“Orta məktəblərdəki 200 min müəllimin əksəriyyətinin ali savadı yoxdur” – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

“Orta məktəblərdəki 200 min müəllimin əksəriyyətinin ali savadı yoxdur” – MÜSAHİBƏ

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin Publika.az-a müsahibəsi:

– Milli Məclisdə büdcə müzakirəsi zamanı ən çox tənqid olunan sahələrdən biri də təhsil sektoru oldu. Bir neçə millət vəkili çıxışlarında qeyd etdilər ki, orta məktəblərdə hərbi hazırlıq dərsləri, demək olar ki, yoxdur və bu, bərpa olunmalıdır. Bu məsələlərin icrası yeni təhsil proqramında nəzərdə tutulur?

– Bu sualı yaxşı olar ki, Təhsil Nazirliyinə ünvanlayasınız. Çünki yeni kurikulumlarla bağlı məndə məlumat yoxdur. Amma büdcə müzakirəsi zamanı təhsil naziri də Milli Məclisə dəvət olunmuşdu və nazir suallara cavab verdi. Onun sözündən belə çıxdı ki, orta məktəblərdə bədən tərbiyəsi dərsləri lazımı qaydada keçirilir. Amma hərbi hazırlıq dərsləri demək olar ki, yox səviyyəsindədir. Ərazimizin 20 faizdən çoxu işğal altındadır, düşmənlə cəbhə xəttində gərginlik yaşanır, hər an hər şey baş verə bilər. Bütün bunlar ermənilərin fəallaşmasını göstərir. Mən də hesab edirəm ki, bütün bunlar nəzərə alınaraq, orta təhsil müəssisələrində hərbi hazırlıq dərslərinin tədris olunması çox vacibdir.

– Bu cür məsələlər qanunvericilikdə var?

– Bütün bu məsələlər isə qanunvericiliklə bağlı olan məsələlər deyil. Bunlar Təhsil Nazirliyinin səlahiyyətinə aid olan məsələlərdir. Qanunvericilikdə heç buna ehtiyac da yoxdur. Çünki bütün bunlar tədris proqramlarında nəzərdə tutulur. Bu proqramlar da Təhsil Nazirliyi tərəfindən hazırlanır və Nazirlər Kabinetinə təqdim olunur və daha sonra təsdiq olunur.

– Bəs xaricdən ayrı-ayrı tanınmış müəllim və alimlərin Azərbaycanın tədris müəssisələrinə dəvət olunması ilə bağlı təklif nə dərəcədə effektli ola bilər?

– Bu təcrübə artıq çoxdan mövcuddur. Yəni, Azərbaycanda ayrı-ayrı ali təhsil müəssisələri öz vəsaitləri hesabına savadlı və yetərincə tanınmış insanları bura dəvət edirlər. Bəzən bu bir semestr, bəzən isə bir kurs davam edir. Yəni, təcrübəmiz var. Təbii ki, bu, tələbələrimizin xaricə göndərilməsindən daha ucuz başa gələ bilər. Artıq universitetlərimiz də elə səviyyədədir ki, tədricən bu proses azalacaq və zəifləyəcək. Dövlət Proqramı başa çatandan sonra bu məsələ gözdən keçirilməlidir. Xaricə elə ixtisaslar üzrə tələbələr göndərilməlidir ki, həmin ixtisaslar üzrə Azərbaycanda kadrlara tələbat daha çox olsun və həmin ixtisaslar üzrə də ölkədə kadr hazırlığı lazımı səviyyədə olmasın. Ümumiyyətlə, dünyada inkişaf etməkdə olan və yeni sənayeləşmiş ölkələrin təcrübəsində hər zaman belə olub ki, həmin dövlətlər ilk olaraq tələbələri xaricə göndəriblər, sonra müəllimləri ölkələrinə dəvət ediblər, daha sonra isə öz ölkələrində həmin sistemi qurublar. Buna misal üçün Hindistan, Sinqapur, Tailand, Cənubi Koreya və sairə ölkələrin adlarını çəkmək olar. İndi bizə müəyyən bir müddət lazımdır. Təhsil və elm sahəsini digər heç bir sahə ilə müqayisə etmək olmaz. Bu sahənin çox spesifik xüsusiyyətləri var. Həyatımızın elə bir sahəsi yoxdur ki, onun inkişafı elm və təhsillə əlaqəli olmasın. Bəzən biz bunu rəqəmlə ifadə edə bilmirik. Elm və təhsilin cəmiyyətdə oynadığı rolun qədərini göstərə bilmirik. Ancaq həqiqətdə belədir ki, biz elm və təhsilsiz həyatımızı təsəvvür edə bilmərik. Nəinki gələcəyimizi, heç keçmişimizi və bu günümüzü də təsəvvür etmək mümkün deyil. Elm və təhsil cəmiyyət həyatının ən prioritet sahələrindən biridir.

– “Elm haqqında” qanun layihəsi bu ilin sonunadək qəbul oluna bilər?

– Düşünürəm ki, gələn həftə biz “Elm haqqında” qanun layihəsini müzakirəyə çıxaracağıq. Çünki bu qanun layihəsi artıq tam başa çatdırılıb. Biz dəfələrlə bu qanun layihəsinin maliyyə təminatı ilə bağlı Maliyyə Nazirliyi nümayəndələri ilə görüşmüşük. Hesab edirəm ki, artıq bu istiqamətdə də ciddi problem qalmayıb. Yerdə qalan problemlər kiçik problemlərdir ki, bunlar da tezliklə aradan qalxa bilər. Artıq “Elm haqqında” qanun layihəsi müzakirəyə tam hazırdır və onun qəbul edilməsi elm sahəsində mükəmməl qanunvericilik bazasının yaradılmasına imkan yaradacaq.

– “Elm haqqında” qanun qəbul ediləndən sonra, problemli elmi sahələr tezliklə həllini tapa biləcək?

– Burada sadalanan problemlər nədir? Elmə ayrılan vəsaitlərin həcminin azalması ilə bağlı idi. Amma elə bil azalma yoxdur. Cəmi 3 faiz azalma var. Digər mənbələr hesabına isə elmə ayrılan vəsait ötən ilkindən daha yüksəkdir. Ümumilikdə götürdükdə, elmə ayrılan vəsait azalmayıb.

Bilirsiniz, büdcə dövlətin ali maliyyə sənədidir. Dövlət növbəti büdcə üçün bu və ya digər sahələrin inkişafı ilə bağlı qarşıya hansı vəzifələri, məqsədləri və hədəfləri qoyursa, buna uyğun da dəqiq vəsaitləri müəyyənləşdirir. Ola bilər ki, bir büdcə ilində elm xərcləri yox, digər xərclər azalsın, elm sahəsi isə artsın. Bu, qarşıya qoyulan vəzifə ilə bağlıdır. Dövlətin və hökumətin apardığı siyasətlə bilavasitə əlaqəlidir. İndi elm sahəsində 3 faiz azalmanın bu qədər şişirtməyə və dramatikləşdirməyə ehtiyac yoxdur. Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) birbaşa ayrılan vəsaitlərin həcmi azalmayıb, əksinə bir qədər də artıb. Burada millət vəkillərinin əsas iradları da ayrılan vəsait və alınan nəticələrlə bağlıdır. Yəni, ayrılan vəsaitlərin müqabilində nəticələrin görünməməsi ilə bağlıdır. Əvvəla, bu sahədə alınan nəticələr də böyükdür. Son dövrlər Milli Elmlər Akademiyası sistemində çox ciddi islahatlar aparılır, struktur dəyişiklikləri edilir. Bu yaxınlarda elm festivalı oldu və elmi nailiyyətlərimiz orada nümayiş etdirildi. Misal üçün son bir-iki ildə dünyanın nüfuzlu jurnallarında Azərbaycan elmi ilə bağlı çap olunan məqalələrin sayı 600-ü keçib. Bu, özü böyük nəticədir. Bundan əlavə, elmi patentlərin sayı artıb. Humanitar sahədə ümumiləşdirmələr və yazılan kitabların da hamısı elmi nəticədir. Bizim deputatlarımızın bəziləri elm sahəsindən uzaq olan insanlardır. Ola bilsin ki, bu sahənin spesifikasiyası ilə yaxından tanış deyillər. Ona görə də bəzən bu cür suallar ortaya çıxır. Ancaq ümumilikdə götürdükdə, elm və təhsil sahəsində də böyük işlər həyata keçirilir.

– Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin bu yaxınlarda mətbuata müsahibəsi olmuşdu. Həmin müsahibədə Əli Nağıyev daha çox elm və təhsil sahələrini ciddi tənqid etmişdi. Müsahibəyə diqqətlə baxsaq, həmin tənqidlərin bir tərəfi də komitə sədri olaraq sizə və sabiq təhsil naziri kimi Misir Mərdanova ünvanlanırdı…

– Yox. Mənim bildiyimə görə, o, bizim ünvanımıza heç bir söz söyləməyib. Məncə, o, indiki şəraitdən danışır. Əslində isə elə deyil. Dövlət büdcəsinin xərc maddələrində elm və təhsilə ayrılan vəsaitlər ən yüksək xüsusi çəkiyə malikdir. Hətta elə illər olub ki, elm xərcləri hərbi xərclərdən daha yüksək olub. Misal üçün, 2015-ci il üçün müdafiə xərcləri 1 milyard 778,5 milyon manat olduğu halda, elmə ayrılan vəsaitin miqdarı 1 milyard 853,7 milyon manat təşkil edir. Elm və təhsilə ayrılan vəsait bir yerdə isə daha çox olub. 2014-cü ildə isə müdafiə sahəsinə 1 milyard 637,3 milyon manat, təkcə təhsil sahəsinə isə 1 milyard 653,4 milyon manat vəsait ayrılıb. Bunun üzərinə 146,8 milyon manat olan elmi xərclərini də əlavə etsək, ümumilikdə elm və təhsil sahəsinə ayrılan vəsait müdafiə sahəsinə ayrılan vəsaitdən heç də az deyil.

Elm və təhsil xərclərimiz Ermənistanın bütövlükdə dövlət büdcəsinin 75-78 faizini təşkil edir. Məgər bu, az vəsaitdir? Yəni, elm və təhsil sahələrinə vəsait lazımi qədər ayrılır. Burada söhbət müəllimlərin əmək haqqının aşağı səviyyədə olmasından gedir. Doğrudan da müəllimlərin əmək haqları aşağıdır. Amma müəllimlərin əmək haqlarını yüksəltmək üçün ilk növbədə müəllimlərin attestasiyası aparılmalıdır. Müəllimlər kateqoriyalara ayrılmalıdır və həmin kateqoriya və dərəcələrə uyğun olaraq, diferensial əmək haqqı müəyyənləşdirilməlidir. Bu, təkcə orta məktəblərə deyil, bütün ümumtəhsil müəssisələrinə şamil edilməlidir. Həftəlik tədris yükünün qaldırılması vacibdir. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin dövründə belə bir populist addım atılmışdı. O zaman əmək haqqı çox aşağı idi və manatın dəyəri yox idi. Camaat çox pis vəziyyətdə yaşayırdı. Buna görə də Xalq Cəbhəsinin vaxtında 16-18 saatlıq tədris yükünü 12 saata endirdilər. Bununla da “stavka”lar birdən-birə təxminən 2 dəfə artırıldı. Buna görə də müəllimlərin sayı da artdı. İndi də təkcə orta məktəb sistemində 200 minə yaxın müəllim var. Bunların əksəriyyətinin heç ali savadı da yoxdur. Ona görə də bu müəllimlərin müəyyən hissəsi heç attestasiyadan keçə bilməyəcək. Bununla bağlı “təmizlik işləri”nin aparılmasına ehtiyac var. Müəllimlərin şəffaf və obyektiv attestasiyasını keçirmək lazımdır.

İndi inkişaf etmiş dövlətlərin əksəriyyətində 1 müəllimə təxminən 20-24 nəfər şagird düşür. Azərbaycanda isə bu göstərici Bakı şəhərində 11-12 nəfər, digər regionlarda isə 9-10 nəfər şagird təşkil edir. Rusiya, Qazaxıstan, Avropa və Yaxın Şərq ölkələrində ali təhsil sistemində də 1 müəllimə təxminən 20 nəfər şagird düşür. Hətta, Cənubi Koreya, Tailand və Sinqapurda 1 müəllimə 30 şagird düşür. Ancaq Azərbaycanda isə bu göstərici yenə də çox aşağıdır. Təxminən, 1 müəllimə 9-13 nəfər şagird düşür. İndi Azərbaycanda müəllimlərin sayı çoxdur. Bütün bunlar isə tədris proqramlarının dəyişilməsini tələb edən məsələlərdir. Biz Bolonya sisteminə qoşulsaq da, bütün sahələrdə Avropa meyarlarını hələ tam tətbiq edə bilmirik. Doğrudur, artıq Azərbaycanda da bu işlərə başlanılıb və hazırda çox ciddi işlər görülür. Əminəm ki, yaxın zamanlarda bütün bu cür problemlər də öz həllini tapacaq.

Təsəvvür edin ki, indi təkcə orta məktəblərdə 200 minə yaxın müəllim var. Bunların orta əmək haqqı 150-200 manatdan yüksək deyil. İndi millət vəkilləri təklif edir ki, müəllimlərin əmək haqqı 2 dəfə artırılsın. Yəni, 200 manat həcmində artırılsın. Belə olan təqdirdə isə dövlət büdcəsinə əlavə təxminən 500 milyon manata qədər güc düşür. Bu vəsaitin mənbəyi hardandır? Ancaq müəllimlərin sayı azaldılanda, müəllimlər müxtəlif kateqoriyalara aid ediləndə və bal sistemi ilə müəyyən ediləndə, bu problem də tədricən aradan qalxa bilər. Müəllimlərə diferensial əmək haqqı veriləndə isə bu, sağlam rəqabət mühiti yaradacaq və nəticədə isə müəllimlərin əmək haqları da yüksək olacaq. Bunun üçün bu sistemi tətbiq etmək lazımdır. Ancaq bu o qədər də asan məsələ deyil. Çünki müəllimlər çox həssas təbəqənin nümayəndələridir. Cəmiyyətdə sosial gərginlik yaratmaq olmaz. Ümumiyyətlə, təhsil sahəsində hər hansı radikal islahatlar aparılan zaman çox ehtiyatlı olmaq lazımdır. Bu, tədricən, təkan yolu ilə reallaşdırılmalıdır. Tədrisdə inqilabi yolla heç nəyə nail olmaq olmaz.

– Ucqar rayon və kəndlərdə müəllim çatışmamazlığı da müşahidə olunur. Sizcə, say çoxluğu təşkil edən təhsil müəssisələrindəki müəllimləri ucqar bölgələrə göndərmək olmazmı ki?

– Bilirsiniz, müəllimlər dövlət qulluqçusu deyillər. Ona görə də heç kəs müəllimləri zorla ucqar kəndlərə göndərə bilməz. Bunun üçün stimul yaratmaq lazımdır. Əlavə əmək haqqı vermək və güzəştlər yaratmaq lazımdır ki, həmin müəllimlər də ucqar kəndlərə getməyə maraq göstərsin. Bundan əlavə, ipoteka kreditləri, torpaq və sairə verməklə gəncləri buna cəlb etmək olar. Elə stimullar yaratmaq lazımdır ki, gənc mütəxəssisləri ora cəlb etmək mümkün olsun. Bütün bu məsələlər “Təhsil haqqında” qanunda da əksini tapıb. Yəni, bunun qanunvericilik bazası mövcuddur. Sadəcə, bunu icra etmək lazımdır.

– Xaricdə təhsillə bağlı yeni proqramın hazırlanması işi nə yerdədir?

– Məndə olan məlumata görə, hazırda bununla bağlı yeni proqram hazırlanır. Ancaq biz bu proqramın hazırlanmasına cəlb olunmamışıq. Ona görə də ətraflı məlumata malik deyiləm.

– Dərsliklərin monitorinqinin aparılması işinin Təhsil Nazirliyinə verilməsi ilə bağlı təkliflər var idi. Sizin bu məsələ ilə bağlı fikriniz necədir?

– Düşünürəm ki, təhsilə cavabdeh olan qurum hansıdırsa, dərsliklərə də o cavab verməlidir. Yəni, Təhsil Nazirliyi monitorinqləri də aparmalıdır və bu, bir əldə cəmlənməlidir. Bəzən deyirlər ki, alternativ dərsliklər yaradılsın və sairə. Heç kəs bu cür dərsliklərin yaradılmasının əleyhinə deyil. Bu, şagird və tələbələrə seçim imkanı yaradır. Amma əsas dərslik təhsilə cavabdeh olan orqanın bilavasitə səlahiyyətinə aid olmalıdır.

Monitorqinləri kim istəsə apara bilər. Monitorinqin aparılması üçün müstəqil ekspert qrupu da yaratmaq olar. Ancaq əsas dərslik kitablarının yazılması və keyfiyyəti məsələsidir. Əsas odur ki, dərslikləri kimlər yazmalıdır? Necə yazmalıdır? Və buna görə kim cavabdeh olmalıdır? Hesab edirəm ki, buna cavabdeh Təhsil Nazirliyi olmalıdır. Təhsilin idarə edilməsi ilə məşğul olan əsas orqan dərsliklərin də keyfiyyətinə nəzarət etməlidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm