Sözün düzü, dedim, bilmirəm. Onu cavabı belə oldu: insan “unutqan” deməkdir. Bu sözdən sonra mən çox həyacanlandım ki, mənim fikrimlə bu söz üst-üstə düşdü. Hər zaman məni işıqlandıran, maarifləndirən, mənə nəsə bir təkan verən anları yada salıram. (fikirləşir) Hər zaman... Bax, dediyiniz köküm, ruhum budur mənim.

- Həmişə müsahibələrinizdə kino sahəsində qazandığınız uğurların əsas səbəbkarı kimi Rasim Ocaqovu yadda salırsınız. Kinorejissordan söz düşmüşkən, o, həyatınızda olmasaydı nə baş verəcəkdi?

- Təbii, mən qazandığım uğurlara görə əvəzolunmaz kinorejissor Rasim Ocaqova minnətdaram!.. Kino taleyimdə Rasim Ocaqovun öz yolu var. Əlbəttə, Rasim bəy mənim həyatımda olmasaydı, kino həyatım tam başqa cür olacaqdı.

- Ötən illərlə müqayisədə son illər Fəxrəddin Manafovu filmlərdə çox az görürük. Buna səbəb?

- Bunun üçün mənim sevimli rejissorum olmalıdır. Təbii ki, filmlərə çəkilməməyimin səbəbi Rasim Ocaqovun həyatda olmamasıdır. O, film çəksəydi, düşünmədən çəkilərdim. Arzum onun çəkdiyi filmlərin qarşısında öz istəyinə çatardı. Hər bir filmində bir ideya və peşəkar rejissor görüntüsü var idi.

Bu böyük bir ağrıdır!

- Rasim Ocaqovun fərqli cəhətlərindən biri də hər bir filmdəki obrazların geyminə xüsusi diqqət göstərməsi idi. Onun filmlərində bütün libaslar orta olmalı idi. Onun quruluş verdiyi filmlərdə nə zənginlik, nə də kasıblıq fərqi var idi. Bu, sənətkara məxsus bir baxışdır. Rasim müəllimin quruluş verdiyi filmlərdə insanın insana olan münasibəti, sevgi, ruh - bu dediklərim onun üçün çox vacib idi. Bu sualı mənə tez-tez verirlər ki, niyə filmlərdə yoxsan? Mənim bir cavabım var: artıq mənim rejissorum kinosunu dəyişib. Bu, böyük bir ağrıdır! Rasim Ocaqovu itirməyimiz istər Azərbaycan kinosu, istər mənim üçün böyük bir itkidir!..

- Türkiyə və Azərbaycan arasında ilk müşətərək kino layihəsi işıq üzü gördü. Yazıçı Elçinin ssenarisi əsasında çəkilən "Mahmud və Məryəm" filmində rol almısınız. Deyəsən az da olsa filmlərə çəkilirsiniz?

- Doğrudur, bir neçə filmə çəkilmişəm. Onlardan biri də "Mahmud və Məryəm"dir. Qeyd edim ki, zaman keçir, dəyişilir və Azərbaycan kinosuna yeni rejissor və sənətkarlar gəlir. Təbii ki, sənətkarlar və rejissorlar öz istədiklərini çatdırmaq üçün yeni simalar seçirlər. Söz düşmükən deyim ki, Ayaz Salayevin son filmində də çəkilmişəm.

- Hansı obraz həmişə sizin diqqətinizi çəkib və məhz həmin obrazı canlandırmaq istərdiniz?

- Həqiqətən də mənim ən böyük arzularımdan biri Qacar rolunu oynamaq olub. Bu tarixi şəxsiyyətin həyatı, tarixdəki yeri haqqında çox oxumuşam, onun həyatını canlandırmaq mənim üçün hər zaman maraqlı olub.

- Qadın və Fəxrəddin Manafov…

- Qadınları çox sevirəm! Lap çox sevirəm! Dəlicəsinə sevirəm! Nə yaxşı ki, Allah biz kişiləri tək yaratmayıb. (gülür)

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm