I Pyotrun təxribatı - ermənilərdən bufer zonası yaradılsın – ARAŞDIRMA
Bizi izləyin

Gizli tarix

I Pyotrun təxribatı - ermənilərdən bufer zonası yaradılsın – ARAŞDIRMA

Publika.az istedadlı tədqiqatçı Adgözəl Məmmədovun "Osmanlının çöküşünə Rusiyadan baxış" kitabını hissə-hissə oxuculara təqdim edir:

Əvvəli bu linkdə:

http://publika.az/p/52889

http://publika.az/p/53121

1711-ci il Prut müqaviləsi ilə Rusiyanın İstanbuldakı elçiliyi ləğv olunurdu.

Bu müqavilə beynəlxalq aləmdə Osmanlı dövlətinin mövqeyinin möhkəmlənməsinə səbəb oldu. Lakin Rusiyanın cənuba doğru irəliləmə siyasəti Osmanlı imperiyasını hər an narahat edirdi. Rusiya Dərbəndi ələ kecirəndən sonra 1722-ci ilin oktyabrında Hacı Davud, Krım xanı ilə eyni hüquqi əsaslarla Osmanlı təbəəliyinə qəbul olundu. 1723-cü ilin yazında rusların Gürcüstana hərbi yürüşü başladı. Bakı işğal olundu, ruslar Gəncə, sonra isə İrəvan və Naxçıvan istiqamətində hücuma keçdilər. 1724-cü ilin mayında Xoy qalası tutuldu. Osmanlı imperiyası ilə Rusiya arasında müharibə artıq qaçılmaz idi. Lakin Fransanın diplomatik vasitəçiliyi ilə 1724-cü il iyunun 12-də tərəflər arasında İstanbulda müqavilə imzalandı.

Müqavilə preambula, 6 maddə və nəticədən ibarət idi. Preambulada müqavilənin rezident Neplyuyev və Böyük vəzir İbrahim Paşa arasında İranda yalançı Mahmudun peyda olması, İran vilayətlərinin bu və ya digər dövlətin sərhədlərinə aidiyyəti üzrə Rusiya və Osmanlı imperiyasına birləşdirilməsinə Rusiya sarayı ilə Sultan sarayının razılığı əsasında imzalanması göstərilir. Osmanlı tərəfi öz narahatlığını Mir Mahmudun Səfəvilərin paytaxtı İsfahanı tutub Şah Sultan Hüseyni həbs etməsi və imperiyanın sərhəd torpaqlarını tutmaq üçün onun qoşun göndərməsi, Rusiyanın isə Dərbənd və Bakını tutması baxımından əsaslandırırdı. Preambulada daha sonra qeyd edilir ki, (ədəbiyyat siyahısında - 1, səh.79 ) "Qəzvin və Təbriz diyarlarında özünü Şah Hüseynin oğlu Təhmasib adlandıran bir kimsə peyda olub ki, Çar həzrətləri onunla müqavilələrində Şirvandakı Bakı və Dərbənd sərhədlərinin, Xəzər boyundakı Gilan, Mazandaran və Astrabad vilayətlərinin Çarın hakimiyyətində olması qərarlaşdırılmışdı. Həmin Çar da qarşılıqlı olaraq Təhmasibə söz verib ki, onun öz taxtına çıxması üçün qoşunla kömək edəcək, Mir Mahmudu qovacaq, Osmanlı sarayına müraciət edəcək ki, bu işə öz təsirini göstərsin, əvəzində İran əyalətlərinin bir hissəsini Osmanlı dövlətinə versin. Bunun üçün də öz vəkilini İvan Neplyuyevi təyin etmişdir. Bundan başqa Fransa sarayından Osmanlı sarayında səfir olan Markiz de Bonak vəkil edilmişdir. Beləliklə, tərəflər arasında aşağıdakı maddələrdən ibarət qərar qəbul edilmişdir. I maddəyə görə, Hacı Davudun Osmanlı imperiyası himayəsinə keçməsi və onun hakim təyin olunduğu Şamaxı xanlığının sərhədləri təsdiq olunurdu. Rusiya, Türkiyə və Səfəvi dövlətlərinin sərhədlərinin birləşdiyi Kür və Araz çaylarının qovuşduğu bölgədə türklərə və ruslara sərhəddən üçsaatlıq məsafədən yaxın olmamaq və mütləq bir-birini xəbərdar etməklə hərbi istehkamlar və qarnizonlara malik olmaq hüququ verilirdi. Sərhədlərin hüdudlandırılması üçün tərəflər komissarlar ayırmalı, onlar Fransanın iştirakı ilə bu işi yerinə yetirməli idi. Qoyulmuş sərhəd nişanı Şirvan əyalətinin hansı hissəsinin Osmanlı sarayına aid olduğunu bildirməli idi. Həmin nişandan Xəzər dənizinə qədər olan torpaqlar çarın tabeliyində olmalı idi. Həmin nişandan bir saatlıq yolla, Kür və Arazın yaxınlaşdığı yerə qədər çəkilən xətt sərhəd kimi qəbul olunacaq, dənizə yaxın hissə çara, daxilə doğru hissə isə Osmanlı Sarayına tabe olacaq. Kür və Araz çaylarının yaxınlaşdığı yerdən cənub hissə Səfəvi dövlətinə aid olacaq. Bu üç sərhədin qovuşduğu yerdə Osmanlı Sarayı qala tikdirib qarnizon saxlaya bilərdi. Çarın da belə bir qala tikdirməsi mümkün idi. Ancaq bu qalalar sərhəddən üç saatlıq məsafədə tikilməli idi. II maddədə bildirilirdi ki, yuxarıda göstərildiyi kimi, Şirvan vilayətində Osmanlı imperiyasına keçən torpaqlar xüsusi xanlıq sayıldığından, Şamaxı xanın iqamətgahıdır. Şəhər hərbi cəhətdən möhkəmləndirilməməli, burada xanın tabeçilikdən imtina etməsi və əhali arasında qarışıqlıq halları istisna olmaqla türk qarnizonu yerləşdirilməməli idi. Bu cür hallarda da rus qoşunlarının komandanlığı xəbərdar edilməli, türk qarnizonunun Şamaxıya daxil olmasını zəruri edən şərtlər aradan qalxan kimi onlar son nəfərədək şəhəri tərk etməli idilər. III maddə Osmanlı imperiyasına keçən torpaqların, о cümlədən Azərbaycan torpraqlarının – Ordubad, Təbriz, Mərənd, Marağa, Urmiya, Xoy, Səlmas, İrəvan və b. adları sadalanır. Rusiya və Osmanlı imperiyaları arasında sədd çəkmək məqsədilə həmin dövlətlərin müqavilə ilə müəyyən olunan sərhədləri arasındakı ərazi Səfəvi dövlətinə verilirdi. IV maddə ilə Rusiya Təhmasiblə müqavilədə olduğundan III artikulda göstərilən ərazilərin Osmanlı imperiyasına güzəşt edilməsi üçün üzərinə öhdəlik götürürdü. V maddədə qeyd olunurdu ki, III artikulda göstərilən torpaqlar Osmanlı imperiyasına güzəşt edildikdən sonra Osmanlı imperiyası Təhmasibi Səfəvi şahı kimi tanımalı, Rusiya ilə birgə Səfəvi dövlətini və onun paytaxtı İsfahanı azad etməyə kömək etməlidir. Belə olan surətdə Mir Mahmud tərəfindən Osmanlı dövlətinə qarşı hər hansı bir düşmən hərəkəti olsa, onun üstünə qeyd-şərtsiz qoşun göndərilməli, ordu tamam sabitlik yaradılanadək işini görməli idi. VI maddəyə görə, Təhmasib Rusiyanın mediasiyası (vasitəçiliyi) ilə torpaqları Osmanlı imperiyasına güzəştə getməsəydi, Rusiya və Osmanlı imperiyaları paylarına düşən torpaqları hakimiyyəti altına almalı, sonra Təhmasibi devirib taxta müvafiq şəxsi gətirməli idi. Nəticədə müqaviləni imzalayan tərəflərə keçən torpaqların onların əbədi hakimiyyətində qalmasından, sülh və dostluğun möhkəmləndirilməsindən və s. bəhs olunurdu".

Müqavilə III Sultan Əhməd (1703-1730) tərəfindən 1725-ci il yanvarın 13-də ratifikasiya olundu. Rusiya Xəzərsahili torpaqları əldə etdikdən sonra I Pyotr bu yerlərdə möhkəmlənmək üçün müxtəlif vasitələrə əl atırdı. Bu vasitələrdən biri də xristian əhalinin ərazidə yerləşdirilməsi idi. Burada I Pyotr erməniləri bu ərazilərə köçürülməsini qarşıya məqsəd kimi qoyur. Onun 1724-cü il 10 noyabr fərmanı buna bariz sübutdur. İlk əvvəl I Pyotrun Xəzərsahili torpaqları işğal edənə qədər rusların ermənilərlə əməkdaşlıqları simvolik səciyyə daşısa da, işğalın gedişi zamanı isə sıx əməkdaşlığa çevrildi. I Pyotra ermənilərin yaxınlaşmasında İsrail Ori (1658-1711), onun ölümündən sonra isə Minas Vardapet mühüm rol oynaydı. I Pyotrun 1724-cü il noyabrın 10-da erməni xalqına əlahəzrət fərmanı (Высочайшая грамота) və onunla bağlı digər sənədlər (Высочайшие указы) belə bir şəraitdə verilmişdi. Lakin I Pyotrun varisləri dövründə ermənilərin işğal edəcəkləri qədim türk yurdları İrəvan və Qarabağ xanlıqlarında yerləşdirilməsinə üstünlük veriləcəkdi. Bu da Türk dünyası ilə Osmanlı arasında bufer zonası kimi məqsədə xidmət edəcəkdi. İstanbul müqaviləsindən sonra I Pyotr işğal olunmuş Xəzərsahili torpaqlarda ermənilərin məskunlaşdırılmasına daha çox əhəmiyyət verirdi. I Pyotr sentyabrın 24-də İstanbul müqaviləsindən sonra ratifikasiyaların mübadiləsi üçün İstanbula ezam etdiyi Aleksandr Rumyantsevə öz əlilə yazdığı təlimatda gürcü və ermənilərin vəziyyəti və gücünü müəyyənləşdirməyi tapşırmışdı. 1724-cü il 10 noyabr tarixli reskriptdə isə I Pyotr bilavasitə ermənilərin işğal olunmuş torpaqlara köçürülməsindən bəhs edir (ədəbiyyat siyahısında -1, səh.94 ):

ERMƏNİ XALQI ADINA ALİ FƏRMAN "1724 ci il noyabr ayının 10-cu gunu, onun imperator əla həzrətlərinin fərmanı ilə, xarici işlər dövlət Kolleqiyasından imperator Alihəzrətlərin iki fərmanı hər iki gucə malik olan erməni xalqına aşagı məzmununda, bu əla həzrətlərin dərkənarı ilə protokola yuxarıda qeyd olunan tarixə təsadüf edir.

Allahın mərhəməti ilə biz Birinci Pyotr, imperator və ümumrusiya hökmdarı və ilaxır .

Vicdanlı patriarx İsayaya, və düzgün yüzbaşılara Avana və Mirzəyə və qeyrətli yüzbaşılara və müdirlərə bütün erməni xalqına bizim imperator rəhmimiz və təbriklərimiz.

Bizim bu mərhəmətli fərmanı ilə sizə elan edirəm ki, siz bizə keşiş Antonio və Kehya Çelebi ilə qöndərdiyiniz xəbəri aldıq və onlar şifahi niyyətləriniz haqqında bizə bildirdlər. Bizim imperator proteksiyasına qəbul olunmaq üçün göstəriş verdim ki, sizin evlərinizlə və familiyalarinızla gələcəkdə təzə aldığımız fars əyalətlərində sizə rahat yaşamaq üçün bütün Xəzər dənizi boyu, torpaqlar versinlər, orada xristian dininə öz qanunuzla heç nədən çəkinmədən ibadət edə bilərsiniz. Biz xristianlıq naminə erməni xalqının mərhəmətlə hörmətini saxlayırıq, bundan ötrü öz tərəfimizdən bizim mudirlərə lazım olan fərmanlar göndərdik ki, onlar sizə fars əyalətlərində - Gilan, Mazandaranda, eləcə də Bakıda əlverişli yerlər ayırsınlar, sizləri nəinki ora gələn kimi qəbul etsinlər, hətta yaşamaq uçun əlverişli torpaqları nişan versinlər və sizə hərtərəfli mərhəmətli göstərsinlər. Sizi inandırmaq uçun bu imperator fərmanını göndəririk və hətta yuxarıda qeyd olunan adamları geri qaytardıq ki, onlar sizə bu fərmanı şifahi çatdırsınlar.

Kansler qraf Qolovkin, Andrey Osterman, Ober sekretar Yuryev Fyedor Protopopov.

Bu protokoldan fərmanlar ikitərəfli Aleksandriya kağız vərəqələrində, surəti erməni dilində tikilmişdir və imzasız ermənilərin əlinə verilmiş, böyuk dövlət mohürü vurumuşdur.

Qeyd: Bu fərman Aleksandriya kağızının bir vərəqində, poçt kağızın yarısından çox kəsilmiş və bağlayaraq qızıl möhurlə böyuk dövlət möhurüylə vurulmuşdur. İki fəman yazılmış və onlar keşiş Antoniona və Kehya Çelebiyə, digəri Semyon Popova və keşiş Pyotra verilmişdir.

İmperator ali həzrətləri bu məktubu imzalamağı lazım bilmədi. Eləcə kansler qol çəkmədi və imzasız verildi".

Sonradan hakimiyyəti ələ almış Nadir Şah 1735-ci ildə bir güllə belə atmadan ruslarla Gəncə muqaviləsini bağladı. Dərbəndin 200 km-dən üzü cənuba tərəf bütün torpaqlar əfşarların ixtiyarına kecdi. Burada Osmanlı imperiyası ilə yeni müharibəyə hazırlaşan ruslar Nadir Şahın Osmanlıya yaxınlaşmasının qarşısını almaq üçün diplomatik manevrlər edirdilər və onu Osmanlıya qarşı yönəldirdilər. Gəncədə Osmanlı qarnizonu vardı. Bunu nəzərə alan ruslar Nadirin qüvvələrini onlara qarşı yönəltdi. İyunun 8-də baş verən döyüşdə Osmanlı döyüşçüləri məğlub oldu. Nadir bu qələbələrdən sonra döyüş istiqamətini Şirvan və Dağıstana yönəltdi. Noyabrın 21-də Nadirin qoşunları Dərbəndə yaxınlaşdı.

Nadir bu istiqamətdə də qələbə əldə etdikdən sonra 1736-cı ilin martında Muğana gəldi və Kür və Araz çayının qovuşduğu yerdə Cavad şəhərində (müəllifin böyüyüb-başa catdığı indiki Cavad kəndi – A.M.) özünü yeni Əfşarlar imperiyasının banisi elan edərək tacqoyma mərasimi keçirdi.

Bu hadisələrdən sonra Osmanlının zəiflədiyini görən Rusiya Osmanlıya qarşı (1735-1739-cu illər) müharibəyə başladı. İngiltərə Nadir Şahla Osmanlı dövləti arasında ziddiyyətlərin başa çatmasına, bu dövlətlərin Rusiyaya qarşı birliyinə nail olmağa çalışırdı. 1736-cı ilin sentyabrında Əfşarlar dövləti ilə Osmanlı dövləti arasında müqavilə imzalandı. Müqaviləyə görə, Cənubi Qafqazdakı torpaqlar Nadirə qaytarılırdı. 1733-cü il Bağdad sülhünün şərtləri tanınırdı. Lakin bu müqavilə Osmanlı dövləti tərəfindən ratifikasiya olunmadı.

Osmanlı imperiyasının cənubunda, Ərəbistanda isə yeni əmələ gəlmiş qüvvələr mərkəzi hakimiyyətin əleyhinə çıxış edir və bu torpaqlarda öz hakimiyyətlərini qurmaq istəyirdilər. Ümumiyyətlə, köçərilərin (bədəvi) oturaq əhaliyə çevrilməsi prosesi Ərəbistanda daima baş verirdi. Özü də bu zaman tayfa və oturaq əhali ilə qarşılıqlı münasibət formalarında, həyat tərzində və məişətində müxtəlif davranışlarda artıq bunları müşahidə etmək mümkün idi. Tayfa və birliklərin qüdrətli şeyxləri vahələrə və vahə qruplarına nəzarət etmək iqtidarında idilər. Lakin bu zaman elə də olurdu ki, tayfa rəhbərliyi bədəvi həyat tərzini qoruyub saxlayır və əksəriyyət etibarilə köçəri şeyx kimi qalırdılar.

Q. Filbi bildirirdi ki, artıq XVIII əsrin əvvəllərində Əd-Diriyə rejimi (vahə ərazisi – A.M.) nəinki Nəcddə, həmçinin bütün Ərəbistanda hökm-fərman olmaqda iddialı idi.1

Əslində, o dövrdə Əd-Diriyə daxili dayanıqsızlıq, qarışıqlıq və hakim zadəganlıq içində hakimiyyət uğrunda mübarizə dövründən çıxırdı. Bir-birinin ardınca qətllər və satqınlıqlar baş verməkdə idi. Bu vəziyyət, nəhayət, ikinci onillikdə səudlar sülaləsinin əsasını qoyan Səud ibn Məhəm-məd ibn Mikrin vahə əmiri seçilməsinədək davam etdi. Səudlar öz şəcərəsini Mərkəzi və Şimali Ərəbistanın ən çoxsaylı və qüdrətli tayfası – unazalara 2 bağlayırlar.

1725-ci ilin iyununda Səud ibn Məhəmməd ibn Mikrin öldü və onun vəfatından sonra vahəyə başçılıq uğrunda bir neçə rəqib qızğın şəkildə çalışmağa başladılar.3

Nəcdin digər bir hissəsində Ayaynın hakimləri qonşularla – Mənfuhə və Sədiklə, eləcə də ətrafdakı bədəvi tayfaları ilə müharibə aparmaqda idilər. Hərbi əməliyyatlar yerli əhəmiyyətli reydlərdən o yana getmirdi. 1725-26-cı ildə vəba epidemiyası Ayaynı boş qoydu.4 Ona dəymiş zərbə o qədər ağır oldu ki, bu şəhər uzun illər ərzində Mərkəzi Nəcddə üstünlük uğrunda mübarizədən imtina etdi.

Əd-Diriyədə hakimiyyətə gəlmiş Zeyd bundan istifadə etdi, növbəti il adamsızlaşmış vahəyə qarşı çıxışa başladı. Ayayn əmiri Məhəmməd ibn Müəmmər ona tabe olmağa hazır olduğunu bildirdi, amma diriyəliləri aldadaraq evinə çağırdı, Zeydi öldürdü. Məhəmməd ibn Səud bir qrup əsgərlə xilas ola bildi. Sonradan Əd-Diriyənin əmiri də elə o oldu.

O dövr Osmanlı imperiyasında rəsmi məzhəb dörd məktəbdən ən çeviki sayılan hənifəlik idi, baxmayaraq ki, digər ortodoksal təriqətlər də tanınırdı. Bütün bunlarla bərabər Osmanlı imperiyasında islamın bütün çalarları dinc yanaşı mövcudiyyətini sürürdü.

Burada dini sistemin tam şəkildə tərtibi XV-XVI əsrlərə aiddir. Osmanlı sultanı özünə xəlifə, yəni bütün müsəlmanların rəhbəri titulunu götürərək, bununla öz nüfuzunu möhkəmləndirdi.

Ruhanilər (üləmalar) imperiya əhalisinin ən nüfuzlu qruplarından biri idi. Ruhani ierarxiyasının başında İstanbul müftisi – vəzifəcə baş vəzir səviyyəsində olan şeyxülislam dururdu. Onun ardınca iki qazi-əsgər, sonra da digər ali ruhanilər gəlirdi. Osmanlının ruhani liderləri hüquqi və inzibati işlərə nəzarəti həyata keçirən yerli qazilərin və dindarların iman məsələlərini diqqətdə saxlayan, sənətkar və tacir birliklərinə göz qoyan mühtəsiblərin təsdiqi sistemi vasitəsilə nəzarətdə saxlamağa cəhd göstərirdi.

Adgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm