NATO-nun Qarabağ yanaşmasının gizli pərdəarxası: Bakını nə gözləyir? – Təhlil
Bizi izləyin

Nida.az

NATO-nun Qarabağ yanaşmasının gizli pərdəarxası: Bakını nə gözləyir? – Təhlil

NATO-nun baş katibi Yens Stoltenberqin bu günlərdə Qarabağ açıqlaması geosiyasi proseslər fonunda diqqət çəkir. Çünki Şimal Alyansı belə münaqişələrlə bağlı çox nadir hallarda mövqe bildirir. Baş katibin özü NATO-nun münaqişənin həllində birbaşa rolunu istisna edib. O, sadəcə olaraq, Minsk qrupunu dəstəklədiklərini bildirib.


İki versiya: NATO nədən Qarabağa toxundu?


Stoltenberqin Qarabağ açıqlamasının iki mənası ola bilər. Hər iki məna bir-biri ilə paralel şəkildə özünü büruzə verir.
Birincisi, cənab Yens Şimal Alyansına yeni rəhbərlik edir və bu üzdən də özünü bir növ bölgəyə tanıtmaq niyyəti güdür. Bu, fərdin siyasi fəaliyyəti baxımından normaldır.
İkincisi, bu, Şimal Alyansının geosiyasi maraqlarından irəli gəlir. Rusiya ilə qarşıdurma fonunda Moskvanın bütün təsir imkanlarının əlində saxladığı münaqişə haqda açıqlama vermək ümumi savaş müstəvisində daha bir gediş etmək deməkdir. NATO bununla "diqqətimiz sizdədir" deyə münaqişə tərəflərinə yumşaq mesaj göndərir.


“Qafqazda görünmək lazımdır və NATO Qarabağla bağlı münasibət sərgiləyir”


Rusiyalı politoloq Vladimir Yevseyev Stoltenberqin Qarabağ açıqlamasını Şimal Alyansının bütün dünyaya diqqət ayırdığını göstərmək cəhdi kimi qiymətləndirir: “Əgər Antarktidada görünmək lazımdırsa, NATO bunu edərdi. Hazırda Qafqazda görünmək lazımdır və NATO Qarabağla bağlı münasibət sərgiləyir. Həqiqətən də Şimal Alyansının münaqişəyə təsiri yoxdur. Baş katibin bu haqda dedikləri doğrudur. Lakin praktiki cəhətdən NATO sülhməramlılarının Qarabağda iştirakı mümkün olmadığı üçün alyans Minsk qrupunu dəstəklədiyini bəyan edir. Eyni şey Baltikyanı və ya Polşada olsaydı, başqa cür olardı”.

Politoloq NATO-nun başqa işlərlə məşğul olmasının daha vacib olduğunu deyib. Onun sözlərinə görə, İŞİD-lə mübarizə aparmaq Şimal Alyansına daha çox sərf edər: “Amma Qarabağ münaqişəsinin nizama salınmasında birbaşa iştirak heç nə vəd etmir”.


“Şimal Alyansının Cənubi Qafqazda öz maraqları var”


Siyasi şərhçi Andrey Petrov isə bu açıqlamanı NATO-nun regionda maraqları ilə əlaqələndirib. Onun sözlərinə görə, Şimal Alyansının Cənubi Qafqazda öz maraqları var: “Bu gün NATO-nun əsas strategiyası Şərqə doğru genişlənməkdir. Xüsusilə Rusiya sərhədlərinə doğru irəliləməyə cəhd edir. Post-sovet ölkələrindən yalnız Baltikyanı ölkələr NATO-ya üzv oldular, Ukrayna və Gürcüstanla hələlik sıx danışıqlar aparılır. Lakin NATO-nun nizamnaməsində Cənubi Qafqaza daxil olmağa mane olan bir müddəa var. Bu, ərazi münaqişəsi olan ölkələrin üzvlüyə qəbul edilməməsidir. Məhz buna görə, NATO Azərbaycanı, Gürcüstanı və Ermənistanı sıralarına daxil edə bilmir”.


Ekspertə görə, Stoltenberqin Qarabağ açıqlaması NATO-nun Qafqaza gəlmək üçün yenidən niyyətləndiyindən xəbər verir: “Bura Rusiya ilə birbaşa sərhədlərə malikdir. Qərbin son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi fəallıq da bundan irəli gəlir. Yəni Qərb təkcə diplomatik yox, həm də hərbi-siyasi istiqamətdə hərəkəti gücləndirib. Misal üçün, Uelsdə keçirilən NATO sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək təsadüfi deyildi”.


“İtirilmiş ada”: Qərb kimi qazanmaq istəyir?


Burda diqqətçəkən xüsusi bir məqam var. Söhbət Cənubi Qafqaz regionunda münaqişə tərəfləri olan Bakı və İrəvanın xarici siyasət oriyentasiyasından gedir. Ermənistan Avrasiya İttifaqının üzvü olmaqla Moskvanı seçdi. Eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi hərbi istiqamətini də ortaya qoyub. Deməli, Qərb üçün Ermənistan “itirilmiş ada” kimidir. Azərbaycansa heç bir hərbi-siyasi ittifaqda təmsil olunmadan balans siyasətini aparır. Lakin Qərbdə yaxşı anlayırlar ki, Bakının hansı tərəfdə olması yalnız Qarabağ münaqişəsinin ədalətli həllindən sonra müəyyənləşə bilər.


Rusiyalı ekspert Petrov da Qərbin Dağlıq Qarabağ münaqişəsini beynəlxalq prinsiplər çərçivəsində həll etmək niyyətində olduğunu düşünür. Onun sözlərinə görə, bu, Azərbaycanın xeyrinədir.


“Bu, təsadüfi deyil. Çünki Bakı tarazlaşdırılmış siyasət aparır və heç bir hərbi-siyasi ittifaqda təmsil olunmaq niyyətində olmadığını açıqlayıb. Yalnız münaqişə həll olunandan sonra Bakının öz tərəfini bəlli edəcəyi gözlənilir. Beləliklə, Azərbaycanın Şimal Alyansına daxil olması perspektivi görünür. Ermənistan isə artıq Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının üzvüdür. 2015-ci ilin ilk ayından Avrasiya İttifaqında fəaliyyətə başlayacaq. Yəni Qərb İrəvandan əlini üzüb. NATO isə bu “poker” oyununu oynamaqda israrlıdır. Onsuz da Ermənistan itirilib. Buna görə də Azərbaycanı əldən vermək istəmirlər”, - deyə rusiyalı politoloq vurğulayıb.


Şimal Alyansından Bakıya daha bir dəstək


Bu aradan NATO Parlament Assambleyasının Niderlandın Haaqa şəhərində keçirilən 60-cı payız sessiyasında qəbul olunan “NATO tərəfdaşlarına təminat və dəstək” adlı qətnaməyə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən maddənin əlavə edilməsi də diqqətlərdən yayınmadı. Azərbaycan nümayəndə heyətinin məlumatlarına görə, assambleyada ermənilər qətnaməyə “azlıqların öz müqəddəratını həll etməsi” ilə bağlı maddənin əlavə edilməsinə çalışsalar da, nəticə Bakının xeyrinə olub.
Bu, NATO-nun Uels sammitində ərazi bütövlüyünü dəstəkləyən qətnaməsindən sonra son iki ayda ikinci belə qətnaməsidir. Deməli, Qərb hərəkətə keçib və münaqişəni Bakının xeyrinə, daha dəqiq desək beynəlxalq hüquq çərçivəsində həllinə çalışır.


“Qərb öz müqəddəratını təyin etmə prinsipinin səhv yol olduğunu anlayır”


Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında bu proseslərin Qərb-Rusiya qarşıdurmasında baş verdiyini və Azərbaycanın dövlət maraqlarına uyğun olduğunu deyib: “NATO PA-nın qəbul etdiyi qətnamələrdə ermənilərin öz müqəddəratını təyin etmə prinsipini gündəmə gətirməsinə baxmayaraq, ərazi bütövlüyünü dəstəkləməsi müsbət haldır. Bu mövqe Ukrayna hadisələrindən sonra ortaya çıxdı. Krımda referendum keçirildi və Rusiyaya birləşdirildi. Xalqların öz müqəddəratını təyin etmə prinsipi və bütün post-sovet məkanında dondurulmuş münaqişələr Rusiyanın xeyrinədir. Bunu Qərb artıq anlayır. Bunun fonunda Şotland sindromu baş verdi. Orda keçirilən referendum və Şotlandiyanın Böyük Britaniyadan ayrılmaması Qərbin işi idi. Eyni proseslər İspaniyada katalonların ayrılmaq istəklərində də baş verdi. Yəni ATƏT xalqların öz müqəddəratını təyin etmə prinsipini dəstəkləsə də, Qərb bunun səhv yol olduğunu anlayır və buna görə də ərazi bütövlüyü prinsipini önə çəkir”.


“Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi artıq qəbul edilib”
Lakin politoloq Dağlıq Qarabağ münaqişəsinin Qərbin istədiyi kimi həll olunmasında Rusiya faktorunun maneə olduğunu bildirib. Onun sözlərinə görə, Moskvanın orbitində olan İrəvan müstəqil siyasət apara bilmir.


“Amma Qərb hərəkətə keçib. Fikir verin, regionda proseslər paralel şəkildə aparılır. Bir tərəfdən, Rusiya zəiflədilir, digər tərəfdən münaqişələrin həlli istiqamətində addımlar atılır. Azərbaycan və Ermənistan prezidentləri Uels və Parisdə görüşdü. Bunun davamı yenə olacaq. Buna paralel olaraq son vaxtlar Türkiyə ilə Ermənistanın münasibətlərinin tənzimlənməsi ilə bağlı çağırışlar var. Bu çağırışlar Ermənistanın Rusiya monopoliyasından çıxarılmasına hesablanıb. Ermənistan da bu istəklər var. Amma İrəvan rejimi bunu edəcəyi təqdirdə dövlət çevrilişi ilə qarşılaşacağını anlayır”, - deyə o bildirib.


N. Miri bir məsələdən də əmin olduğunu açıqlayıb. Onun sözlərinə görə, Qərbdə Dağlıq Qarabağ münaqişəsinin Ermənistana müəyyən statuslar verilməklə ərazi bütövlüyü çərçivəsində həlli prinsipi artıq qəbul edilib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm