Osmanlının çöküşünə Rusiyadan baxış - ARAŞDIRMA
Bizi izləyin

Gizli tarix

Osmanlının çöküşünə Rusiyadan baxış - ARAŞDIRMA

Publika.az istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun "Osmanlının çöküşünə Rusiyadan baxış" kitabını hissə-hissə oxuculara təqdim edir:

Şübhəsiz, türklər ta qədimdən müəyyən intellektual və emosional keyfiyyətləri ilə fərqlənib və Altay hüdudlarını da elə bu özəllikləri ilə adlayıblar. Şübhə yoxdur ki, məhz bu qabiliyyətlər türklərin yeni ərazilərdə məskunlaşmasına şərait yaradıb. Buna müvafiq olaraq, nəhəng dövlətlər ərsəyə gəlib. Türklər özləri üçün ictimai tərbiyə formasına çevrilən çoxsaylı məziyyətlərə malik davranış normaları işləyib hazırlayırdılar.

Türk hələ uşaqlıqdan dünya ilə ünsiyyətin prinsiplərinin məcmusunu əxz edir, vaxt ötdükcə bunlar həyati davranış normalarına çevrilir və yaşa dolduqca bu dəyərlər refleks şəklində onun şüurunda möhkəmlənirdi. Nəticədə genealoji olaraq beyin neyronlarında bütün toplananlar yeni nəsillərə ötürülürdü. Türklərin tayfa təşkilatının hərbi-demokratik xarakteri bir sıra hallarda soy və tayfada hakimiyyətin "mülki" və "hərbi" olaraq bölgüsünə gətirib çıxarmışdı. Xalq bu cəmiyyətdə bütün işlərdə başlıca təsirə malik idi və çoxluğun razılığı olmadan heç bir iş görülmürdü. Əgər Xan öz hakimiyyətindən sui-istifadə edər və ya böyük ədalətsizliyə yol verərdisə, ani olaraq ondan qisas alınardı.

Xan tayfa daxilində ilk növbədə kollektivin ağsaqqalı və təsərrüfat fəaliyyətinin sərəncamvericisi idi. O, tayfanın köç məsələlərinə, otlaq və su quyuları bölgüsünə rəhbərlik edir, düşərgə salınması üçün yer seçir və çadırların qurulacağı vaxtı müəyyənləşdirirdi. Xan tayfada ailədaxili məsələlər, nikah, məişət sahəsində baş verən anlaşılmazlıq və çəkişmələrdə hakim və ya münsif ola bilir, tayfa adətlərinə, xüsusən də qan intiqamı ilə bağlı adətlərə riayət olunmasına nəzarət edir, oğurlanmış əmlakın qaytarılmasını diqqətdə saxlayırdı. O, xarici aləmlə ünsiyyətlərdə tayfanı təmsil edir və tayfa adından fəxri qonaqları qəbul edirdi.

İslamın qəbulundan sonra türklərin bu hakimiyyət quruluşu müsəlman hüququnun (fiqh) təsiri altında daha təkmil şəklini aldı. Xan bir tərəfdən əksər üzvləri ilə qohumluq əlaqələrində olduğu zadəganlığa, digər tərəfdən isə - azad olunmuşlardan və muzdlu əsgərlərdən ibarət drujinasına arxalanırdı. Məhkəmə sistemi, bir qayda olaraq, müsəlman hüququ – şəriət əsasında qurulurdu. Hökmü yalnız şəxsən hökmdar deyil, həm də hakim – ilahiyyat hüququ ilə bağlı hazırlığı olan şəxs – qazı da çıxara bilirdi. Amma Xan həmişə mühüm qərarları tayfa zadəganlığının nümayəndələri, ya da tayfa şurası ilə - tayfa-soy cəmiyyətinin demokratik təşkilinin vacib elementi olan məclislə məsləhətləşmələrdən sonra qəbul edirdi.

Məclis həmçinin, "ağsaqqallar şurası" və ictimai məhkəmə rolunu oynayırdı – tayfadaşlar istənilən vaxt öz işlərini araşdırılmaq üçün buraya gətirə bilərdilər... Xan digər xanlar, ağsaqqallar və ən önəmli şəxslərlə məsləhətləşirdi. Hökm qərəzsiz çıxarılır və həmişə də heç bir rüşvətə yol verilmirdi. Hökm qəti olurdu. Məhkəmə araşdırmaları ilə bundan başqa, adi hüquq biliciləri – ariflər də məşğul olurdular. Əgər uduzmuş və əmlak cəriməsinə məhkum edilmiş tayfadaş qərarla razılaşmırdısa, o, tayfanı tərk etməyə məcbur olurdu. Muzdlu silahlı dəstələrin başqanları xanla çox vaxt qohumluq əlaqələrində olurdu.

Əksər hallarda Xan titulu onillər, bəzənsə yüz illərlə eyni zadəgan ailəsinin əlində saxlanılırdı.

Çox zaman hakimiyyət atadan oğula keçir, lakin xanlığa iddialı zəruri keyfiyyətlərə malik olmadıqda bu vəzifə digər bir zadəgana çatırdı. Amma bəzən də iddiali olanın şəxsi keyfiyyətləri heç də həmişə həmin mübarizənin sonluğunu müəyyən etmirdi. Çünki xalq bütün işlərdə başlıca təsirə malik idi və əksəriyyətin razılığı olmadan heç bir iş görülmürdü.

Xan hansısa bir böyük ədalətsizliyə yol verər, misal üçün, günahsız tayfadaşını öldürərdisə, onun cəzadan qaçması mümkünsüz olacaq: təhqir edilmişin qəzəbi onun titulunu heçə sayacaq; ondan qisas alınacaq, öldürülməsi belə qaçılmaz olacaqdı.

Türk dövlətinin yarandığı Kiçik Asiya ərazisi (tam şəkildə və əhəmiyyətli hissəsi) qədim dövrlərin və erkən ortaçağın müxtəlif dövlət quruluşlarının (Hett çarlığı, Lidiya, Midiya, Əhəmənilər dövləti, Makedoniyalı İskəndərin xani-manı, Sələvkilər dövləti, Ponti çarlığı, Perqam, Qədim Roma, Bizans, Konya sultanlığı və b.) tərkibinə daxil olmuşdu.

XIV əsrin 20-ci illərində Kiçik Asiyanın şimal-qərbində sülalə banisi I Osmanın adı ilə Osmanlı adlandırılmış feodal knyazlıq yarandı. Bu dövlətdə müxtəlif türk tayfalarından və yerli əhalinin bir hissəsindən formalaşmış xalqı türk-osmanlılar adlandırmağa başladılar.

XIV əsrin 20-30-cu illərində türklər Osmanlı dövlətinin ilk paytaxtı olmuş Bursanı (1326), Nikeyanı (İznik), Nikome-diyanı (İzmit) fəth etdilər. Lap əvvəlindən Osmanlı dövləti hərbi-feodal yönümlü idi; hakim sinfin əsasını feodal-döyüşçülər (sipəhlər) təşkil edirdi. Onlar üçün əsas olan yeni ərazilərin alınması və bu yerlərin ələ keçirilməsi idi. Bu da Osmanlı dövlətində hərbi arıstokratiyanın torpaq sahibliyi sistemini inkişaf etdirirdi. Bu faktor isə özlüyündə türk fəthlərinin genişlənməsinə yol açırdı.

XIV əsrin ikinci yarısında türklər Şərqi Trakiya, o cümlədən Andrianopol (Ədirnə) və bir sıra şəhərləri tutdular. 1389-cu ildə türklərin Kosovo çölündəki qələbəsi Serbiyanı onların vassalına və ya xəracçısına çevirdi. Türk ordusu Bolqar çarlığını, Fessaliyanı, Makedoniyanı fəth etdilər, 1396-cı il Nikopol döyüşündə Avropa cəngavərlərinin birləşmiş qüvvələrini əzdilər və Konstantinopola çıxdılar. XIV əsrin sonlarında şimal-şərqdə Canik (Samsun), şərqdə Sivas, cənub-şərqdə Karamanadək bütün Anadolu bəylikləri Osmanlı dövlətinin tərkibinə (könüllü və ya zorla) daxil oldu. XV əsrin əvvəllərində Teymur özünün çoxsaylı qoşunu ilə Anadoluya soxuldu. 1402-ci il Ankara döyüşündə I Sultan Bəyazid (1389-1402-ci illərdə hakimiyyətdə olub) məğlubiyyətə uğradı və əsir düşdü. Anadolunun böyük bir hissəsi əvvəlki bəyliklərə bölündü. 1415-ci ildə Qərbi Anadoluda və Balkanlarda feodallar və hökumət əleyhinə xalq üsyanları alovlandı. Yalnız bu üsyanlar yatırıldıqdan və I Bəyazidin oğulları arasındakı daxili müharibələr başa çatdıqdan sonra Osmanlı dövləti tədricən dirçəlməyə başladı. Sultan II Murad (1421-1451-ci illərdə hakimiyyətdə olub) 1444 və 1448-ci illərdə türklərin qarşısını almağa çalışan xaç yürüşü ordularını əzdi, onun oğlu II Mehmet isə (1451-81-ci illərdə hakimiyyətdə olub), demək olar, iki aylıq mühasirədən sonra Konstantinopolu aldı (29 may 1453-cü il). Bizans imperiyasının mövcudluğuna son qoyuldu, Konstantinopol (İstanbul) isə Osmanlı imperiyasının paytaxtına çevrildi. XV əsrin 50-70-ci illərində Serbiyanın müstəqilliyi tam şəkildə ləğv edildi, Bosniya, Moreya, Attika, Trapezund imperiyası fəth edildi, Krım xanlığı və Valaxiya üzərində türk suverenliyi bərqərar olundu. II Mehmet hakimiyyətinin sonlarına yaxın Skanderberqin müqavimətini dəf edərək, bütün Albaniyanı ələ keçirdi. Torpaq fondunun genişlənməsi sultanların, sultan soyadı üzvlərinin və yüksək rütbə sahiblərinin (xasların) və müsəlman ruhanilərinə aid torpaqların (vəqf) artmasına gətirib çıxardı.

Artıq XVI əsrdən müsəlman dünyasında daimi faktor türklər idi. Xilafətin süqutundan sonra Ərəbistan əsrlər boyunca kiçik və xırda vahə-dövlətlərə ya da bunların birliklərinə, köçəri tayfalara və ya bunların konfederasiyalarına parçalanmışdı. Ayrı-ayrı vahə (ərazilər) və tayfaların, bu müstəqil təsərrüfat vahidlərinin arasında iqtisadi əlaqələrin olmaması və səhra yarımadasındakı insan məskənləri arasında olan məsafələrin bəzən yüz kilometrlərlə olması mərkəzdənqaçma amilləri kimi çıxış edirdi. Birləşməyə, həmçinin, əhalinin tayfa və yer baxımından fərqliliyi, dildəki dialekt özəllikləri, dini inanc və təsəvvürlərin çoxluğu və bunlar arasındakı ziddiyyətlər mane olurdu.

Osmanlı imperiyası müsəlman aləmində ərazi baxımından ən çox genişlənməyə XVI əsrdə I Səlimin (1512-1520-ci illərdə hakimiyyətdə olub) və I Süleyman Qanuninin (1520-66-cı illərdə hakimiyyətdə olub) vaxtında çatdı. 1514-15-ci illərdə türklər Mosulu və ümumilikdə Şimali Mesopotamiyanı tutdular. 1516-1517-ci illərdə Suriya və Fələstin də imperiyanın tərkibinə qatıldı.

Ərəb şərqində feodal-tayfa hakimiyyətlərinin əllərində geniş rayonlar var idi. Bunlardan ən iri ərazilərinə görə seçilən Hicaz, Əl-İhsə, Yəmən, Oman və Nəcddə feodal-tayfa hakimiyyətləri idi.

Ona görə də türklərin 1519-cu ildə Misiri fəth etməsindən çox keçməmiş növbə Hicaza, sonra da Yəmən, Əl-İhsən və Ərəbistanın digər hissələrinə çatdı. Məkkənin dəniz qapısı olan Ciddəyə, Misir, Hicaz və Əlcəzairin bir hissəsinə sultan öz paşasını başçı təyin etdi. XVI əsrdə qüdrətli Osmanlı donanması, demək olar, bütün Aralıq dənizi hövzəsinə nəzarət edirdi. 1521-ci ildə türk qoşunları Belqradı tutdular. 1526-cı il Moxaç döyüşündə onlar macar-çex qoşunlarını ağır məğlubiyyətə uğratdılar, sonra isə Macar krallığının əhəmiyyətli hissəsini ələ keçirdilər.

XVI əsrin ortalarında Rodos və Egey arxipelaqının digər adaları, Tripolitaniya, bütün Əlcəzair Osmanlı imperiyasının hakimiyyəti altına keçdi.

Bu dövrdə Osmanlı imperiyası Avropa, Asiya və Afrikada nəhəng ərazilərə malik idi (ümumi sah. 8 mln. km2-dək). 1571-1574-cü illərdə yeni ərazi qatqıları baş verdi – Kipr, Tunis tutuldu.

Osmanlı imperiyası xilafətin çöküşündən sonra görünməmiş qüdrət və genişlənməyə nail olan ikinci müsəlman dövləti oldu. Osmanlı imperiyası nəhəng təbii sərvətlərin və insan resurslarının cəmləşdiyi Avropa, Asiya və Afrikada geniş ərazilərə sahib idi.

Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm