“Sənin arvadın fahişədir, oğlun isə xərçəng xəstəliyindən öləcək” – Bekhemlərin həyat hekayəsi
Bizi izləyin

Bilgi.az

“Sənin arvadın fahişədir, oğlun isə xərçəng xəstəliyindən öləcək” – Bekhemlərin həyat hekayəsi

"Sevimli sərçəciyim, - o, həyəcandan titrəyən səslə dedi, - sən bu həyatda olan ən qiymətli varlıqsan. Səni itirə biləcəyimi təsəvvür edəndə..."

Sözlər ağzından çətinliklə çıxırdı. Devid növbəti cümləsini tələffüz etmək üçün dərindən nəfəs aldı: "Viktoriya, mənim arvadım ol". Cavab gəlmədi. Otağı səssizlik bürüdü. Sükutu yalnız Bekhemin dərindən alıb-verdiyi nəfəs pozurdu. Əslində isə o, otel otağında tək dayanmışdı. Əlini yanağına aparıb göz yaşlarını sildi...

Devid qızın hər bir baxış və hərəkətini xatırlayırdı. O, təbəssümlü dodaqlardan çıxan sözləri də yaxşı xatırlayırdı. Viktoriya zərifcəsinə başını yana çevirərək gözünün üstünə düşən telini kənara ataraq civiltili səslə deyirdi: "Mən rəfiqəmə bax beləcə də dedim. Əgər futbolçuların şortu 5 dyüm qısa olsaydı və onlar corablarını dizə kimi çəkməsəydilər, mən çoxdan futbol azarkeşi olardım".

Bir dəqiqə bundan əvvəl Viktoriya "güllə" kimi geyinib-soyunma otağına girib özünü Bekhemə təqdim etdi: "Viktoriya". İndi isə o, dayanmadan danışır və ağır matçdan sonra "Mançester Yunayted" oyunçularının üzünə gülümsəyərək gözünə düşən telini başı ilə kənara atırdı. Bekhem üçün Viktoriya hər zaman mənasız şeylərə sevinən, bir yerdə dura bilməyib atılıb-düşən quşcuğazı xatırladırdı. Devid Viktoriyaya çaşqınlıq və heyrət içində baxırdı. Viktoriyanın optimizmi, tükənməyən enerjisi, dəliqanlı hərəkətləri Devidi heyrətə gətirirdi.

1997-ci ilin fevral ayı idi. Həmin günü Bekhemin futbol komandası "Çelsi" üzərində zəfər qazanmışdı. Qələbədən sonra belə stadionda əyləşmiş azarkeşlər dayanmadan düz 20 dəqiqə sevimli komandasının oyunçularını alqışladılar. Axı Devidin rəqib qapısına göndərdiyi top saatda 43 saniyə sürətlə uçmuşdu. Bu, əslində Devidin zəfəri idi. O günü Devid həyatının unudulmaz günü yaşayırdı. Vurduğu qola görə yox, onun həyatına Viktoriya Adamsın daxil olduğuna görə...

Viktoriyanı futbol matçına "Spice Girls" qrupundan olan rəfiqəsi Mel Bi gətimişdi. Viktoriya getmək istəmirdi. "Gedib mağazaları gəzib alış-veriş etmək, 1 topun dalınca qaçan 11 kişiyə baxmaqdan 100 dəfə yaxşıdır". Lakin Mel Bi futbol komandasının azarkeşi idi və matça getməyə israrlı idi. "Görərsən, xoşuna gələcək", - Mel Bi rəfiqəsini evdən çölə çıxarmaq üçün dilə tuturdu. Rəfiqəsi ona həyatının ən maraqlı səhnəsini görəcəyinə söz verdi. Viktoriyanı maraq bürüdü. Əlbəttə, onu hər dəfə futbol arenasına çıxan və alqışlarla qarşılanan sarışın futbolçu matçdan daha çox maraqlandırmağa başladı. "Matç bitdikdən sonra gedib onunla tanış olarıq", - Viktoriya yalnız bu şərt altında futbol matçına getməyə qərar verdi. Sözsüz ki, Mel Bi və Viktoriya Adams sarışın futbolçu kimi tanıdıqları adam Devid Bekhem idi.

İki rəfiqə stadiondan "Mançester Yunayted" və "Çelsi" komandasının görüşməsini izləyirdilər. Mel Bi sevimli komandası üçün qışqırır və möhkəm fit çalmaqla ona dəstək olurdu. Viktoriya isə, sanki, göylərdə idi. O deyirdi:

- Əşşi, oyunun necə keçməsi vecimə də deyil. Sən bir onun arxasına bax. Buna görə onu sevməyə dəyər.

Matçdan sonra Mel Bi menecerlərdən birini dilə tutub, onları futbolçuların yanına aparmağı xahiş etdi. Bekhem isə görüşə hazır deyildi. O, dərhal əyin-başını qaydaya salır, alnındakı təri silir və üzünə təbəssüm verməyə çalışırdı. Devid bir qədər utancaq və məyus idi. Lakin bir şeyə əmin oldu: Viktoriya onun xoşuna gəlirdi.

Qız yaxınlaşaraq onu yeməyə dəvət etdi. Bunu deyən Viktoriya arxasınca səhər buludu kimi yüngül bir ətir qoyub getdi. Devidin komanda yoldaşları isə ona alqışla dəstək olub, çiyninə vurdular: "Hə qardaş, sən tilova keçdin". Devidin nə dərəcədə "tilova" keçməsi sonralar məlum olacaqdı.

"Qəribədir, sənin bu maykanın arxasında nömrə yoxdur", - onlar bir həftədən sonra balaca bir kafedə görüşəndə Viktoriya zarafatla dedi. Həmin günü Bekhem bütün yumor hissini ortaya qoyub, qızı ələ almağa çalışırdı. Bundan əlavə, Bekhem və qızın tam fərqli planetdən olması hissini özündən uzaqlaşdıra bilmirdi. Devid və Viki deyir-gülür, fərqli dünyagörüşlərini bölüşürdülər. Lakin onların arasında, sanki, qalın bir şüşə vardı. Bekhem ona baxır və nə vaxtsa Viktoriyaya toxuna biləcəyini ağlına belə gətirə bilmirdi...

Onlara Böyük Britaniyada müqəddəs insanlar kimi hörmət edirlər. Bununla belə, Devid ulduz həyatına öyrəşə bilmirdi. Bəli, Devid hər hansı bir dizaynlı əşyaya pul xərcləyirdi. Futbolçu hətta matçdan sonra onu izləyən paparazzilərə də öyrəşmişdi. Lakin indi onun şəxsi həyatına müdaxilə olunmağa başlanmışdı. Viktoriya üçün bütün bunlar adi hal idi. O, uşaqlıqdan var-dövlət içində böyümüşdü. Viktoriyanın atası ilə yeganə mübahisəsi onu hər gün məktəbə aparıb gətirən "Rolls-Roys" avtomobili üstündə idi. Məktəb yoldaşları Vikini "şahzadə" deməklə qıcıqlandırırdılar. Axı bir vaxtlar onun atası Bukingem sarayında bağban işləyərdi, indi isə evə sürücülü maşınla gedib-gəlir. Hər halda, Viktoriya elə erkən vaxtlarından pulu sağa-sola xərcləməyi öyrəndi. Bütün imkanlı butiklərin satıcıları Viktoriyanı tanıyırdı. Alış-veriş Viktoriyanın gündəlik məşğuliyyətinə çevrilmişdi. Lakin Viktoriya darıxırdı. O, jurnalda qızlardan ibarət qrupun yaradılması üçün müsabiqənin keçirilməsindən xəbər tutdu. Özünə güzgüdə baxaraq "Niyə də risk etməyim?" - dedi. Ya onun geyimi prodüserə xoş gəldi, ya da şəhərdə Viktoriyadan başqa namizəd tapılmadığı üçün onu qrupa daxil etdilər...

Viktoriya Adams karyerasının zirvəsinə qalxıb, ata evini böyük bir geyim butikinə çevirdiyi vaxt Devidin yeganə ehtirası futbol idi. Devidin atası qaz avadanlıqlar mühəndisi idi və boş vaxtlarında oğlunun məşqlərini izləməklə məşğul olurdu. Bekhem bütün gücünü futbola qoymuşdu və o, Böyük Britaniyanın ən gənc futbolçusu hesab olunurdu. Futbolçu olmaq və "Mançester Yunayted" komandasının heyətində oynamaq istəyinə çatar-çatmaz Bekhemin həyatına daha bir arzu daxil olur: Viktoriya. Viktoriyanı onunla bağlayan heç nə yox idi, bu isə onların bir yerdə olacağını şübhə altına alırdı. Tezliklə gənclər nişanlanması haqda xəbər yaydılar.

Viktoriya və Devid cütlüyünü sevənlər və onlara nifrət edənlərin qütbü yarandı. Devidin Viktoriyaya bağışladığı dəyəri 300 min dollar olan brilyant üzüyə, toy günü Viktoriyanın başına qoyduğu qızıl taca, onların xoşbəxt ailəsinə, uğurlu nikahdan doğulan 2 oğluna görə bu cütlüyə nifrət edirdilər. Elə bu səbəblərə görə də onları sevirdilər.

Viktoriya və Devid Los-Ancelesə köçdü. Viki, həmişəki kimi, bütün enerji ilə yeni albom üzərində çalışırdı. Viktoriya səhər tezdən durub səsyazma studiyasına yollandı. Saat yarımdan sonra Devid yuxudan ayılıb, oğlu Brukilinin otağına keçdi. Dayə gələnə qədər oğlunu yuxudan oyadıb birlikdə televizora baxdılar, səhər yeməyini yedilər və futbol oynadılar. Bu vaxt Devid şəhərə gəlib ona zəng edən dostuna görüşməyə söz verdi. Gödəkçəsini çiyninə atıb görüş üçün restorana yollandı. Dostlar əl verib görüşən kimi Devidin mobil telefonuna zəng gəldi. Xətdə Viktoriya idi. O qışqırırdı:

"Ay səni, it oğlu it, sən mənimlə necə belə edə bilərdin? Mənimlə və uşaqla! Elə hesab edirsən ki, evdə çox vaxt keçirirsən, ona görə də Bruklini dayənin üstündə qoyub, özün harasa cəhənnəm ola bilərsən?!"

Devid arvadını sakitləşdirə bilmirdi. Yarım dəqiqə qışqırıb bağırdıqdan sonra Viktoriya dəstəyi asdı. Bekhem dostunun yanında utandığını gizləməyə çalışırdı. O, dərhal yoldaşı ilə vidalaşıb evə üz tutdu. Evdə yalnız dayə idi. Onun sözlərinə görə, Viktoriya körpəni də götürərək anasıgilə getmişdi. Bütün gecəni Devid səylə Viktoriyaya zəng edir, lakin ya telefon məşğul göstərir, ya da söndürülmüş olurdu. Səhəri gün isə onun əlinə qəzetlərin yeni buraxılışı keçdi. Bütün qəzetlərdə belə bir başlıq vardı: "Bekhem ailəsini futbola dəyişdi", "Viktoriya boşanır".

Devid qayınanasının evinə getdi, Viktoriya anasının otağında uzanıb ağlayırdı. Devid göz tuşu üzünə yayılan, ağlamaqdan gözləri şişən Viktoriyanı qucaqladı. Viktoriya pıçıldadı: "Bağışla məni. Mən sənin qarşında çox günahkaram. Söz verirəm, düzələcəm".

Gecə vaxtı zəng gəldi. Viktoriya hər iki oğlunu yatmağa apardığından telefon dəstəyini Devid qaldırmalı oldu. "Bağışlayın, cənab, sizi Skotlend-Yarddan narahat edirlər. Siz təcili olaraq bizə yaxınlaşmalısınız. Çox təcili işdir"- dəstəkdəki səs çox ciddi təsir bağışlayırdı. O, polis məntəqəsinə yarım saata çatdı. Devid içəri "Nəyə görə məni isti yorğan-döşəkdən ayağa qaldırmışınız?" - ifadəsi ilə daxil oldu. Növbəti saatlarda polislə danışdığı müddətdə Devid, bir kəlmə də olsun, heç nə demədi. Sadəcə qulaq asırdı, kürəyini tər basır, əlləri əsirdi. Bütün deyilənlər ona qorxulu filmləri xatırladırdı. Bir az da keçsə, o, huşunu itirə bilərdi. Polis məntəqəsindən çıxanda Devid güclə ayaq üstə dayanırdı. Onun ağlında polislərin dedikləri ifadələr fırlanırdı: "Alban qruplaşması", "Sizin arvad və uşaqlarını oğurlamağa çalışırdı", "Girov pulu 7 milyon dollar", "Xoşbəxtlikdən cinayətin üstü açıldı". Onun gözləri önündə Viktoriya və oğlanlarına yuxu dərmanı verilib evdən oğurlanması, onların zirzəmidə saxlanılması səhnələri və telefonda yalvarıcı səslə ağlayan Viktoriya canlandı.

Səhəri gün Devid evində təhlükəsizlik tədbirlərini gücləndirməyə başladı. Viktoriyanın suallarına qısaca olaraq belə deyirdi: "Əzizim, inan mənə, belə lazımdır". O, öz evini alınmaz qalaya çevirməyə başladı. Devid qəzəbli azarkeşlərdən aldığı məktublardakı kəlmələri xatırladı: "Sənin arvadın fahişədir, oğlun isə xərçəng xəstəliyindən öləcək". İndi isə Devid dünyada onun üçün ən dəyərli olan insanları qoruya bilməyəcəyindən qorxurdu. O, hər şeyinin əlindən alınmasına razıdır, təki ailəsinə toxunmasınlar.

Devid 3 gün sonra arvadına zəng edib onu özünün sınaq məşqinə dəvət etdi. Bu zaman Devid Viktoriyanı nə qədər çox sevdiyini bir daha anladı. O, gənclik illərini xatırladı. Elə buradaca, geyinib-soyunma otağında bir neçə il bundan qabaq o, Viktoriyanın əllərini tutaraq demişdi: "Sevimli sərçəciyim mənim. Sən mənim üçün bu həyatda olan ən qiymətli varlıqsan. Səni itirə biləcəyimi təsəvvür edəndə..." Sözlər ağızdan çətinliklə çıxmışdı. O, özünü toplayıb demişdi: "Viktoriya Adams, mənim arvadım ol". Viktoriyanın gözləri yaşarmış, qız onun qarşısında diz çöküb Devidin boynunu qucaqlamışdı: "Hə, əzizim. Razıyam"...

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm