Təşkilatçı: “Azərbaycanda bu iki sənətçiyə tələbat var” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Təşkilatçı: “Azərbaycanda bu iki sənətçiyə tələbat var” - FOTOLAR

Təxminən on il öncə Azərbaycanda müğənnilər arasında iki şey dəb idi – klip çəkdirmək və konsert vermək.

Heydər Əliyev adına Respublika Sarayında konsert verməyə imkanı olmayan sənətçilər isə daha çox Şəhriyar adına Mədəniyyət Mərkəzinə üz tuturlar. İndi nə konsert verən var, nə də konsertə gedən. Amma bunu müqabilində ölkəmizə hər il ən azı 10-15 xarici sənətçi gəlir və onların konsertləri anşlaqla keçir. Bütün bunların səbəbini öyrənmək üçün Publika.az təşkilatçı-prodüser Aygün Budaqovanın fikirlərini öyrənib.

- Aygün xanım, əvvəlcə özünüz barədə məlumat verərdiniz. İxtisasınız nədir?

- 1999-2003-cü illərdə Mədəniyyət və İncəsənət Universitetini rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Ondan sonra Biləcəridəki Mədəniyyət Evində, Bakıxanov qəsəbəsində Adil İsgəndərov adına Mədəniyyət evində rejissor kimi fəaliyyət göstərmişəm. Ardınca öz teatrımı yaratdım. Bir neçə uğurlu tamaşalarımız oldu. “Ər və arvad” tamaşasını isə xüsusilə fərqləndirərdim. Sonradan yer probleminə görə teatrın fəaliyyətində müəyyən fasilələr yarandı. Ondan əvvəl isə “Kəpəz” televiziyasında aparıcı kimi fəaliyyətim olub.

- Bəs niyə birdən-birə təşkilatçı olmaq qərarına gəldiniz?

- Əslində, beynimdə təşkilatçı olmaq fikri yox idi. Bir nəfər tanış adam mənə dedi ki, təşkilatçılıq səndə alınar. Çünki doğrudan da təşkilatçı kimi işə başlamazdan əvvəl də belə məsələlər məndə alınırdı. Ondan sonra rayon icra hakimiyyətləri ilə birgə müxtəlif tədbirlərin təşkilinə başladıq. İndiyədək bir çox müğənnilər, əsasən də gənclər konsertlərinin təşkil olunmasıyla bağlı təkliflər ediblər, amma istəməmişəm. Daha çox xeyriyyə konsertlərinin təşkili ilə məşğulam.

- Rejissor, teleaparıcı və təşkilatçı - bunlardan hansı sizə daha yaxındır?

- Təbii ki, ixtisasca rejissoram. Amma təşkilatçılığı və teleaparıcılığı da lazımınca bacarıram. Bu yaxınlarda iki telekanaldan aparıcılıq təklifi gəlib. Hələlik, telekanalın adını açıqlamaq istəmirəm. Hazırda dövlət tədbirlərinin təşkili ilə məşğulam.

- Nə üçün bizdə böyük konsertlər olmur?

- Bu, müğənnilərdən asılı məsələdir. Çünki onlara tələbat yoxdur.

- Bəs xaricilər?

- Onlar xaricidir, adları üstündədir.

- Sizcə, Azərbaycanın hansı müğənnisi konsert versə, tamaşaçı gedib kassadan bilet alıb, öz xoşuyla o konsertə gedər?

- İndiki halda ağlıma ancaq iki ad gəlir – Aygün Kazımova və Röya Ayxan. Çoxları “mənəm-mənəm” deyirlər. Amma ortada bir şey yoxdur. Hamısı toyu güdürlər. Amma bu iki nəfərdən başqa Elnur Məmmədova, Sevil-Sevinc bacılarına və Faiq Ağayevə də tələbat var.

- İxtisasca rejissorsunuz və Azərbaycanda bu qədər seriallar çəkilir. Nə əcəb, özünüzü bu sahədə sınamırsınız?

- Bir neçə il öncə belə bir təklif olmuşdu. Sadəcə, övladım balaca idi deyə alınmadı.

- Sizcə, bir konsertdən təşkilatçının gəliri nə qədər olmalıdır?

- 20 min manat.

- Bəs müğənninin?

- Ondan bir qədər çox.

- Deməli, vəziyyət aydınlaşır. Sənətçi aylarla məşq edib bir konsertdən 20-30 min manat gəlir götürməkdənsə, hər toydan 10-12 min manat qazanmağı üstün tutur.

- Sizin dediyiniz qiymətlər yalan söhbətdir. Yalandan 10-12 min deyirlər, amma ondan üç-dörd dəfə aşağı qiymətə gedirlər. Ancaq elə müğənni də var ki, burada 7-8 minə toya gedir, Rusiyaya toya 30 minə çağırırlar.

- Sizcə, əvvəlki konsertləri bərpa etmək üçün nə çatışmır?

- Bu barədə dəqiq nəsə demək olmaz. Amma mənim fikrimcə, sənətçilər çox əlçatan olublar. Tamaşaçı sənətçini şou proqramda, toyda, banketdə görürsə, konsertinə gəlmək istəmir. Bilir ki, yenə həmin repertuar, həmin performansdır. Bizim müğənnilərin bir bəlası da öz üzərilərində işləməyə meylli olmamalarıdır. Səhnənin səhnə geyimi olmalıdır. Amma bunlar bəzən səhnəyə ev geyimi ilə çıxırlar.

- Adətən, təşkilatçılar kişilər olurlar. Bir, qadın üçün bu iş çətin deyilmi?

- Təbii ki, çox çətindir. Amma bu məsələlərdə həyat yoldaşım mənə dəstək olur.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm