“Şəhidimizin qəbrini açdıranda gözlərimə inanmadım...” - FOTO
Bizi izləyin

Qırmızı.az

“Şəhidimizin qəbrini açdıranda gözlərimə inanmadım...” - FOTO

“Cəbhə xətti” layihəsində

“45 gün sonra Samirin qəbrini açdıranda gözlərimə inanmadım...” - Foto

Axar.az-ın “Cəbhə xətti” layihəsinin bugünkü qonağı Cəvahir xanımdır.

Abdullayeva Cəvahir Abdulla qızı. 1960-ci il martın 31-də Balakən rayonunun Qullar kəndində dünyaya gəlib. Orta təhsilini Zaqatala rayonu Ortaçardaqlı kəndində alıb, burada boya-başa çatıb. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakı şəhərinə gəlib. 1991-ci ildə könüllü olaraq birinci Qarabağ savaşına yollanıb.

Cəvahir xanımla söhbət etmək maraqlıdır. Zarafatı sevir, yumor hissi güclüdür. Elə mənim:

- Salam, Cəvahir xanım, necəsiz? - sualıma da zarafatla cavab verdi:

- Siz yaxşı olun, mən qaymaq kimiyəm.

Çingiz Mustafayevin televiziyadan çağırışı

Onun döyüş yoluna birlikdə yenidən nəzər saldıq.

- Cəvahir, birdən-birə kişi kimi savaşa atılmaq ağlına hardan gəldi?

- 1991-ci il noyabrın 21-də Qarabağ döyüşlərinə qatıldım. Səbəb isə rəhmətlik Çingiz Mustafayevin televiziyadan bir çağırışı oldu: “Kim qorxmursa, döyüşmək istəyirsə, Milli Məclisin önünə gəlsin”. O vaxt avtobuslar oradan könüllüləri aparırdı Qarabağa - döyüş bölgəsinə. Mən də bir vətəndaş kimi orduya - Ağdama yollandım. Bizi orada özünümüdafiə batalyonunda yerləşdirdilər. Bir həftə təlim keçdikdən sonra ilk döyüşümüz Xramurd uğrunda oldu. Bu mənim ilk döyüşüm idi. Olduqca həyəcanlı idim. Sözün düzü, mənə ön cəbhəyə getməyə izn vermirdilər. Dedilər ki, sən arxada gözlə, ölən, yaralanan olsa, daşımaga kömək edərsən. Mən isə israrla etriaz etdim, dedim ki, buraya arxada qalmağa yox, öndə döyüşməyə gəlmişəm.

Erməninin qulağını kəsib, qoydum cibimə

Səhər tezdən toplarımız atmağa başladı, sonra isə biz hücuma keçdik. Qızğın döyüşlər gedirdi, çoxlu sayda itkilər verdik, şəhid olanlar, yaralananlar oldu. İlk döyüşümdə bir erməni vurdum, bir ermənini də komandirim vurdu. Amma onun ölmədiyini görüb yaxınlaşdım, dedim ki, Qarabağ kimindi? Dedi, Qarabağ bizimdir, biz Qarabağı alıb sizi burdan qovacağıq. Elə bil başıma güllə çaxdılar, dəliyə döndüm, o andaca “Qarabağ bizimdir” deyib, onun qulağını kəsdim, qoydum cibimə, silahını da götürüb komandirimə təhvil verdim.

Bizdə bir şair Qəhraman adlı əsgər vardı, yanımdaydı. Mənə bir şeir yazdı orda. Şeir beləydi:

Ey ellər gözəli, ellər mələyi

İncə məhəbbəti gözlərdə gördüm.

Xalqa şücaəti arzu, diləyi

Ölüm ayağında, sizlərdə gördüm.

Sevdin vətənini sən qarış-qarış

Əhsən hünərinə, əhsən, min alqış

Əbədi məşəl ol, alovlan, alış

Qeyrət simvolunu sizlərdə gördüm.

Bu döyüşdə necə girdin səngərə

Atdığın güllədən düşdü pəncərə.

Düşmən qulagını verdin xəncərə

Həcər surətini gözlərdə gördüm.

Bizim köhnə bir tankımız vardı. Döyüş vaxtı bu tankın gəldiyini görüb daha da ürəkləndik ki, tank qabaqda, biz də bunun yanında ata-ata irəli gedəcəyik. Amma təəssüf ki, onu da qumbaraatanla tırtılından vurdular. Yüngül silahla qaldıq. Ermənilər yuxarıdan atırdılar. Biz aşağıda idik, yuxarıdan bizi vurmaq asan idi. Sağ tərəfimdə isə şeiri yazan Qəhrəman vuruşurdu. Onu alnından vurdular. Sol tərəfimdə ağdamlı Qarabala ləqəbli bir əsgərimiz vardı, onu da vurdular. Sağ yanağından güllə girib sol yanağını parçalayıb çıxdı.

Unutmadığım bir xatirə də var: bizdə iki qardaş döyüşürdü, hər ikisi şəhid oldu. Nizamini vurdular, qardaşı getdi ki, onu xilas etsin, onu da orda vurdular.

Qaçırsız, heç olmasa yaralıları da aparın

Artıq səhərdən döyüşürdük, hava qaralırdı, oraları da yaxşı tanımırdım. Edə biləcəyim tək o idi ki, bizim qaçan əsgərlərə yalvarırdım: “Qaçırsız, heç olmasa, yaralıları da aparın. Hər kəs mənim əsir düşdüyümü düşünürmüş. Amma mən tək qaldığım üçün vurduğumuz ermənilərin üç avtomatını, bir də komandirim Orucun PK-sını (pulemyot) götürdüm ki, ermənilərə qalmasın. Çətinliklə də olsa, meşəylə hərbi hissəyə gəldim. Qaqani ləqəbli bir xanım döyüşçümüz vardı - gördüm ağlayır. Soruşdum ki, bu niyə ağlayır? Dedilər, sənin əsir düşdüyünü eşidib. Tez yanına gəldim, burda olduğumu, əsir düşmədiyimi dedim. İnanın, dəhşətli səhnə idi, bunu ancaq yaşayanlar bilir.

Xəlil Rza Ulutürkün oğulu Təbrizi vurdular

Bir xatirə də danışım: Deməli, biz böyük itkilərlə aldığımız Xramurd kəndini bilinməyən bir əmrlə boşaltdıq. Amma yanvarın 31-də bizə yenidən əmir gəldi ki, Xramurdu alıb, oradan da hücuma keçib Xanabad kəndini azad etməliyik. Təbii ki, bu, sevindirici bir əmr idi. İstəyirdik ki, hər yeri xilas edək. Bu hücumda Xəlil Rza Ulutürkün oğulu Təbriz, bir də Mübariz Əhmədov (Milli Qəhrəman) sağımda-solumda idilər. Biz yenidən Xramurdu aldıq. Leysan adlı əsgərimiz minaya düşdü, bizi orda satdılar, yenə çoxlu itki verdik, xeyli irəliləsək də, düşmən güclü texnika ilə qabağımızı kəsib, bizi mühasirəyə saldı. Təbrizi o döyüşdə gözümün qabağında vurdular, meyitini götürə bilmədik. Ermənilər bizim yeddi şəhidimizi, beş yaralımızı apardı ki, bizdə olan əsirləri ilə dəyişsinlər. Təbrizi başından vurmuşdular. Bizim yaralı əsgərlərin gözlərini çıxarmışdılar, qulaqlarını, burunlarını kəsmişdilər, üstlərindən tankla keçib öldürmüşdülər. Bir əsgərimiz tankın içində yanırdı, tanınmaz halda idi, bu, dəhşətli görüntülər idi.

Bu məqamda Cəvahir xanım hönkürür:

- Bilirsiz, biz düzənlikdə idik, onlarsa yuxarıda. Ona görə biz daha çox itki verirdik. Amma onları da it kimi qırırdıq.

Dedim ki, bu şəhid olacaq, mən bunu hiss edirəm

Bir xatirə də danışım: Şuşada Kosalarda bir yüksəklik vardı, orda döyüş gedirdi. Qax rayonundan 19 yaşlı Sahib adlı əsgərimiz vardı. Komandirimiz ona dedi ki, sən arxada qal, önə atılma. Bu söz onun xətrinə dəydi. Dedi ki, mən dağ uşağıyam, bura döyüşməyə gəlmişəm. Biz döyüşə girəndə bir də baxdıq ki, Sahib özünü bizə çatdırıb. Mən ona dedim ki, yanımda getmə və kəlimeyi-şəhadətini de. Elə bil ürəyimə dammışdı, narahat idim. Yanımdakılar dedilər ki, bu nə sözdür deyirsən? Dedim, bu şəhid olacaq, mən bunu hiss edirəm. Əslində, sadəcə istəyirdim ki, o, geri dönsün, narahat idim. Bu döyüşdə bir rabitəçimizi ermənilər tutub pis günə qoymuşdular; onun dodaqlarını, dilini kəsmişdilər, düşmənə şifrələri verməyərək udmuşdu. Sahib də döyüşdə vuruldu, onu hospitala gətirdim. Son sözü bu oldu ki, mən bu hərbi hissədə bir qızı sevirdim, onunla evlənmək istəyirdim... Onu mən öz əllərimlə yudum... (yenə də hönkürür).

Mən sonra o qıza onun sözlərini çatdırdım, çox pis oldu. Bu, çox faciəvi idi.

Yazın, oxucularımız fikir versinlər, onun şəklini çəkmişəm, meytinin üstündə ata-anası durub baxır. Onu biz Şuşada morqa qoymuşduq, orada vəziyyət ağır idi. Meyiti aparacağmız tək yol vardı, o yol da ermənilərin aramsız atəşi altında idi. Komandirimizdən icazə aldım ki, qorxmuram, izn verin, mən aparım onu. Qısası, iki qaxlı əsgər verdilər mənə. Şəhidi evinə aparmaq istəyəndə bizə dedilər ki, burda Moskvanın iki jurnalisti var “Trud” qəzetindən, onları da Laçına qədər apara bilərəmmi? Gəldik həmən vurulan tək yoldan keçəndə ermənilər bizi qradla atəşə tutdular. Mərmi maşnımızın yanına düşdü. Dalğanın təsirindən jurnalistlərdən birinin başı tabuta çırpılmışdı. Rusca deyinməyə başladı ki, bizi öldürəcəklər, bu mənə lazım idi, mən burda nə edirəm axı? Onlara dedim ki, görürsüz, bu əclaflar bizi öz torpagımızda vururlar.

Şəhidimizi ailəsinə təhvil verəndə anası dedi ki, bu onun oğlu ola bilməz:

- Onu görsəm, inanacam.

Məcbur olub, meyitin üzünü açdım ki, baxsınlar.

***

Buna bənzər bir dəhşətli hadisə də baş vermişdi. Şəhidimizin anası oğlunun öldüyünə inanmadıgı üçün onun qəbrini açdırıb anasına göstərmişdim. Samir adında bir komandir Ağdamda döyüşdə şəhid olmuşdu. Onu əsgərlər gətirib Bakıya. Anası özündən getdiyi üçün daha gözləməyib, şəhidimizi Şəhidlər Xiyabanında dəfn etmişdilər. Anası özünə gələndə dedi ki, oğlum ölməyib, o, Ağdamda döyüşdədir, mən onu axtarmağa gedirəm. Ananın doğurdan dəli olma həddində olduğunu görüb çox çətinliklə də olsa qəbri açdırdım. O səhnə dəhşətli idi! Qəbirə kimsə qorxusundan düşə bilmədi, mən düşdüm və gözlərimə inanmadım. İnanın, qəbri də özü kimi çox gözəl idi. Ölümündən 45 gün keçməsinə baxmayaraq, zərrəcə çürüməmişdi. O, saçını ortadan ayırardı – bir tükü belə tərpənməmişdi, tər-təmiz idi. Anası oğlunu görüb tanıdı, inandı və Ağdama getmədi. Amma havalandı, dəli oldu. Arvad hələ də oğlu ilə danışırdı: - Oğlum, ehtiyatlı ol, səni vurarlar.

Elə bilirdi ki, oğlu ölməyib. Məzardakı qoxu mənim burnumdan getmirdi. 2 ay heç nə yeyə bilmədim. Sonralar biz Tərtər rayonunda çoxlu sayda ermənini məhv etdik. Bütün batalyonlar birləşib böyük hücum əməliyyatları keçirdik, bir neçə kəndi düşməndən azad etdik. Mən bu əməliyyatlarda bir ermənini tutdum, diri-diri yandırdım. Sizcə, açılmış qəbirdə o mənzərəni, onun anasının düşdüyü dəli halı görən adam necə olmalıydı? Təkcə Samirin yox, Şuşada yandırılan Namiqin intiqamını da alırdım. Onun üstünə benzini tökdüm, ona “Qarabağ kimindir?” - dedim. “Qarabağ bizimdir, - dedi, - bizim də olacaq”. Mən də od vurub yandırdım onu. Qarabağ deyə-deyə yandı əclaf.

“Qaqa” deyirdilər mənə

- Cəvahir xanım, siz o qədər kişinin içində iki nəfər xanım döyüçü idiniz, bu sizin üçün çətin deyildi ki?

- Çox yaxşı sualdır. Bilirsiz, hər şey insanın özündən asılıdır. Özünü kimə qarşı necə aparırsansa, sənə qarşı da elə münasibət göstərir. Mən bilirdim orda kimə arxalana bilərəm, kimə arxamı dayayıb yata bilərəm. Ona görə də bir problem olmurdu. Əslində, bütün heyət bizə qarşı çox yaxşı davranırdı. Mənə kişi kimi baxırdılar, “qaqa” deyirdilər mənə.

- Bəs savaş yolu nə vaxt başa çatdı?

- İki dəfə yaralanandan sonra nəhayət, kontuziya aldıgım üçün 1996-cı ildə Ordudan tərxis oldum. Amma mən yaralananda yaralandığıma dair sənədi almadım. Geri döndükdən sonra döyüşdüyüm üçün heç bir manat da hökumətimizdən pul almamışam, almıram da. Yalnız sivil həyatda təqaüdə çıxdığıma görə 130 manat pul alıram. İnanın, bir həftədir bir sənədi almaq üçün məni süründürlər. Daha nə deyim, Vətən sag olsun, millətim yaşasın, Qarabağ geri alınsın ki, biz də öləndə rahat ölək, gözümüz arxada qalmasın. Mən Vətəni sevirəm, mən türkəm və bunla fəxr edirəm: yaşasın Azərbaycan xalqı...

Nihad Cəbrayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm