Yaponiyada 4 nəfər dağıntılar altında qalıb
Bizi izləyin

Dünya

Yaponiyada 4 nəfər dağıntılar altında qalıb

Noyabrın 22-də ölkənin şimalında yerləşən Naqano prefekturasında səkkiz dəqiqə ərzində baş verən 6,8 bal gücündə iki zəlzələ nəticəsində zərərçəkənlər var.

Publika.az xəbər verir ki, yeraltı təkanların daha yaxın olduğu Hakuba kəndində beş ev uçub, dörd nəfər dağıntılar altında qalıb. Onlardan biri artıq xilas edilib. Hakuba və Oqava kəndlərinin su və istilik sistemlərində nasazlıqlar meydana gəlib.

Baş nazir Şinzo Abenin dəftərxanası yanında zəlzələlərlə bağlı xüsusi qərargah yaradılıb. Ş.Abe əlaqədar nazirlərə məlumatların toplanması və zərərçəkənlərə yardım göstərilməsi üçün var gücləri ilə çalışmaları barədə göstəriş verib.

Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa mətbuat konfransında bildirib ki, Naqanoda baş vermiş zəlzələ nəticəsində Hakuba kəndindəki dağıntılar altında insanların qalması barədə məlumatlar daxil olub. Hazırda ərazidə xilasetmə işləri aparılır. İnsanların xilası və zərərçəkənlərə yardımların göstərilməsi üçün hökumət əlindən gələni edəcək.

Hazırda prefekturada afterşok təkanlar davam edir. Bu, torpaq sürüşmələrinə və dağlarda uçqunlara səbəb ola bilər. Ərazidə yerləşən dünyanın ən böyük “Kaşivacaki-kariva” atom elektrik stansiyasında (AES) nasazlıqlar qeydə alınmayıb. Haliyyədə AES-in reaktorları profilaktik tədbirlərlə əlaqədar işləmir.

Yeraltı təkanların episentri Naqano prefekturasının şimalında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Yaponiyanın 47 prefekturasından 27-də, o cümlədən paytaxt Tokioda hiss olunub. Sunami təhlükəsi elan edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm