Yol polisinin sürücülərə qarşı yeni oyunu üzə çıxdı - ŞOK ƏMƏL
Bizi izləyin

Qırmızı.az

Yol polisinin sürücülərə qarşı yeni oyunu üzə çıxdı - ŞOK ƏMƏL

Tanışlarını piyada keçidlərinə «gözətçi» qoyan DYP əməkdaşları yol verməyənləri bu yolla cərimələyir.

Son vaxtlar Avtosfer.az saytına DYP əməkdaşlarının fəaliyyəti ilə bağlı maraqlı xəbərlər daxil olmaqdadır. Bildirilir ki, bəzi DYP əməkdaşları piyada keçidlərində piyadaya yol verməyən sürücüləri «ilişdirmək» üçün maraqlı üsula əl atırlar. Əslində bu barədə bir neçə ay əvvəl də məlumat almışdıq. Sadəcə inanmamışdıq. O vaxt gənc müğənni Yaşar Cəlilov bildirmişdi ki, Nəsimi rayonu ərazisində – «Köhnə dəyirman»ın yaxınlığındakı piyada keçidinin yanında həmişə bir nəfər dayanır. Həmin şəxs elə mövqe seçir ki, guya yolun kənarında dayanıb kimisə gözləyir. Lakin maşınlar keçidə yaxınlaşanda qəflətən ayağını zebranın (piyada keçidinin) üstünə ataraq sürücülərə və özünə təhlükə yaradır. Amma iş bununla bitmir. Bir qədər irəlidə dayanan DYP əməkdaşları dərhal həmin sürücülərdən bir neçəsini saxlayıb cərimə yazırlar ki, filan yerdə piyadaya yol verməmisən, 50 manat cəriməsi var. Yaşar Cəlilov deyir ki, bu hadisə onun başına gəlib. Amma paytaxtın başqa yerlərində də belə hallar var: «Bir dəfə də atamı eyni qaydada cərimələyiblər. Mənə zəng edib deyəndə o saat başa düşdüm ki, qurama işdir. Dəqiq xatırlamıram ora hansı küçədir, amma atam da bildirdi ki, piyada yol polisinin adamı idi, birlikdə «işləyir»lər».

Bu günlərdə isə məlumat aldıq ki, sən demə, yol polisində bu variantdan geniş istifadə olunur. Belə ki, eyni proses Ceyranbatanda da gedir. Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində piyada keçidi var. Burada həm də müşahidə kameraları və radar mövcuddur. Avtosfer.az-a məlumat verən sürücülər bildirirlər ki, həmin piyada keçidinin yaxınlığında iki piyada dayanır. Onlar burada tez-tez görünürlər. Elə ki maşınların sayı bir az çox oldu, həmin piyadalar qəflətən özlərini piyada keçidinin üstünə atıb yolu keçməyə başlayırlar. Bir qədər sonra eyni qaydada geri qayıdırlar: «Yəni, bura onların «iş yeri» dir. Heç kim heç nə başa düşmür, sürücülər yollarına davam edirlər. Amma Bakıya tərəf gedən sürücülər qarşıda «surpriz»lə qarşılaşırlar. Saray postunda həmin maşınları saxlayan yol polisləri bildirirlər ki, Ceyranbatanda piyadaya yol verməmisən. Hərəyə bir cərimə deyirlər - gah 50 manat, gah da 60 manat və 3 bal. Əksər hallarda sürücülərdən 50 manat tələb edirlər ki, cərimə yazmayaq, yazsaq, bal da düşəcək. Ona görə də, bəzi sürücülər bal yazılmasın deyə pul verib canlarını qurtarırlar».

Yeri gəlmişkən, Saray postu Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Ppatrul Xidməti Alayının tabeliyindədir. Alayın komandiri polkovnik Balakişi Əhmədovdur. Bu postdan tez-tez narazılıqlar olurdu. Amma daha bu qədər «unikal» əməliyyat heç kimin ağlına gəlməzdi. Görünür, Balakişi Əhmədovun işçiləri bunun üçün xeyli «baş sındırıb». Lakin çox hörmətli polkovnik öz işçilərinə təlimat verməyi unudub ki, xüsusi texniki vasitətələr tərəfindən qeydə alınmış qayda pozuntusuna görə sürücünü yolda saxlamaq qadağandır. Postda sürücünü saxlayıb “filan yerdə kamera çəkib, piyadaya yol verməmisən, cərimə yazacağıq” demək İnzibati Xətalar Məcəlləsinin 429-3-cü maddəsini kobud şəkildə pozmaqdır. Bu, qanunlara hörmətsizlikdir. Kamera çəkib, lap yaxşı. Göndər ünvanına, cəriməni öləsin. Həmin piyadanın DYP-nin adamı olduğunu qoyaq bir kənara, qayda pozuntusu kamera vasitəsilə qeydə alınıbsa, sürücünü sənədləşmə üçün saxlamaq qadağandır. Çünki həmin qayda pozuntusu Mərkəzi Məlumat Xilməti (MMX) tərəfindən qeydə alınır və dərhal sürücüyə heç kimin müdaxiləsi olmadan, əli dəymədən elektron protokol yazılır və ünvanına göndərilir. Saray postuna sürücünü saxlayıb sevinə-sevinə «filan yerdə qayda pozmusan» deyən yol polislərinin deyəsən, bu sistemdən xəbəri yoxdur. Əslində xəbəri olmaya bilməz. Çünki onların komandiri hər bir yenilik barədə işçilərinə məlumat verməlidir, təlimat keçməlidir. Amma görünür ya məlumat verilməyib, ya da təlimat düzgün oxunmayıb.

Bir daha qeyd edirik ki, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş qayda pozuntusuna görə sürücünü saxlamağa ehtiyac yoxdur. Çünki həmin kameralar qanuna əsasən, MMX-ya inteqrasiya olunub və hər bir qayda pozuntusu üzrə elektron protokol tərtib olunur. Bir halda ki, kamera çəkəcəkdisə, yol polisi də yolda sürücünü yenidən saxlayacaqdısa, o zaman bu kameralar, bu sistem nəyə lazım idi?

Amma Ceyranbatanda qeydə alınan qayda pozuntusuna görə Saray postunda sürücünü saxlayıb hansısa formada «cəzalandırıb» yola salırlarsa, burada başqa müəmma da ola bilər. Bəlkə həmin qayda pozuntusunu qeydə alan kamera MMX-ya inteqrasiya olunmayıb? Əgər belədirsə, bu da çox ciddi qanun pozuntusudur, çünki İnzibati Xətalar Məcəlləsinin 391.1-1-ci maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin DYP-nin mərkəzi informasiya sisteminə (MMX-ya) inteqrasiya olunmasını birmənalı təsbit edir. İnteqrasiya olsaydı, sürücülərin ünvanına məktub gələrdi. Amma gəlmir. Saray postunda sürücüləri saxlayıb «cərimələyəndən» sonra «Yaxşı yol, narahat olma, siləcəyik» deyib yola salırlarsa, deməli, burada Balakişi Əhmədovun işçilərinin qeyri-adi ixtirası var. Bu və digər ixtiralar barədə növbəti yazılarımızda məlumat verəcəyik. Həm də biləcəksiniz ki, yollardakı bəzi radarlar MMX-ya inteqrasiya olunmayıb. Həmin radarlar da Balakişi Əhmədovun komandiri olduğu Alaya aiddir. Məsələn, DYP əməkdaşı sizi mağistral yolda saxlayıb «filan yerdə radara düşmüsünüz» deyir, siz «ünvana göndərin» deyib yolunuza davam etmək istəyirsiniz. Sizi saxlayan əməkdaş isə təkidlə bunu yerində həll etməyin zəruriliyini, hətta faydalılığını deyir. Sizcə, niyə? Tezliklə, Avtosfer.az saytında bu sualın cavabını biləcəksiniz.

Piyada keçidində polislə “iş birliyi” edənlərə isə ehtiyatlı olmalarını tövsiyə edirik. Axı intizamsız sürücülər çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm