Xəzərin neft oyunlarında Bakının rolu – İtaliya nəşrindən ilginc yanaşma
Bizi izləyin

Nida.az

Xəzərin neft oyunlarında Bakının rolu – İtaliya nəşrindən ilginc yanaşma

İtaliyanın “Internazionale” nəşri Rusiya-Qərb enerji savaşı və bu qarşıdurmada Xəzər dənizi, eləcə də Azərbaycanın önəmi haqda məqalə dərc edib.


Publika.az xəbər verir ki, “Xəzər regionunda neft oyunları” adlı məqalənin müəllifi Qvin Dayer Rusiya siyasətindən qorxan Qərbin enerji mənbələrinin şaxələndirilməsi siyasətinə yüksək templə start verdiyini yazıb.

Müəllif bir neçə ay öncə Rusiya ilə Qazaxıstan arasında başlanan gərginliyi xatırladaraq Moskvanın istədiklərini Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinoviskinin dilindən söylədiyini vurğulayıb: “Jirinoviski Qazaxıstanın rus mənşəli torpaqlarda qurtulduğunu dilə gətirdi. Liberal lider qazaxları bununla qorxudurdu və əslində o, Kremlin sözünü deyirdi. Ölkəyə hələ 1991-ci ildə müstəqilliyin əldə olunmasından da öncə rəhbərlik edən Nursultan Nazarbayev bundan çox qorxuya düşmüşdü. Hətta o, Avrasiya İqtisadi İttifaqı siyasətinə yenidən baxa biləcəyini belə dilə gətirdi. O, “Qazaxıstan müstəqilliyimizi hədələyən təşkilatlara daxil olmayacaq” açıqlaması ilə bunu açıq şəkildə bəyan etdi. Vladimir Putinin “Qazaxıstan heç vaxt əsl dövlət xarakterinə malik olmayıb, bu ölkəni sadəcə Nazarbayev yaradıb” açıqlaması “bu ölkə süni şəkildə qurulub və zəif küləklə dağıtmaq mümkündür” demək idi”.


Müəllif daha sonra Rusiyanın Xəzər dənizi uğrunda apardığı mübarizəyə toxunub.


“Xəzər dənizində neft və qaz tranziti üzərində nəzarət Rusiyanın strateji hədəfidir. Rusiya və İranda bazarlara nefti çatdırmaq üçün kəmərlər var. Azərbaycan Gürcüstan vasitəsilə Türkiyəyə qədər kəmər inşa edir. Bu Rusiyanın nəzarətindən kənardadır. Buna baxmayaraq, Moskva Qazaxıstan və Türkmənistan kimi hələ də Xəzərdə neftin və qazın böyük istehsalçılarını boğmağı bacarır. Halbuki, Qazaxıstan və Türkmənistan Xəzərin dibi ilə boru kəməri tikə və Azərbaycan vasitəsilə Aralıq dənizinə enerji xammalı nəql edə bilərlər. Lakin Rusiya bu layihələri bloklamağa çalışır və bu gün buna nail olduğunu demək mümkündür. Əgər Xəzərdə qanunvericiliklə hərəkət edilsə, regionun bütün ölkələri sahildən 300 dəniz mili qədər milli zona hesab edilir. Buna əməl edilsəydi, sualtı boru kəmərinin çəkilməsi Moskvanın nəzarətindən çıxardı. Lakin Rusiya regionun ən qüdrətli dövləti olaraq qalır və bunun qarşısını almaq gücündədir”, - deyə Q. Dayer bildirib.


Lakin Dayerə görə, Rusiya sona qədər duruş gətirə bilməyəcək və Avropa öz enerji asılılığını qurtarmaq üçün müxtəlif variantlara əl atacaq.


Qeyd edək ki, Avropanın göz dikdiyi TANAP-ın əsas mənbəyi olan “Şahdəniz-2”də qazın illik həcmi 16 milyard kubmetr təşkil edəcək. Bunun 6 milyardı Türkiyəyə çatacaq. Yerdə qalan 10 milyard kubmetr qaz isə Avropaya yollanacaq. Lakin təkcə İtaliyanın illik qaz ehtiyacı 80 milyard kubmetrə qədər hesablanır. Təbii ki, Bakı qazının azlığını avropalılar da anlayır. Lakin burda perspektiv olaraq Türkmənistan qazının TANAP-a qoşulması amili var. Qaz ehtiyatlarına görə dünyada dördüncü yeri tutan Türkmənistanın şərq yataqlarında 26 trilyon kubmetrdən çox qaz ehtiyatı var.

Türkmən qazının TANAP-a qoşulması isə Türkmənistanın Qərb sahilindən Azərbaycanın Şərq sahilinə qədər Xəzərin dayaz hissəsi ilə 270 kilometr uzunluğunda boru kəməri çəkilməlidir. Xəzərin dibi ilə qaz kəmərinin tikintisi üçün bütün ölkələrin, o cümlədən türkmən qazının idxal və tranzitini həyata keçirən Rusiyanın razılığı tələb olunur. Moskva isə buna qarşı çıxır.

Pekin də türkmən qazının ixracı yollarının genişləndirilməsinə qarşıdır. Amma Çin bunu açıq formada nümayiş etdirmir. Bu günlərdə dördüncü boru kəmərinin - “Mərkəzi Asiya-Çin” kəmərinin tikintisinə start verilib. Bu kəmər Özbəkistan, Tacikistan və Qazaxıstandan keçəcək. 2013-cü ildə Çin Türkmənistandan 23 milyard kubmetr təbii qaz aldı. 2030-cu ilə qədər bu 230 milyard kubmetrdən artıq olacaq. Buna görə də Çin üçün də alternativ bazarların mövcudluğu arzuolunmazdır.

Həmçinin, Türkmənistan üçün Hindistan-Əfqanıstan-Pakistan variantı da var. Burda isə Asiyada liderlik uğrunda rəqabət aparan Çin Hindistan iqtisadiyyatına yardım edən layihənin reallaşması ilə razılaşmayacaq.

Çindən başqa, türkmən qazına İran da maraq göstərir.

Bu mürəkkəb geosiyasi mənzərədə Aşqabadın öz qazını Bakı kəmərinə qoşacağı suallar altındadır. Halbuki Türkmənistan qaz ehtiyatlarından 10 milyard kubmetr TANAP üçün ehtiyat olaraq saxlayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm