“İnterpol”un axtardığı diaspor rəhbəri: “Bu, mənə doğum günü sürprizi oldu” – Özəl
Bizi izləyin

Nida.az

“İnterpol”un axtardığı diaspor rəhbəri: “Bu, mənə doğum günü sürprizi oldu” – Özəl

“Mən yaşadığım Çexiya respublikasının, həmçinin Azərbaycan Respublikasının qanunlarına həmişə əməl etmişəm. Hesab edirəm ki, bu xəbər Azərbaycan hüquq-mühafizə orqanları və “İnterpol”un texniki səhvidir”.


Bunu Publika.az-a açıqlamasında adı “İnterpol”da axtarışa verilən “Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov deyib.


E. Nəzərov bu gün 40 yaşını qeyd etdiyini bildirib: “Əvvəlcə xəbəri oxuyanda dostların mənimlə zarafat etdiyini düşündüm. Amma sonradan həqiqət olduğunu öyrəndim. Bunun anlaşılmazlıq olduğunu hesab edirəm və dəqiqləşdirməyə çalışacağam. Çünki mən 10 ildən artıq bir müddətdir “Azər-Çex” cəmiyyətinə sədrlik edirəm. İndiyə qədər nə yaşadığım Çexiyanın, nə də Azərbaycanın qanunlarını ciddi şəkildə pozmamışam”.


Cəmiyyətin sədri hazırda Çexiyada olduğunu və heç bir yerə getmək fikrinin olmadığını deyib.


“Mən burdayam və məsələni aydınlaşdırmaq üçün fəaliyyətə başlamışam. Nəticələrlə bağlı mediaya ayrıca məlumat verəcəyəm. Güman ki, burda şəxsi məlumatlar texniki olaraq səhv gedir”, - deyə o bildirib.


Qeyd edək ki, APA “İnterpol”un saytına istinadən Elşən Nəzərov beynəlxalq axtarışa verildiyi məlumatını yayıb. Məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün “İnterpol”a müraciət edib.

E. Nəzərov Çexiyada fəaliyyət göstərən “Azər-Çex” Cəmiyyətinin sədri, sabiq baş nazir Sürət Hüseynovun köməkçisi olmuş Saday Nəzərovun oğludur.

Diasporla İş üzrə Komitədən APA-nın sorğusuna cavab olaraq verilən məlumata görə, qurum artıq bir neçə ildir Elşən Nəzərov adlı şəxslə bütün əlaqələri kəsib.

“Onun fəaliyyəti ilə bağlı dəfələrlə Dövlət Komitəsinə də şikayət xarakterli müraciətlər daxil olub. Bu müraciətlərlə əlaqədar E.Nəzərova bir neçə dəfə xəbərdarlıq edilib. Təəssüf edirik ki, bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmayıb. Buna görə də E.Nəzərovla əməkdaşlıq tamamilə dayandırılıb. Eyni zamanda, E.Nəzərovun diaspor təşkilatının rəhbəri kimi də təqdim olunması doğru deyil. Çünki o, faktiki olaraq bir neçə ildir ki, bu sahədə fəaliyyətini dayandırıb. Rəsmi olaraq bildiririk ki, hazırda bu ölkədə iki Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir: Azərbaycan Tələbə Şəbəkəsi (sədri Eldar Vəliyev) Praqa Azərbaycan Gənclər və Tələbə Assosasiyası (sədri Cavid Əlizadə). Dövlət Komitəsi hazırda Çexiyada bu təşkilatlarla əməkdaşlıq edir” - deyə Komitədən bildirilib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm